Xalq Təhsili Muzeyində anım mərasimi | |
Fevralın 24-də Təhsil Nazirliyinin Xalq Təhsili Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib. Mərasimdə Pirşağı qəsəbəsindəki Xocalı şəhər 2 nömrəli tam orta məktəbin, Bakı şəhər 200 nömrəli məktəb - lisey kompleksinin müəllim və şagirdləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 5 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və rəhbərləri iştirak ediblər.
Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi L.Bayramova Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi düşən Xocalı soyqırımının erməni vandalizminin insanlığa qarşı törətdiyi qatı cinayət olduğunu qeyd edib. Xalq Təhsili Muzeyinin elmi katibi İ.Məlikova “Xocalı soyqırımı” adlı məruzəsində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işləri bu soyqırım aktının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində mühüm addım kimi xarakterizə edib.
Xocalı soyqırımının canlı şahidləri – Xocalı şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri Səidə Cəfərova, Sevda Məmmədovanın xatirələri tədbir iştirakıçılarında həyəcanlı anlar yaşadıb.
Nəsimi rayon 5 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzinin direktoru K.Mustafayeva bu faciənin təkcə xocalıların deyil, bütün dünya azərbaycanlılarının faciəsi olduğunu və xalqımızın yaddaşından heç zaman silinməyəcəyini vurğulayıb.
Sonda tədbir iştirakçıları Xalq Təhsili Muzeyi fondunun sənəd və materialları, Bakı şəhər məktəblilərinin rəsmləri əsasında təşkil edilən “Xocalı soyqırımı” adlı sərgi ilə tanış olublar.
|
|
25.02.2020 | 16:10 | |
|
|
|