"Tələbə bacarıqlarının artırılması məqsədilə ideyanın reallaşması"

Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Quba filialında tələbə gənclərə "Tələbə bacarıqlarının artırılması məqsədi ilə ideyanın reallaşması" adlı təlim keçirilib.

 

Təlimdə filialın direktoru, dosent Yusif Alıyev çıxış edərək,   cəmiyyətin mövcud olduğu dövrdən bu günə kimi baş verən sənaye inqilabları haqqında danışıb, dünyanın inkişaf etmiş ölkələrindəki insanların ideyalardan necə yararlandığına dair faktlar deyib, gəncləri dövlətimizin onlar üçün yaratdığı şəraitdən faydalanmağa, yararlı şəxsiyyət olmağa, özünütəkmilləşdirməyə səsləyib. Daha sonra layihə yazmaq üçün zəruri olan məqamları  fərqli və asan formada gənclərə çatdıraraq onlarda təlimə maraq oyadıb.


Sonra təlimi filialın İnformasiya və kommunikasiya texnologiyaları mərkəzinin müdiri, təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi Yusif Abayev aparıb.

 

Y. Abayev bildirib ki, təlimin əsas məqsədi ideyası olub, pulu olmayan və bir ideya üzərində pul qazanmaq istəyən şəxsləri birləşdirmək, tələbənin biliklərini artırmaq və malik olduqları bacarıqlarını nümayiş etdirmək üçün imkanlar yaratmaqdır.


O vurğulayıb ki, təlimlər gənclərdə liderlik bacarığı, əməkdaşlıq mədəniyyəti, yəni  komanda şəkilində birgə işləmək vərdişləri formalaşdırır. Eyni zamanda, düzgün dəyərləndirmə keyfiyyəti - işçi qrupun seçilməsi zamanı bacarıqlı insanları layiq olduqları yerdə yerləşdirmək xüsusiyyəti yaradır. Y.Abayev özünə və başqalarına qayğı formalaşdırmağı  da bu təlimin ortaya qoyduğu məqsədlərdən biri adlandırıb.  

 



25.02.2020 | 11:23