İndoneziyanın səfiri Mingəçevir Dövlət Universitetində | |
İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani Mingəçevir Dövlət Universitetində (MDU) olub.
MDU-nun rektoru Şahin Bayramov universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər və sürətlə dəyişən əmək bazarının tələblərinə əsaslanan strateji hədəflər barədə məlumat verib. MDU-nun beynəlxalq əməkdaşlıq üzrə prioritetləri barədə danışan Ş.Bayramov gələcəkdə İndoneziyanın müvafiq ali təhsil müəssisələri ilə qarşılıqlı faydalı əlaqələrin yaradılması üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.
MDU-da olmaqdan məmnunluğunu bildirən Hüsnan Bəy Fanani Azərbaycanla İndoneziya arasındakı çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə məlumat verib. Ölkəsinin ali təhsil sistemi, qabaqcıl universitetləri, xarici vətəndaşlar üçün təqdim olunan təqaüd imkanları haqqında danışan səfir gələcəkdə MDU tələbələri və müəllimlərinin İndoneziyada təhsil alması, təcrübə keçməsinə zəruri dəstək göstərməyə hazır olduğunu bildirib.
Sonra qonaq MDU-nun professor-müəllim və tələbə heyəti qarşısında “İndoneziya – Azərbaycan: tarix və diplomatik əlaqələr” mövzusunda geniş təqdimat edib.
Təmsil etdiyi ölkənin tarixi, təhsil sistemi, iqtisadiyyatı, mədəniyyəti və turizm imkanları haqqında danışan səfir İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və bu məsələdə daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirib.
Azərbaycan multikulturalizminin müasir qlobal cəmiyyətə mühüm töhfələr verməsini yüksək qiymətləndirən səfir iki ölkə arasında ortaq tarixi və mənəvi dəyərlərin mövcudluğunu vurğulayıb. Qonaq Nizami Gəncəvi, Nəsimi, Xətai, Füzuli, Hüseyn Cavid və digər mütəfəkkirlər yetirən Azərbaycan xalqının zəngin mədəni irsə malik olmasını xüsusi qeyd edib, belə bir ölkədə diplomatik xidmətdə olmaqdan qürur duyduğunu bildirib.
|
|
24.02.2020 | 16:31 | |
|
|
|