“Xocalı soyqırımı tarixin qan yaddaşıdır” adlı rəsm sərgisi

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib.

 

“Xocalı soyqırımı tarixin qan yaddaşıdır” adlı rəsm sərgisində BŞTİ-nin müdiri Rəşad Tağıyev, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, idarənin əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev sərginin Xocalı soyqırımı qurbanlarını yad etmək, gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə keçirildiyini bildirib. Xocalı soyqırımının tarixinə nəzər salan R.Tağıyev Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildiyini, məhz ulu öndərin təşəbbüsü ilə hər il fevralın 26-sının Xocalı soyqırımı günü kimi yad olunduğunu diqqətə çatdırıb.

 

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxışı zamanı 28 il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşiliklərdən danışıb,  XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə  qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığını vurğulayıb.

 

Şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərdə, ədəbi-bədii kompozisiyalarda, çəkdikləri rəsmlərdə ifadə ediblər.

 

Çıxışlardan sonra sərgiyə baxış keçirilib. Sərgidə 200-ə yaxın rəsm əsəri nümayiş olunub.

 

Rəsmləri çəkən şagirdlər həmin gecənin dəhşətlərini, yüzlərlə insanın al qanına qəltan edilib qətlə yetirilməsini, düşmənin kimsəyə aman verməməsini uşaq təxəyyülü ilə ağ kağızlara köçürüblər.



25.02.2020 | 10:07