ADNSU-da doktoranturaya qəbul imtahanı keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə xarici dil imtahanını müvəffəqiyyətlə vermiş iddiaçılar üçün qəbul imtahanı keçirilib.

 

Fəlsəfə fənni üzrə keçirilən imtahanda ADNSU-dan 50 nəfər namizəd iştirak edib. Ali məktəbin rektoru, professor Mustafa Babanlı namizədlərə koronavirus pandemiyası ilə mübarizədə diqqətli və məsuliyyətli olmağı tövsiyə edərək, imtahanda müvəffəqiyyətlər arzulayıb.

 

Qeyd edək ki, 3 gün davam edəcək fəlsəfə imtahanında Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, ADNSU ilə yanaşı, 5 ali təhsil müəssisəsindən - Azərbaycan Texniki,   Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dövlət İqtisad, Sumqayıt Dövlət və Bakı Mühəndislik universitetlərindən namizədlər iştirak edəcəklər. İxtisas üzrə imtahanlar isə 9-10 sentyabr tarixlərində olacaq.

 

Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun,  eyni zamanda şəffaf şəraitdə keçirilən imtahan 8 nəfərdən ibarət komissiya tərəfindən qiymətləndirilib.

 

Qeyd edək ki, Fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanı növbəti günlərdə- sentyabrın 2-də və 3-də də keçiriləcək. Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq bu dəfə Azərbaycan Dövlət İqtisad, Sumqayıt Dövlət və Bakı Mühəndislik universitetlərindən qeydə alınmış, doktoranturaya qəbul imtahanında birinci mərhələdən uğurla keçmiş (xarici dildən 25-dən yuxarı bal toplayan) 68 namizəd imtahan verəcək.

 

 



01.09.2021 | 17:05