· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"Təhsil və karyera" sərgisinə həsr olunmuş mətbuat konfransı

 

Sentyabrın 9-da "Trend" İnformasiya Agentliyinin zalında 3-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi. Konfransda təhsil naziri Misir Mərdanov iştirak edirdi. Mətbuat konfransının açılışından sonra "İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov rəhbərlik etdiyi müəssisənin gördüyü işlər barədə qısa məlumat verərək təşkilatçısı olduqları tədbirlərə göstərdikləri maraq və diqqətə görə təhsil naziri Misir Mərdanova və mətbuat nümayəndələrinə minnətdarlığını bildirdi. Sonra "Təhsil və Karyera" sərgisinin meneceri Xəyal Əliyeva sərginin təşkili ilə bağlı məlumat verdi.

Təhsil naziri Misir Mərdanov mətbuat konfransında sərgi haqqında məlumat verərək bildirdi ki, bu il sərgi öz meydançasında dünyanın 12 ölkəsindən 53 təşkilatı, şirkəti bir araya gətirəcək; bu isə ötənilki iştirakçıların sayından 25 faiz çoxdur. ümumilikdə, ekspozisiya sahəsi 30 faiz artmışdır. Bu il çoxlu sayda yeni təşkilatların sərgidə iştirak etməsi də sevindirici haldır - onlar ümumilikdə iştirakçıların 50 faizini təşkil edirlər. Belə ki, sözügedən sərgidə Azərbaycan təhsil sistemini Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisadi Universiteti, "Azərbaycan" Universiteti, Azərbaycan Diplomatik Akademiyası və digərləri təmsil edəcəklər. Bu ilin debütantları kimi ölkənin kənd təsərrüfatı sektorunda mütəxəssislər hazırlayan yeganə təhsil müəssisəsi - Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə), habelə Bakı Peşə Liseyi təmsil olunacaqlar. Sərgidə ilk dəfə olaraq qeyri-hökumət gənclər təşkilatları və birlikləri də iştirak edəcəklər.

Nazir qeyd etdi ki, sərgi orta və ali təhsil, xaricdə təcrübə və iş, ixtisasın artırılması üzrə dil kursları və treninqlər, işəgötürmə, təhsil ədəbiyyatı və təhsil sahəsində informasiya texnologiyaları kimi bölmələri təqdim edəcək. "Təhsil və karyera - 2009" sərgisinin ekspozisiyasına yeni sektorlar əlavə olunacaq. İlk dəfə olaraq sərgidə orta məktəb müəssisələri üçün məktəbli forması, eləcə də orta məktəbə hazırlıq proqramları və testlər təqdim edən məktəbəqədər təhsil sektoru nümayiş etdiriləcək. Xaricdə təhsil sektoru əvvəlki sərginin tendensiyasını davam etdirərək İsveçrə, Böyük Britaniya, Almaniya, Türkiyə, İtaliya, Rusiya, çexiya, Macarıstan və digər ölkələrdən olan Avropa təhsil müəssisələrini geniş şəkildə təqdim edəcək. Belarusun Təhsil Nazirliyi öz stendində ölkəsinin dörd dövlət universitetinin ekspozisiyasını birləşdirəcək.

Builki sərginin fərqli məqamlarından biri də karyera sektorunun geniş ekspozisiyası olacaq. Bu ekspozisiyaya xaricdə ali təhsil müəssisələrini bitirmiş gənclərin işlə təmin olunması proqramlarını təqdim edən Böyük Britaniya təşkilatları, ABŞ Ali Biznes Məktəbi və digər təşkilatların iştirakı daxil olacaq. İlk dəfə olaraq "Təhsil və karyera" sərgisində İsveçrə tərəfindən mehmanxana işinin idarəolunması üzrə ali məktəb təqdim olunacaq. Hazırda əlavə peşəkar bacarıqların əldə edilməsi imkanını təmin edən şirkətlərin rolu artmaqdadır. Bununla əlaqədar ilk dəfə olaraq sərgidə bugünkü əmək bazarının müasir tələblərinə uyğunlaşmaq üçün konsaltinq, treninq və seminarlar təklif edən şirkət iştirak edəcək.

Nazirin bildirdiyinə görə, bu ilki sərginin daha bir fərqli məqamı burada fəal, işgüzar, intellektual və əyləncəli proqramın olmasıdır. üç gün ərzində onlayn rejimində tədris proqramları, treninqlər, kurslar keçiriləcək. Aparıcı mütəxəssislər tərəfindən "Təqdimat bacarıqları" mövzusuna həsr olunmuş təkmilləşdirmə məşğələləri təşkil olunacaq. Sərgi çərçivəsində bədii təfəkkürü və yaradıcılığı inkişaf etdirən yapon intellektual oyunları və tapmacaları üzrə müsabiqə də keçiriləcək. Müsabiqənin nəticələrinə əsasən mükafatlar təqdim olunacaq.

çıxışdan məlum oldu ki, sərgi təşkilatçıları "Uşaq ili"nə həsr olunmuş tədbirlər planını gerçəkləşdirməklə "Təhsil və karyera" sərgisində uşaq evləri və internatlar üçün kitab yığımı üzrə "Kitab hədiyyə et!" adlı xeyriyyə aksiyası da keçirəcəklər.

İşəgötürən, təhsil müəssisələri və gənclər arasında dialoqun inkişafı üçün platforma yaratmaq - Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin əsas məqsədidir. Sözügedən sərgi regionda gənclərin yerli və beynəlxalq təhsilin inkişafı haqqında məlumatlandırılmasına yönəlmiş oxşar tədbirlər ilə müqayisədə ən iri tədbir sayılır. Belə ki, sərgi mədəni mübadilə proqramları, Azərbaycanda və xaricdə təhsil və iş imkanları haqqında hərtərəfli məlumat təqdim edəcək və hansı ixtisaslara daha çox tələbatın olduğunu öyrənməyə imkan verəcək.

Mətbuat konfransının sonunda təhsil naziri Misir Mərdanov jurnalistləri maraqlandıran suallara cavab verdi.

 

 

 

 

 

Beynəlxalq sərginin açılışı

 

Sentyabrın 10-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində 3-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışı oldu. Açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayıb keçirilən tədbirin mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, sərgidə əvvəlkilərdən fərqli olaraq orta və texniki peşə məktəblərinin nümayəndələri də iştirak edir. "Təhsil və karyera" sərgisinə olan marağın beynəlxalq səviyyədə inkişaf etdirilməsinin vacibliyinə toxunan nazir Azərbaycanda fəaliyyət göstərən təhsil ocaqlarının sərgidə daha fəal iştirak etmələrini arzuladı. Sonra Gənclər və İdman Nazirliyinin, Ticarət və Sənaye Palatasının və "İteca Caspian" şirkətinin nümayəndələri və digərləri çıxış edərək sərginin işinə uğurlar arzuladılar.

Sonra sərgiyə baxış keçirildi. Sərgidə iştirak edən təhsil müəssisələrinin nümayəndələri iştirakçılara geniş məlumat verdilər.

 

Fazil İDRİSOĞLU,

foto müəllifindir