Azərbaycan startapları sərhədləri aşır

Azərbaycan startapları sərhədləri aşır. Bu günlərdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Silikon vadisində Azərbaycan İnnovasiyalar Evinin açılışı olub. İnnovasiyalar  Evi  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən yaradılıb.  

 

Stanford Universitetində keçirilən açılışda 100-ə yaxın azərbaycanlı iştirak edib. Mərasimdə şirkət nümayəndələri, startapçılar və Stanford Universitetinin professorları çıxış edərək layihənin əhəmiyyəti haqqında danışıblar.

 

İnnovasiyalar evində 4 startap fəaliyyətə başlayıb və cari ilin sonuna startapların sayı 12-yə çatdırılacaq.
 

"İNNOLAND" inkubasiya-akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimovun sözlərinə görə,  innovasiyalar evinin əsas fəaliyyəti Azərbaycanın startaplarına dəstəkdir. Başqa sözlə, burada öz biznesini qurmaq və genişləndirmək istəyənlər innovasiyalar evinin xidmətlərindən istifadə edə bilər. Hər bir yeni startapçının  onun üçün nəzərdə tutulmuş üç aylıq sürətləndirici proqrama qoşulması mümkündür. Onlar burada müxtəlif nümayiş günlərində də iştirak edəcək, investorlarla görüşəcəklər.


İnnovasiya evi Azərbaycan və ABŞ-da yaşayan azərbaycanlılar tərəfindən inşa edilən startapları birləşdirən Silikon Vadisi arasında körpü rolunu oynayacaq. O, həmçinin startap layihələrində iştirak edən yerli əhalini dəstəkləyəcək. Startapçılar  Silikon vadisində səyahət edəcək, təcrübə qazanacaq və startaplarını təkmilləşdirəcəklər.

 

Oruc MUSTAFAYEV



25.02.2020 | 17:21