Genetika üzrə tanınmış türkiyəli mütəxəssisin həkim və rezidentlər üçün təlimi | |
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının direktoru professor Mücahit Avcilin təşəbbüsü ilə genetika üzrə tanınmış türkiyəli mütəxəssis, professor Zeynep Ocak klinikanın həkimləri və rezidentləri üçün treninq keçib.
Son vaxtlarda genetik xəstəliklərin çoxalması və bu sahədə müəyyən məlumatsızlıq mövzunun aktuallığını bir daha gündəmə gətirib. Maarifləndirmə məqsədilə keçirilən təlimdə genetik xəstəliklər, həmin xəstəlikləri aşkarlamaq üçün test metodları, ailə qurmağa hazırlaşan şəxslərdən götürülməsi vacib olan analizlər barədə ətraflı məlumat verilib.
Professor Z.Ocak genetik problemlər haqqında ailələrin öncədən bilgili olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ancaq bu halda qabaqlayıcı tədbirlər görmək və genetik xəstəliklərin qarşısını əvvəlcədən almaq mümkündür.
Genetikanın bütün ixtisasları əhatə etdiyini deyən mütəxəssis bildirib ki, ginekologiya, kardiologiya, pediatriya və digər sahələrdə də genetik yönümlü problemlər mövcuddur. Ona görə də bu tip problemlərin aradan qaldırılması üçün ilk növbədə, genetiklərə müraciət etmək lazımdır.
Təlimdə xromosom və gen xəstəliklərinə ayrılıqda toxunulub və bildirilib ki, genlərin sayı xromosomlarımızın sayından dəfələrlə çox olduğu üçün gen xəstəliklərinin sayı da çoxdur.
|
|
24.01.2023 | 12:22 | |
|
|
|