“Azərbaycan dili müasir dünyada: ekstralinqvistik və linqvistik problemlər”

 

Naxçıvan Müəllimlər İnstitutunda “Beynəlxalq Ana Dili Günü”nə həsr olunan “Azərbaycan dili müasir dünyada: ekstralinqvistik və linqvistik problemlər” adlı elmi-praktik konfrans keçirilib.

 

İnstitutun rektoru Azad Novruzov hər bir millətin maddi,  mənəvi irsinin qorunması və inkişafında dilin əvəzsiz rolundan danışaraq,  ana dilimizin dövlət dili statusuna yüksəldilməsini milli dövlətçilik tariximizin qızıl səhifəsi kimi qiymətləndirib. Natiq ana dilimizin qorunması, hərtərəfli inkişafı və beynəlxalq münasibətlər  sisteminə yol tapmasında ulu öndər Heydər Əliyevin düşünülmüş siyasətinin əhəmiyyətini diqqətə çatdırıb.

        

Tədbirdə “Beynəlxalq Ana Dili Günü”nün yaranması və mahiyyəti mövzusunda çıxış edən professor Akif İmanlı UNESCO tərəfindən 1999-cu ilin noyabrında  Banqladeş səfirinin təşəbbüsü ilə “Beynəlxalq Ana Dili Günü”nün elan olunması, Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan insanların taleyi haqqında məlumat verib.  

        

“Azərbaycan dilinin üslubi imkanları və məna çalarları” mövzusunda çıxış edən dosent Fəxriyyə Cəfərova dilimizin işlənmə arealı, onun çoxmənalılığı və üslubi çalarlığı ilə bağlı fikirlərini çatdırıb.

 

Sonda tələbələrin ifasında ana dili ilə  bağlı şeirlər səsləndirilib.



21.02.2020 | 17:25