Klassik musiqi həvəskarları klubunun 10 illiyi qeyd olunub | |
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Klassik musiqi həvəskarları klubunun 10 illiyinə həsr olunmuş konsert-tamaşa nümayiş olunub. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova yubiley mərasimində Azərbaycan Bəstəkarlar İttifaqı ilə sıx əməkdaşlıq etdiklərini, onlarla birgə müxtəlif layihələr həyata keçirdiklərini söyləyib. Qeyd edib ki, muzey və yaradıcı təşkilatın həyata keçirdiyi “Azərbaycan bəstəkarlarının musiqisi gənc ifaçıların təqdimatında” layihəsi də birgə əməkdaşlığın bariz nümunəsidir. A.Bayramova deyib ki, klubun bugünkü yubiley tədbirində muzeyin klassik musiqi həvəskarlarının ifasında Əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasovun “Şən bahar” uşaq operası və “Düzgülər” kantatası təqdim ediləcək. Konsert-tamaşa sözügedən birgə layihə çərçivəsində Bakı şəhəri Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbi şagirdlərinin iştirakı ilə hazırlanıb. Sonra konsert-tamaşa nümayiş olunub. Əlvan rəngli milli geyimlər, milli bayram atributları, şən zarafatlar, gənc ifaçıların milli mədəniyyət və ənənələrimizin zənginliyindən doğan əhval-ruhiyyəsi izləyicilərə xoş ovqat bəxş edib.
Sifai SƏFƏROVA |
|
10.04.2018 | 16:18 | |
|
|
|