STEM təhsildə PHD-lərin sayı artır | |
Məlumdur ki, təhsil iqtisadi inkişafın açarıdır. Son illərin müşahidələri göstərir ki, innovasiyalara əsaslanan ali təhsil, xüsusən də fəlsəfə doktoru hazırlığı (PhD) olmadan MP3, GPS kimi müasir texnologiyalar heç vaxt mümkün olmazdı. Ölkələr milli ali təhsil sistemlərinə sərmayə qoyur və əvvəlki illərdən fərqli olaraq daha çox insan doktorluq elmi dərəcəsi alır. Ancaq sual belədir: hansı ölkədə daha çox doktorant var?
ABŞ bütün ölkələri geridə qoyub
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hazırladığı məruzəyə əsasən ABŞ-da Almaniya və onun yaxın rəqiblərindən 2 dəfə artıq fəlsəfə doktoru var. 2014-cü ildə ABŞ-da 67449 şəxs fəlsəfə doktoru elmi dərəcəsini alıb. Almaniyada bu rəqəm 28147 nəfər təşkil edir. Üçüncü sırada Böyük Britaniya gəlir. Böyük Britaniya sadəcə 25 020 PHD hazırlaya bilib. Dördüncü sırada 24300 nəfərlə Hindistan yerləşib. Yaponiya 16039 nəfərlə siyahıda 5-ci yerdə qərarlaşıb. Yaponiya ABŞ-da hazırlanan PhD məzunlarının dörddə birinə malikdir.
Altıncı və yeddinci yerləri müvafiq olaraq Fransa (13729) və Cənubi Koreya (12931) tutub. İspaniya və İtaliya səkkizinci və doqquzuncu yerləri tutmaqla müvafiq olaraq 10889 və 10678 nəfər doktorant hazırlayıblar. İlk 10-luqda sonuncu yer Avstraliyaya (8400 nəfər) məxsusdur.
Son 20 ildə dünyada PHD hazırlığı artıb
OECD-nin məlumatları göstərir ki, son 20 ildə bütün dünyada fəlsəfə doktoru hazırlığı artıb. Əksəriyyət ölkələr isə OECD-nin payına düşür. Məruzədə qeyd olunur ki, güclü inkişaf edən iqtisadiyyatlara malik ölkələr ali təhsil sahəsində öz imkanlarını genişləndiriblər. Bunu sıralamada 24300 fəlsəfə doktoru hazırlığına malik Hindistanın yüksək yer tutması da sübut edir.
Bəzi elm sahələri fəlsəfə doktorları arasında daha çox məşhurdur. Fəlsəfə doktoru sahəsində təsis olunan yeni elmi dərəcələrin təxminən 40 faizi STEM (elm, texnologiya, mühəndislik, riyaziyyat) elmlərinə aiddir və bu faiz yeni məzunların (səhiyyə sahəsində doktorluq dərəcələri də nəzərə alınmaqla) 58%-ni əhatə etməkdədir. Doktorluq proqramları xüsusilə Fransada (59%), Kanadada (55%) və Çində (55%) təbii elmlərə və texnikaya yönəldilib.
Məruzədə qeyd edilmiş başqa tendensiyalar arasında biliklərin qlobal iqtisadiyyatlar erasını açan rəqəmsallaşma və tədqiqatların beynəlmiləlləşdirilməsi də yer alıb.
Oruc MUSTAFAYEV
|
|
14.08.2019 | 15:36 | |
|
|
|