|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Ənənələrin davamçısı
Azərbaycanda ağırlıqqaldırma idmanının yaxşı ənənələri var. Bu ənənələr öz başlanğıcını 1946-cı ildən götürür. Həmin il respublikamızın idman tarixində özünə layiqli yer etmiş Əhməd Məmmədoğlu ən yüngül çəkidə dünya rekordu qazanmışdır. Sonralar ənənələri davam etdirənlər arasında Vahid Nəzərov da olmuşdur. "Təhsil" Respublika İdman Mərkəzi Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin ağır atletika bölməsinin, eyni zamanda "Təhsil" Respublika İdman Mərkəzinin və milli yığma komandanın baş məşqçisi Nəzərov Vahid Əliş oğlu əmək fəaliyyətinə 1980-ci ildən məşqçi-müəllim kimi başlamışdır. İşlədiyi müddət ərzində ağır atletika idman növünün inkişaf etdirilməsində, yüksək dərəcəli idmançıların hazırlanmasında, o cümlədən həmin idman növü üzrə kadrların yetişdirilməsində xüsusi xidmətləri olmuşdur. Onun yetirmələri, eləcə də başçılıq etdiyi milli yığma komandanın üzvləri respublika, Avropa, dünya birincilik və çempionatlarında yüksək nəticələr göstərmiş, son 3 Yay Olimpiya Oyunlarında ardıcıl olaraq ölkəmizi layiqincə təmsil etmişlər. Yetirmələrindən Zahid Nəzərov 1998-ci ildə Avropa çempionu və Kubokunun sahibi olmuş, 1999-2000-ci illərdə Nizami Paşayev Avropa və dünya çempionatlarında I yeri tutmuşdur. Digər yetirmələrindən Asif Məlikov, İntiqam Zeynalov, Təranə Abbasova, Əfqan Bayramov Avropa və dünya çempionatlarında mükafatçılar Yay Olimpiya Oyunlarında 10 ən yaxşı idmançı sırasına düşə bilmişlər. Azərbaycanın müstəqilliyi dövründə ölkəyə ilk qızıl medal məhz Vahid Nəzərovun yetirməsi, 2000-ci ildə dünya çempionu olmuş Nizami Paşayev tərəfindən gətirilmişdir. O cümlədən Vahid Nəzərov 1996-cı ildən beynəlxalq dərəcəli hakim kimi bir çox mötəbər yarışlarda layiqincə hakimlik etmiş və gənc hakimlərin yetişdirilməsində mühüm rol oynamışdır. 1997-ci ildən Ağır Atletika Federasiyasının rəyasət heyətinin üzvüdür, I vitse-prezidentdir. 1980-ci ildən SSRİ idman ustasıdır, 1991-ci ildən respublikanın "Əməkdar məşqçisi"dir. Əmək fəaliyyətinə və əldə etdiyi yüksək idman nailiyyətlərinə görə Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif edilmiş, 2006-cı ildə "Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi" və ölkə Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adlarına layiq görülmüşdür. ömrünün 50 ildən yarısını sevimli idman növünə həsr edərək yetirmələrini, ölkəmizin yığma komandasını məsul yarışlara, o cümlədən dünya və Avropa çempionatlarına, olimpiya oyunlarına hazırlamış Vahid müəllim qazanılmış uğurlarla kifayətlənmək fikrində deyil. Hazırda o, Ağır Atletika Federasiyasının I vitse-prezidenti və yığma komandamızın məşqçisi kimi Azərbaycana daha böyük qələbələr qazandırmaq, yetirmələrini olimpiya oyunlarının qalib və mükafatçıları sırasında - fəxri kürsüdə görmək istəyir. Yaxşı arzudur.
Natiq MƏMMƏDOV, "Təhsil RİM"-nin yüksək idman ustalığı şöbəsinin rəisi
|