Professor-müəllim heyətinin tədris işi vaxtı norması necə müəyyənləşdirilir? - QƏRARDAN ÇIXARIŞ

Professor-müəllim heyətinin tədris işi vaxtı norması Elm və Təhsil Nazirliyinin Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli KQ-12 nömrəli "Ali təhsil müəssisələrində elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydalarının, professor-müəllim heyətinin tədris işi vaxtı normasının təsdiq edilməsi və “Orta ixtisas təhsili müəssisələrinin müəllim heyətinin tədris işi üçün vaxt normaları barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2004-cü il 16 aprel tarixli 325 nömrəli əmrinin ləğv edilməsi haqqında Qərarı ilə təsdiq edilib.
 

"Azərbaycan müəllimi" müvafiq qərara istinadla Azərbaycanın təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı normasını təqdim edir. 
 

Professor-müəllim heyətinin tədris işi vaxtı norması
 

Belə ki, qərara əsasən, professor-müəllim heyətinin ümumi tədris işinin həcmi müxtəlif fəaliyyət istiqamətləri (tədris prosesində birbaşa iştirak, tədris prosesinə hazırlıqla bağlı fəaliyyət, qiymətləndirmə, tələbələrə dəstək, elmi-metodiki və metodiki işlər, elmi tədqiqat fəaliyyəti, peşəkar inkişaf və s.) əsasında formalaşan tədris işinin aşağıdakı növlərindən asılı olaraq müəyyən edilir:
 
- qrup (yarımqrup, qrup birləşmə) dərsləri (mühazirə, seminar, praktik məşğələlər);
 
- laboratoriya işləri;
 
- fərdi dərslər (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələrin müəyyən xüsusi fənlər üzrə yaradılan və 1 tələbə ilə aparılan dərs növü);
 
- əməli dərslər (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələrin müəyyən xüsusi fənn (ifaçılıq fənləri (müxtəlif ansambllar, kvartet, müşayiət sinfi, xalq rəqs musiqisi və s.); partitura qiraəti, polifoniya, duet, gimnastika və s.) üzrə yaradılan və 2-6 tələbə ilə aparılan dərs növü);
 
- təhsil müəssisəsindən kənarda keçirilən tematik dərslər (müəyyən mövzu üzrə təhsil müəssisəsindən kənarda keçirilən dərs növü);
 
- imtahanqabağı məsləhətlər;
 
- tələbələrin ixtisas üzrə təcrübəsi;
 
- kurs layihələrinin (işlərinin), buraxılış işinin, dissertasiya işinin (magistratura və doktorantura səviyyələri üzrə) hazırlanması prosesi ilə bağlı işlər (rəhbərlik, məsləhətlərin və rəyin verilməsi və s.);
 
- cari və aralıq qiymətləndirmənin aparılması, yoxlama işlərinin keçirilməsi, imtahanların qəbulu və s.
 
Professor-müəllim heyətinə təhsil müəssisəsinin rəhbərinin qərarı ilə 1,5 ştat vahidi həcmində tədris yükü ayrıla bilər. Bundan əlavə onlar könüllü olaraq əməyin saathesabı ödənilməsi qaydasında tədris yükündən 250 saatdan çox olmamaqla əlavə dərs deyə bilərlər. Bu zaman mühazirə, seminar, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 60 faizindən az olmamalıdır.
 
Ali təhsil müəssisəsinin rəhbərinin qərarı ilə elmi uğurları və tədqiqat səriştəsi nəzərə alınaraq elmi tədqiqatlarla məşğul olan professor-müəllim heyətinin (əsas iş yeri həmin ali təhsil müəssisəsi olduqda) illik tədris yükü 40%-dək azaldıla bilər. Bu zaman həmin professor-müəllim heyətinin sayı ali təhsil müəssisəsinin professor-müəllim heyətinin ümumi sayının 5 faizindən çox ola bilməz.
 

Professor-müəllim heyətinin fərdi iş və illik işçi tədris planları
 

Professor-müəllim heyətinin hər tədris ili üçün fərdi iş planı və illik işçi tədris planı tərtib edilməlidir. İllik işçi tədris planı professor-müəllim heyətinin tədris etdiyi fənlərə, laboratoriya işlərinə və digər fəaliyyət növlərinə ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzrə tələbələrin sayını özündə əks etdirən sənəddir. Fərdi iş planına isə professor-müəllim heyətinin cari tədris ili üçün planlaşdırılmış tədris yükü (miqdarı saatla), elmi tədqiqat, elmi-metodiki və digər işləri daxil edilir.
 

Fərdi iş planı və illik işçi tədris planı kafedra müdiri (fənn birləşmə komissiyasının rəhbəri) tərəfindən tədris ilinin əvvəlində təsdiq edilir. Hər iki planın yerinə yetirilməsinə professor-müəllim heyətinin hər bir üzvi şəxsən cavabdehlik daşıyır. İllik işçi tədris planına işçinin razılığı əsasında kafedra müdirinin (fənn birləşmə komissiyasının rəhbərinin) qərarı ilə qış tətili müddətində dəyişiklik edilə bilər. Tədris ilinin sonunda professor-müəllim heyətinin hər bir üzvünün illik işçi tədris planında onun icrası haqqında müvafiq qeydlər aparılır.
 

 

 

“Professor-müəllim heyətinin

tədris işi vaxtı norması”na

Əlavə

Tədris işinin növləri

Tədris işi vaxtı norması

 

Qeyd

 

Auditoriya saatları

1

Qrup (yarımqrup, qrup birləşmə) dərsləri

1 akademik saat üçün 1 qrupa (qrup birləşməsinə)1 1 saat

 

2

Fərdi dərslər

1 akademik saat üçün 1 tələbəyə 1 saat

 

3

Əməli dərslər

1 akademik saat üçün 1 əməli qrupa 1 saat

 

4

Təhsil müəssisəsindən kənarda keçirilən tematik dərslər

1 akademik saat üçün 1 qrup (yarımqrup)1 üçün 1 saat

 

5

Laboratoriya işlərinin aparılması

1 akademik saat üçün 1 qrupa (yarımqrupa)1 1 saat

 

6

Tədris təcrübəsinə rəhbərlik, hesabatın yoxlanılması və qəbulu

1 iş həftəsinə hər qrup1 üçün 5-10 saat

 

7

Doktorantlara və dissertantlara rəhbərlik

1 doktorant (dissertant)2 üçün hər ilə 80 saat

 

8

Elmlər doktoruna rəhbərlik (elmi məsləhətçi)

1 doktorant2 üçün hər ilə 40 saat

 

 

Auditoriyadan kənar saatlar

1

Şifahi imtahanların qəbulu, yazılı imtahanların yoxlanılması (test vasitəsi ilə keçirilən imtahanlar istisna olmaqla)

1 tələbə üçün 15-20 dəqiqədən çox olmamaqla

təhsil müəssisəsinin ali idarəetmə orqanının qərarı əsasında ayrılır

2

İmtahan suallarının (o cümlədən testlərin) hazırlanması

Hər fənn üzrə hər müəllimə 5 saat

təhsil müəssisəsinin ali idarəetmə orqanının qərarı əsasında ayrılır, test imtahanları üçün sual bankını hazırlayan hər müəllimə,

eyni müəllim eyni fənni bir neçə qrupda tədris edirsə yalnız bir qrupa görə

3

Doktoranturaya qəbul zamanı ixtisas üzrə imtahanın və fəlsəfə doktoru imtahanlarının qəbulu

İmtahan qəbul edən hər müəllimə3 hər fənn üçün 1 nəfərə 1 saat

 

4

Buraxılış işinə rəhbərlik, məsləhət və rəy yazılması

Rəhbərə4 hər tələbəyə görə 20-30 saat.

 

5

Magistr dissertasiyasına (magistr yaradıcılıq işinin hazırlanmasına) rəhbərlik, məsləhət və rəy yazılması

Rəhbərə4 hər tələbəyə görə 40-60 saat (hər il üçün)

 

6

Magistratura səviyyəsində elmi-pedaqoji təcrübəyə rəhbərlik

Hər tələbə üçün 10 saat

 

7

Magistratura səviyyəsində elmi tədqiqat təcrübəsi5

Hər tələbə üçün 12 saat

 

8

İstehsalat və diplomqabağı təcrübəyə rəhbərlik, hesabatın yoxlanılması və qəbulu

Hər iş həftəsinə hər qrup1 üçün 3-5 saat

ezamiyyə tələb olunduqda ezamiyyə xərcləri təhsil müəssisəsi tərəfindən əlavə ödənilir

9

İmtahanqabağı məsləhətlərin aparılması

1 qrup (yarımqrup) üçün 1 saat

təhsil müəssisəsinin ali idarəetmə orqanının qərarına əsasən ayrılır

 

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.42-1-ci maddəsinə uyğun olaraq hazırlanıb. Təhsil müəssisəsinin professor-müəllim heyətinin tədris işi vaxtı norması tədris işinin həcmi və növü, tədris qruplarının fənlər üzrə formalaşdırılması xüsusiyyətləri, tədrisdə, elmi-metodiki və ya metodiki işdə iştirakı, tədrisin xüsusiyyəti, həmçinin bu və ya digər iş növünün daha səmərəli yerinə yetirilməsində onların fərdi bacarıqları, eləcə də təhsil alan kontingent (tələbələr, doktorantlar, dinləyicilər) nəzərə alınmaqla müəyyənləşdirilir.
 

Professor-müəllim heyətinin tədris yükünün tədris işi vaxtı normasından az və ya çox olmasına təhsil müəssisəsinin rəhbəri məsuliyyət daşıyır.


Vaqif FƏTULLAYEV


24.09.2024 | 12:21