“GəncLİK” liderləri bir masa ətrafında | |
Onlar 30 nəfərdir. Yaşca gənc olsalar da, iddiaları yaşlarını da, boylarını da aşır. Artıq hər biri bir liderdir. “GəncLİK” proqramında 4 pilləli seçim mərhələsinin nəticəsi olaraq müraciət edən mindən çox gənc arasından 30 lider seçilib. Seçilənlərə oktyabr-dekabr aylarında peşəkar xarici və yerli mentorların iştirakı ilə təlimlər keçirilib, onların regionlara səfərləri və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunub. Bu dəfə isə Təhsil Nazirliyində nazir müavini Firudin Qurbanovla “dəyirmi masa” başında idilər.
Sağlam bədəndə sağlam ruh olar
Sözə Firudin Qurbanov başladı. Gənclər 4 pilləli seçim mərhələsindən keçsələr də, nazir müavini yoxlayıcı suallar, iti nəzərlərlə gənclərin baxışlarında, yanaşmalarında liderliyin əlamətlərini axtardı. İdman, musiqi, yaxud incəsənətin hər hansı növü ilə maraqlananların olub-olmadığını müəyyənləşdirəndən sonra mətləbə keçdi. O, lider olmaq üçün tələb edilən bir çox keyfiyyətlər arasında sağlam həyat tərzinə diqqət çəkdi: “İnsan üçün ən böyük nemət sağlamlıqdır. Sağlamlıq da bir çox amillərdən asılıdır. Məsələn, bir çoxları sağlamlığın məhz səhiyyədən asılı olduğunu düşünsə də, əslində, elmi araşdırmalara görə bu amil insan sağlamlığında cəmi 7 faiz rol oynayır. Sağlamlıq ən çox həyat tərzindən asılıdır. Elmi hesablamalara görə, insanın həyat tərzi sağlamlığının 53 faizini təşkil edir. Eramızdan əvvəl yaşamış qədim yunan filosofu Aristotel də deyib ki, insanın sağlamlığı nə qədər hərəkət etməyindən asılıdır. Kim çox hərəkət edirsə, bir o qədər sağlam olur”.
F.Qurbanov idmanla, musiqi ilə məşğul olanların sağlamlıqdan başqa, zərərli vərdişlərdən də uzaq olduğunu aparılan elmi araşdırmaların nəticələri ilə əsaslandırdı: “Tədqiqatlar göstərir ki, idmanla, incəsənətlə məşğul olan şagird və tələbələrin mənimsəmə faizi qənaətbəxş, akademik göstəriciləri digər şagirdlərlə müqayisədə təxminən 35 faiz yüksək olur. Çin filosofu və mütəfəkkiri Konfutsi hələ eramızdan əvvəl uğur əldə etmək üçün tələb edilən amillər arasında musiqini xüsusi qeyd edirdi. Oxuduğum məqalələrdən birində belə bir araşdırma vardı: Nobel mükafatı alanların hamısının musiqi ilə bağlılığı var. Digər bir maraqlı tədqiqat Rusiya Federasiyasında aparılıb. İslah müəssisələrində tərbiyə olunan yeniyetmələrin heç birinin musiqi məktəblərində təhsil almadığı ortaya çıxıb. Musiqinin insanın hərtərəfli inkişafına nə qədər təsiri olduğunu bu araşdırmalar ortaya qoyub. Ona görə çalışın ki, idman və musiqi həyatınızın bir parçasına çevrilsin”.
Dövlət səviyyəsində idmanın inkişafına, insanların idmanla məşğul olmasına göstərilən diqqətdən danışan nazir müavini ölkəmizdə qurulan idman infrastrukturuna diqqət çəkdi. Məhz sağlam həyat tərzi keçirən gələcək formalaşdırmaq üçün Prezident İlham Əliyevin bu sahəyə xüsusi qayğı və diqqət göstərdiyini vurğuladı.
Müəllim həm də tərbiyə edəndir
Çox sürətlə həyatımıza daxil olan müasir texnologiyanın səbəb olduğu problemlərə diqqət çəkən nazir müavini “Dünyada 4 milyard 400 milyon insan internet istifadəçisidir”, - dedi. F.Qurbanovun fikrincə, gün ərzində böyük informasiya seli arasından lazım olanı seçmək günün əsas tələbidir: “Hesablamalara görə, dünyada hər insan orta hesabla gün ərzində 6.5 saat internetdə vaxt keçirir. Elə ölkə var ki, bu müddət 10 saata qədər uzanır. İnformasiya cəmiyyətinin formalaşdığı bir dövrdə bu prosesin qarşısını almaq mümkün deyil. Son araşdırmalardan birində göstərilir ki, hər 72 saatdan bir informasiyanın həcmi iki dəfə artır. Bu vəziyyətdən çıxış yolu bəllidir: insanlarda bu axının içərisində lazım olanı seçib, ondan yararlanmaq vərdişi formalaşdırılmalıdır. Buna ilk növbədə uşaqlarda nail olmaq lazımdır. Çünki bugünkü uşaqlar sabah xalqdır. Xalqımızın gələcəyi bu gün uşaqları necə formalaşdırdığımızdan asılıdır. Bu, böyük məsuliyyətdir. Ona görə də çalışırıq ki, müəllimlərin peşəkarlığı ilə yanaşı, onların mənəviyyatına, mədəni səviyyəsinə diqqət yetirək. Bunun üçün müəllimlərin işə qəbulunda çoxmərhələli imtahanlar keçiririk. Məlumdur ki, müəllim təkcə bilik verən deyil, həm də tərbiyə edəndir. Hər adam müəllim ola bilməz. Müəllimlik peşə deyil, böyük bir missiyadır”.
F.Qurbanov hesab edir ki, xalqın düzgün formalaşdırılmasında əsas rol oynayan təhsil, xüsusən, müəllim öz missiyasını düzgün dərk etməlidir. Təhsildə yanaşma müasir dövrün tələblərinə, müasir çağırışlara uyğun olmalıdır: “Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyində etdiyi proqram xarakterli çıxışında bildirdi ki, IV sənaye inqilabı dövründə elmin, texnologiyanın çox sürətlə inkişafı nəzərə alınmalı, təhsil sistemi öz fəaliyyətini buna uyğun qurmalıdır. Günümüzün ən böyük çətinliklərindən biri gələcəkdə ehtiyac olacaq ixtisasları müəyyənləşdirməkdir. Məsələn, ABŞ-da hesab edirlər ki, hazırda mövcud olan peşə və ixtisasların 50 faizinə 15 il sonra ehtiyac qalmayacaq. Ancaq təhsildə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı davam edir. Bəzi ixtisaslar üzrə kadr hazırlığına 8-9 il sərf olunur. Bu müddət başa çatanda məlum olur ki, həmin sahə bağlanıb. Ona görə də, təhsil sistemi öyrətməməli, öyrənməyin yolunu aşılamalıdır. Müəllim daha çox mentor, advayzer funksiyasını yerinə yetirməli, yolgöstərən olmalıdır”.
Öz üzərində işlə, yanlışından nəticə çıxart
Ancaq gənclərin də üzərinə böyük iş düşür. F.Qurbanovun sözlərinə görə, onlar məqsədlərini aydın görməli, bu məqsədə nail olmaq üçün planlı, məqsədyönlü hərəkət etməli, özünü yetişdirməyi bacarmalıdırlar: “Bu gün hər bir gəncdən öz üzərində işləmək tələb olunur. Liderliyin əsas amillərindən biri məhz budur. Kim ömürboyu oxumağı bacaracaqsa, öz üzərində işləyəcəksə, o, həyatda uğur qazana, ən azı iş yeri tapa biləcək. Bundan sonra əmək bazarında çox güclü rəqabət olacaq. İnsan əməyinə ehtiyac getdikcə azalacaq. Çünki süni intellekt artıq elan olunub. Avropa ölkələrində bütün üzv ölkələrə süni intellektlə bağlı milli proqramlarını hazırlamaq tövsiyə olunub. Elə bir dövr gələcək ki, şirkətlər robotların görə bildiyi iş üçün insanlara əlavə pul ödəməkdən imtina edəcəklər. Bu da o deməkdir ki, gələcəkdə insanları çox böyük çətinliklər gözləyir. Karyera inkişafını təmin etmək, lider ola bilmək üçün, ilk növbədə məqsədini, həmin məqsədə necə çatmaq üçün proqram müəyyənləşdirməlisiniz. Odur ki, planlaşdırmalı, qeydlər aparmalısınız”.
F.Qurbanovun fikrincə, lider olmaq üçün düzgün qərar qəbul etməyi bacarmaq lazımdır: “Hesablamalara görə, dünyada liderlər əhalinin 20 faizini təşkil edir. Həmin 20 faizi fərqləndirən xüsusiyyətlərdən biri də məhz düzgün qərar qəbuletmə bacarığıdır. Təcrübə göstərir ki, verilən qərarların bir çoxu düzgün olmur. Ancaq həmin yanlışdan düzgün nəticə çıxaranlar da olur. Ona görə də insan öz səhvlərini görməyə çalışmalıdır. Bu bacarığı olanlar həyatda uğur qazana bilirlər”.
“Lider olmaq başqasını tənqid etməkdən yox, başqasının uğurunun səbəbini öyrənməkdən keçir”
F.Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə xüsusi önəm verdiyini vurğulayıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən danışan Təhsil nazirinin müavini ölkəmizdə gənclərə, onların təhsilinə böyük diqqət göstərildiyini deyib. “Ölkə rəhbərliyi tərəfindən irəli sürülən “Yüksəliş” müsabiqəsi məhz bu prosesin tərkib hissəsidir. Bu müsabiqənin nəticəsində ehtiyat kadrlar bankı formalaşacaq. Burada çox keyfiyyətlər tələb olunacaq. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bilik, bacarıq, başqa müvafiq vərdişlər vacib olsa da, kadrlardan, seçildiyi sahədən asılı olmayaraq, mədəniyyət səviyyəsi, mənəviyyatı, xarakteri, kommunikasiya və komanda mühitində işləmə bacarıqları da tələb ediləcək. Çünki artıq təsdiq edilib ki, bu keyfiyyətləri olmayan hər hansı mütəxəssis işində uğur qazana bilməz.
F.Qurbanov fikirlərini ümumiləşdirərək lider gənclərə tövsiyələrini verdi: “Həyatın mənasını müəyyənləşdirin, yüksək dəyərlərə inanın. Vətəni sevin. Ailənizi sevin. Yaxşılıq edin. Liderliyin əsas amillərindən biri də ətrafındakı insanlara kömək etmək, qayğı göstərməkdir. Unutmayın ki, lider olmaq başqasını tənqid etməkdən yox, başqasının uğurunun səbəbini öyrənməkdən keçir. Kreativ olmaq, daim yenilik axtarmaq, informasiyadan səmərəli istifadə etməklə təşəbbüskar olmaq müasir dövrun tələbləridir. Onda uğur qazanacaqsınız”.
Firudin Qurbanov proqram iştirakçılarını maraqlandıran bütün sualları cavablandırdı. Gənc liderlər nazir müavini ilə əldə etdikləri görüş imkanından maksimum yararlanaraq, sadəcə təhsil yox, yer, hətta göy hadisələrindən söhbət saldılar. Ali təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada keçirilməsi, auditoriyaya girən müəllimi tələbənin seçməsi, şəxsi inkişafı üçün böyük vəsait qoyub, çoxsaylı təlimlərdən keçən gənclərin ali məktəblərdə işləmək imkanları ilə maraqlandılar. Qızların nəinki idarəetməyə, bəzi bölgələrdə hətta təhsilə cəlb edilməsi üçün Təhsil Nazirliyinin gördüyü işlərdən, inklüziv təhsilin təbliğində həyata keçirilməsi zəruri olan tədbirlərdən danışdılar.
Görüşdən də, suallarına aldıqları cavablardan da razı qalan gənclər Təhsil Nazirliyindən hər zaman faydalana biləcəkləri qeydlərlə ayrıldılar.
“Həyata ümidlərlə baxıramsa...”
Həmin gənclərdən biri Ülkər Süleymanova Şəki rayonunun Aşağı Güngüt kəndindəndir. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində “Kompüter elmləri” ixtisası üzrə magistr təhsili alır: “2019-cu ildə Gənclər Fondu və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) tərəfindən fəaliyyətə başlayan “GəncLİK” proqramı barədə elanlardan məlumat aldım. İştiraka qərar verdim və müraciət edənlərdən biri də mən oldum. 3 ay təlimlərdən keçdik. Bu müddət ərzində tanınmış şəxslərlə görüşlər təşkil edildi. Belə maraqlı görüşlərdən biri də Təhsil nazirinin müavini Firudin Qurbanovla oldu”.
30 nəfərin arasında olmasının səbəbi özü üçün də maraqlı olduğunu desə də, ona üstünlük verilməsini izah edəcək arqumenti də var: “Məncə, güclü iradəmə görə bu 30 nəfərin içərisindəyəm. Firudin Qurbanovla görüşdən heç vaxt unutmayacağım maraqlı fikri qeyd etdim. Nazir müavini dedi ki, bilik və bacarıqlar önəmli olsa da, müasir işəgötürənlər kadrları qiymətləndirərkən insani keyfiyyətlərə üstünlük verirlər. Düşünürəm ki, tamamilə doğru yanaşmadır. İnsan olaraq yüksək məziyyətlərə sahib olan biri öz üzərində çalışıb peşəkar da ola bilər. Doğrudur, hər insan da bilik almaq qabiliyyətinə malik deyil. Genetik faktorlardan tutmuş, bir çox amillər bəzən buna imkan vermir. Mən bu barədə bir az şanslıyam, deyəsən”.
Özünü şanslı saysa da, taleyini şansa buraxanlardan deyil. Ülkər deyir ki, əgər şansa qalsaydı, nəinki 30 nəfərin içərisində, heç proqrama qatılanlardan da olmazdı: “ASAN Xidmət” könüllüsü olmuşam. Liderlik potensialı gördükləri 3 nəfərin adını məsul şəxslərimiz qeyd etmişdi. Həmin 3 nəfərin biri deyildim. Bəlkə də həmin siyahıda adımın olmaması məni bu proqrama müraciət etməyə təhrik etdi. Özümü heç kimdən aşağı səviyyədə görmürəm. Odur ki, mən də müraciət etdim. İlk mərhələdən keçib müsahibəyə qatıldım. Özümü o qədər rahat hiss edirdim ki, müsahibədə heç həyəcanlanmadım. Bu qədər asan keçdiyim bir müsahibə olmamışdı. Firudin müəllimin qeyd etdiyi kimi, insan gərək özünə inana, güvənə. Mən də güvəndim. Nəticələr elan olunanda “Mən yenə qazandım”, - dedim və budur, burdayam”.
Cəmiyyətdə müşahidə etdiyi problemlərin həlli yollarını axtaran Ülkər məhdudiyyətli insanlarla bağlı Təhsil Nazirliyindən də, mətbuatdan da kömək gözləyir: “Məhdudiyyətli uşaqlar çoxdur və təəssüf ki, cəmiyyətdən öncə ailələri onlara görə utanır. Halbuki hər insanın müəyyən istiqamət üzrə istedadı var və sadəcə onları təşviq etmək lazımdır. Xoşbəxtəm ki, mənə bu şans verildi. Ancaq bunu əldə edə bilməyənlər çoxdur”.
Ü.Süleymanovanın fikrincə, fərqliliklərə münasibət düşüncələrdə dəyişməlidir: “8 yaşımda bədbəxt hadisə yaşadım və o gündən bəri çətin bir dövrdən keçirəm. Halbuki xatırlayıram ki, 9 yaşımda məktəbə gedəndə sinif yoldaşlarım məni öpərək, qucaqlayaraq qarşıladılar. İstəyirəm hamı bilsin ki, hamımız bərabərik. Fərqliliklər insanları biri-birindən üstün, ya da aşağı etməməlidir. Fərqlərimiz, sadəcə insani keyfiyyətlərimiz, özümüzü necə formalaşdırmağımızla bağlı ortaya çıxa bilər”.
Ülkər qarşısına məqsəd qoyan hər kəsi bu yolda heç nəyə baxmadan irəliləməyə çağırır: “Bu gün 30 nəfərin arasındayamsa, həyata ümidlərlə baxıramsa, bu, çox yüksək əhvali-ruhiyyəyə sahib biri olduğum, heç nəyi vecimə almadığım anlamına gəlmir. Mən də yıxılıram, ancaq sonra qalxmağı da bacarıram. Qarşımıza məqsəd qoymalı, heç nəyə baxmadan ona doğru getməliyik. Bir də onu unutmamalıyıq ki, bizim üçün maneə yalnız özümüzük. Öz düşüncələrimizdəki maneəni aşdıqdan sonra heç kim qarşımızda əngələ çevrilə bilməz”.
“Yaxşı müəllim güclü liderdir”
Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi” ixtisası üzrə məzunu Səadət Yolçuzadə “GəncLik” proqramına son gündə müraciət edib: “Burada olan modullar, təcrübə mənim üçün çox maraqlı gəldi və müraciət etməyə qərar verdim. Vəzifəli və lider şəxslərlə görüşmək imkanı xüsusilə diqqətimi çəkdi. “ASAN Xidmət” və başqa təşkilatların təşkil etdiyi layihələrdə də iştirak etmişəm. Bunu özüm üçün unikal şans hesab elədim və qatıldım”.
S.Yolçuzadənin fikrincə, müəllimlik və liderlik biri-birini tamamlayır: “Sinfin, dərsin lideri olan müəllimdən də ədalətli olmaq, düzgün qərarlar vermək, şagirdlərini və tələbələrini düzgün yönləndirmək bacarığı tələb edilir. Müəllim vaxtı, bilik və bacarıqları idarə etməyi bacarmalıdır. Yaxşı müəllim güclü liderdir. Bir sözlə, liderlik elə müəllimlikdən irəli gələn xüsusiyyətlərdir”.
Elə yaxşı müəllim olduğu üçün də bu 30 nəfərin arasına düşə bildiyi qənaətindədir: “Fəal müəllim olmuşam. Özümü təqdimat bacarığım bu 30 nəfərdən biri olmağımda əsas rol oynadı. Kitabların və başqa faydalı mənbələrin köməyilə özümün inkişaf etdirdiyim bacarıqlarımın lider kimi yetişməyimdə mühüm rol oynadığını düşünürəm”.
Region məktəblisi olan S.Yolçuzadə Azərbaycanın hər yerindən olan qadınların təhsildə də, idarəetmədə də özünü təsdiq edə biləcəyindən əmindir: “Hesab edirəm ki, qadınların istədiyi uğura nail olmaları üçün imkan yaradılıb. İnsan ilk növbədə özü-özünü qiymətləndirməli, özünə inanmalıdır. İnam istər liderlikdə, idarəetmədə iştirakında, istərsə də, hər hansı başqa hədəflərinə çatmağında çox mühüm rol oynayır. İnsan sadəcə təhsilini yox, ayrı-ayrı bacarıqlarını da inkişaf etdirməlidir”.
Ruhiyyə DAŞSALAHLI |
|
28.02.2020 | 10:03 | |
|
|
|