"Yarat!"
Müasir İncəsənət Məkanı Azərbaycan incəsənəti ilə bağlı
həyata keçirilən layihələrin davamı olaraq daimi
tərəfdaşı Heydər Əliyev Fondu ilə birlikdə aprelin 18-də
Parisin mərkəzində yerləşən Azərbaycan Mədəniyyəti
Mərkəzində müasir Azərbaycan incəsənətinə həsr olunmuş
"Home, sweet home" ("Doğma ev") mövzusunda sərgi təşkil
etmişdir.
Sərginin bəşəriyyətə mədəniyyət və incəsənət sahəsində
böyük dühalar bəxş etmiş, dünya mədəniyyətinin beşiyi
sayılan Fransada nümayiş etdirilməsi fransızları
Azərbaycanın zəngin rəssamlıq nümunələri və milli
dəyərləri ilə yaxından tanış etmək və onlarda ölkəmiz
barədə geniş təsəvvür yaratmaq məqsədi daşıyır.
Sərgidə 25 rəssamın 90 əsəri nümayiş etdirilir.
Tamaşaçılar Leyla Əliyeva, Aida Mahmudova, Müseyib
Əmirov, Vüqar Muradov, Sitarə İbrahimova, Altay
Sadıqzadə, Fəxriyyə Məmmədova, Fidan Seyidova, Fərid
Rəsulov və digərlərinin əsərləri ilə tanış olmuşlar.
Sərgidə Leyla Əliyevanın "Beyin", Aida Mahmudovanın "Yenidən
emal" ("Recycle"), Altay Sadıqzadənin "Pilləkənin
başında", Fərid Rəsulovun "Anonim" əsərləri xüsusi
maraqla qarşılanmışdır.
Sərgini
açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu
tədbirin müxtəlif mədəniyyətlərin və sivilizasiyaların
qovuşuğunda yerləşən Azərbaycanın mədəniyyəti və zəngin
dəyərlərini fransızlara yaxından tanıtmaq məqsədilə
təşkil olunduğunu, maraqlı ekspozisiyanın Mədəniyyət
Mərkəzində Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ilk
dəfə nümayiş etdirildiyini diqqətə çatdırmışdır. Səfir
demişdir ki, Mehriban xanım Əliyevanın Azərbaycan
mədəniyyətinin xarici ölkələrdə, o cümlədən Fransada
tanıdılması istiqamətində müstəsna rolu vardır.
Mədəniyyət sahəsində müxtəlif layihələri həyata keçirən
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata
keçirilən "Qafqazın incisi olan Azərbaycanın mədəni
dəyərləri" layihəsi çərçivəsində Azərbaycan günlərinin
artıq Fransanın ayrı-ayrı regionlarının on şəhərində
keçirildiyini xatırladan səfir Heydər Əliyev Fondunun
tərəfdaşlığı sayəsində Mərkəzdə gənc rəssam Aida
Mahmudovanın təsis etdiyi "Yarat!" Müasir İncəsənət
Məkanı tərəfindən təşkil olunan bu sərgidə müxtəlif
rəssamların çoxlu sayda əsərinin nümayiş etdirildiyini
və mədəniyyətlərarası dialoqa xidmət etdiyini bildirmiş,
qurumun əsas məqsədinin azərbaycanlı və xarici rəssamlar
arasında sıx əlaqələr yaradılmasından ibarət olduğunu
vurğulamışdır.
"Yarat!" Müasir İncəsənət Məkanının yaradıcısı Aida
Mahmudova rəhbərlik etdiyi qurumun Heydər Əliyev
Fondunun tərəfdaşlığı ilə təşkil olunan "Doğma ev" adlı
sərgisinin fəaliyyəti barədə söz açmış, sərginin
Azərbaycanın gənc və tanınmış rəssamlarının əsərlərini
dünyaya çatdırmaq məqsədi daşıdığını, təşkilat
tərəfindən bir neçə belə sərginin artıq Rusiya, İtaliya,
Birləşmiş Ərəb Əmirliklərində təşkil edildiyini diqqətə
çatdırmışdır.
Parisdə azərbaycanlı rəssamların əsərlərindən ibarət
sərginin nümayiş etdirilməsinin əhəmiyyətini vurğulayan
A.Mahmudova "Yarat!" Müasir İncəsənət Məkanının digər
təşkilatlarla əməkdaşlıq etdiyini, belə tədbirlərin
gələcəkdə də davamlı olacağını bildirmişdir.
A.Mahmudova demişdir: "Doğma ev" sərgisinin iştirakçısı
olan rəssamlar doğma evlə bağlı hissləri tamaşa
edəcəyiniz əsərlərə köçürmüşlər". Tədbirin təşkilində
Heydər Əliyev Fondunun köməyini xüsusi vurğulayan
A.Mahmudova Fonda təşəkkürünü bildirmişdir.
Sonda Aida Mahmudova bu sərginin Azərbaycan ilə Fransa
arasında mövcud əlaqələrin inkişafına yeni töhfə
verəcəyinə əminliyini vurğulamışdır.
Sərginin açılışında iştirak edən Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva ekspozisiya ilə yaxından tanış olmuşdur.
Sərgidə Fransanın dövlət və hökumət rəsmiləri,
senatorlar və deputatlar, ictimaiyyətin nümayəndələri,
Parisdə akkreditə olunmuş diplomatik korpusun
əməkdaşları, diasporumuzun təmsilçiləri, yerli və xarici
kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak
etmişlər.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris |