3 yaşlılar üçün "Ana məktəbləri"

Fransa prezidenti Emmanuel Makron Parisdə milli məktəb təhsili məsələləri üzrə  keçirilən görüşdə çıxış edərək bildirib  ki, 2019-cu ildən  ölkənin azyaşlı vətəndaşları  3 yaşdan  məcburi surətdə "Ana məktəbləri" adlandırılan uşaq bağçalarına daxil olmalıdırlar. Bu vaxta qədər isə Fransada bağçalarda təhsil  altı yaşlılar üçün məcburi idi.  Dövlət başçısı izah edib ki, valideynlərin əksəriyyətinin öz uşaqlarını könüllü surətdə qoyduğu  "ana məktəbləri"nə daxil olmaq bundan sonra  hamı  üçün məcburi olacaq.  "Ana məktəbi  Fransada bizim məktəb təhsilimizdə əsas mərhələdir, gələcəkdə isə bu sahə  daha da güclənəcək.  Bununla əlaqədar olaraq mən "ana məktəbi"ni məcburi etməyə və bununla da 2019-cu ilin payızından başlayaraq məktəblərə daxil olma  yaşını 6-dan 3-ə azaltmaq barədə  qərar qəbul etdim", - deyə E.Makron bildirib.  

 

İndiyə qədər Fransada məktəblərdə təlim  altı yaşdan 16 yaşa qədər bütün uşaqlar və yeniyetmələr üçün məcburi idi. Bu yaş çərçivəsi 1959-cu ildə müəyyən edilmişdi  və  o vaxtdan təhsilin bütün səviyyələrini əhatə etməklə  dəyişməz olaraq  qalırdı.  

 

"Ana məktəbləri" adlandırılan uşaq bağçaları Fransada 1881-ci ildən mövcuddur. Hazırda onlar iki yaşdan beş yaşa qədər olan uşaqları qəbul edirlər. Praktik olaraq bütün fransalı  məktəb yaşına çatmamış uşaqlar  uşaq bağçalarına gedirlər.
 

Oruc MUSTAFAYEV

 



28.03.2018 | 10:33