Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Aprel 2013 - №15

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günü Naxçıvan Dövlət Universitetində qeyd olunmuşdur

 

Naxçıvan Dövlət Universitetində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90-cı ildönümünə həsr olunmuş elmi konfrans keçirilmişdir. Konfransdan əvvəl universitetin tibb fakültəsində  "Stomatologiya"  laboratoriyası və "Əczaçılıq tədrisi" kabinetinin açılışı olmuşdur.

Universitetin rektoru, akademik İsa Həbibbəyli qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun tədbirlər planına uyğun olaraq müxtəlif tədbirlər keçirilməkdədir. Tibb fakültəsində yeni laboratoriya və kabinetin yaradılması da Azərbaycan tibb elminin görkəmli simalarından olan  Zərifə xanım Əliyevanın anadan olmasının 90 illiyinə töhfədir. Tədbir iştirakçıları stomatologiya və əczaçılıq ixtisası üçün alınmış müasir tibbi avadanlıqlar və tədris vəsaitləri ilə tanış olmuşlar.

Elmi konfransda rektor, akademik İsa Həbibbəyli çıxış edərək dünya şöhrətli alimin oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən, elmi və ictimai fəaliyyətindən, mənalı ömür yolundan danışmışdır. O bildirmişdir ki, xalqımızın qəlbində əbədi yaşayan görkəmli elm xadimi Zərifə xanım Əliyevanın mənalı ömür yolu, əziz xatirəsi elmin işığında, nur verdiyi insanların qəlbində əbədi yaşayacaqdır.

"Akademik Zərifə xanım Əliyevanın həyatı və elmi-pedaqoji fəaliyyəti" mövzusunda məruzə etmiş tibb fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov görkəmli alimin Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, Zərifə xanım Əliyeva görmə orqanında peşə xəstəliyini öyrənən ilk görkəmli alimdir.  Zərifə xanım Əliyeva gərgin həkimlik və alimlik fəaliyyətindən, harada yaşamasından və işləməsindən asılı olmayaraq həmişə Naxçıvanla sıx bağlı olmuş, regionda bir sıra təhlükəli göz xəstəliklərinin müalicə edilməsində öz səylərini əsirgəməmiş, yüzlərlə insana dünyada əvəzedilməz nemət olan göz işığı bəxş etmişdir. Bütün bunlara görə də Zərifə xanım Əliyevanın adı hər bir azərbaycanlı üçün doğma və əzizdir.

Tibb fakültəsinin klinik xəstəxanasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Yaşar Rzayev "Azərbaycan oftalmologiya elminin tükənməz xəzinəsi" mövzusunda məruzəsində vurğuladı ki, Zərifə xanım Əliyevanın alimlik fəaliyyətinin əsas istiqamətlərindən birini də peşə oftalmologiyası təşkil edirdi. "Azərbaycanın kimya sənayesi müəssisələrində işçilərdə görmə orqanlarının vəziyyəti" mövzusunda doktorluq işi yazaraq oftalmologiyada peşə xəstəlikləri problemlərinin əsasını qoymuşdur. Bütün bu tədqiqatların uğurlu nəticələrinə görə Zərifə xanım Əliyeva oftalmologiyada ən mötəbər mükafata - akademik M.İ.Averbax adına mükafata layiq görülmüşdür.