Smart tələbə kartlarının imkanlarına dair təqdimatla tanışlıq | |
Naxçıvan Dövlət Universitetində “Smart tələbə kartları üzrə beynəlxalq təcrübə, layihənin ölkə və tələbələr üçün üstünlükləri” mövzusunda təqdimat keçirilib.
Universitetin rektoru Elbrus İsayev təqdim edilən smart tələbə kartlarının elektron universitet sistemini daha da gücləndirəcəyinə əminliyini bildirib.
Nağdsız ödənişlər sahəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin gördüyü işlər haqqında məlumat verən Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin sədri Elvin Axundov qeyd edib ki, “nağdsız cəmiyyət”in formalaşdırılması, nağdsız ödənişlərin həcminin artırılması muxtar respublika rəhbəri tərəfindən diqqətdə saxlanılan əsas məsələlərdəndir.
Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və Hesablaşmalar Departamentinin Milli Ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov dövlət proqramı haqqında məlumat verərək qeyd edib ki, proqramın strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Vurğulanıb ki, bu layihə müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacaq. Diqqətə çatdırılıb ki, ali təhsil məktəblərinin tələbələrinin bu layihəyə cəlb edilməsi, bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaradacaq.
Beynəlxalq praktika haqqında çıxış edən MasterCard təşkilatının Azərbaycan təmsilçisi Emil Zeynalov ölkə miqyasında belə bir layihənin reallaşdırılmasında iştirak etdiklərindən qürur duyduqlarını bildirib və yaradılan məhsulun tələbələrə verəcəyi üstünlüklərdən danışıb.
“Naxçıvanbank” ASC-nın Ödəniş kartları şöbəsinin müdiri Səbuhi Xəlilov məhsul haqqında təqdimatla çıxış edib. Təqdimatda bildirilib ki, smart tələbə kartı vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirə biləcəklər. Həmçinin, regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Tələbələrin smart kartından universitetə, kitabxanaya və oxu zallarına giriş üçün də istifadəsi təmin olunacaq. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunmasının nəzərdə tutulduğu vurğulanıb.
Qeyd edək ki, layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və “NaxçıvanBank”ın dəstəyi ilə həyata keçirilir.
|
|
26.02.2020 | 12:25 | |
|
|
|