İstedad və zəhmətin sevinci | |
Uşaq və yeniyetmələrin musiqiyə maraqlarının artması bir neçə amillə bağlıdır. Dövlət tərəfindən muğamımıza göstərilən diqqət və qayğı artıq səkkizinci dəfə kiçik yaşlı , eləcə də yeniyetmə və gənc yaşında olan istedad sahiblərinin üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb elədi. Dünya musiqi həvəskarlarının diqqətlə izlədiyi bu kimi müsabiqələr istedad sahibləri üçün gələcəkdə böyük səhnələrə çıxmaq və özünü təsdiqləmək üçün körpü rolunu oynadı. Eyni diqqət və qayğı vokal sənətinin və estrada musiqisinin inkişafına da yönəldi. Hər il ölkəmizdə və beynəlxalq miqyasda keçirilən müsabiqələr nəticəsində musiqinin bu növlərinin inkişafına nail olunmaqla bərabər dünya estradasına çıxa biləcək onlarla istedad sahiblərimiz də kiçik səhnələrdən böyük səhnələrə yol aça bildilər. Bu gün belə müsabiqələrdən biri və həmin müsabiqənin birincisi barədə söhbət açmağı qərarlaşdırdıq.
Birinci yerin qalibi
Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan beynəlxalq müsabiqə keçirilib. Müsabiqəni Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə “Kainat” Gənclik Mərkəzi təşkil edib. “İslam dünyası” gənc klassik musiqi ifaçılarının bu növbəti XI müsabiqəsində məktəb-studiyanın fortepiano ixtisası üzrə 5-ci sinif şagirdi Hüseyn Quliyev qalib adını qazanaraq birinci yerə layiq görülüb.
İki yaş qrupu üzrə
İki yaş qrupu üzrə iki nominasiya uğrunda müsabiqəyə qatılan 10-a yaxın ölkənin 20 yaşadək olan uşaq, yeniyetmə və gənci öz istedad və bacarıqlarını ortaya qoyublar.
Professor yeniyetmənin haqqında
Yeniyetmə Hüseynin ifasından xüsusilə razılıq edən beynəlmiləl tərkibli münsiflər heyətinin sədri, BMA-nın prorektoru, professor Yeganə Axundova yaşadığı sevinc hisslərini sonda belə ifadə edib: - Hər il keçirilən bu müsabiqə hər dəfə də yeni istedad sahiblərini kəşf edir. Bu dəfə BMA-nın məktəb-studiyasının yetirməsi olan Hüseyn Quliyev yaşının az olmasına baxmayaraq, daxili xarizması, parlaq artistizmi, özünəməxsus ifası və əsərlərin dramaturgiyasına dərindən nüfuz etmə bacarığı ilə dinləyiciləri valeh edə bildi. Beynəlxalq münsiflərin demək olar ki, bütün üzvləri bu yeniyetmə istedadın yaşına uyğun olmayan virtuoz imkanlarını yüksək dəyərləndirərək, yekdilliklə onun musiqi-ifaçılıq sənətində parlaq gələcəyini gördüklərini proqnozlaşdırdılar.
Qeyd edək ki, bir ay öncə yarışmaya ciddi hazırlaşmağa start verən Hüseyn bu mötəbər istedad yarışmasında Fikrət Əmirovun variasiayaları və Carl Czernynin əsərləri ilə istedad və bacarığını nümayiş etdirmişdir.
Sifai SƏFƏROVA
|
|
15.10.2022 | 12:42 | |
|
|
|