Fövqəladə hallarla bağlı maarifləndirmə

Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə təşəbbüsi və Qubadlı Rayon Təhsil Şöbəsinin və Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin təşkilatcığı ilə rayonun C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbində yanğın təhlükəsizliyinə dair təlim keçirilib.

 

Əvvəlcə təhlükəsizlik qaydalarını əks etdirən sərgiyə baxılıb, videoçarxlar nümayiş olunub, daha sonra fövqəladə hadisələrdən qorunmaq üsulları, belə hadisələr  zamanı davranış qaydaları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə, mülki müdafiə vasitələrinin idarə olunması üzrə bacarıqların təkmilləşdirilməsi ilə bağlı məlumatlar verilib. Həmçinin, xilasetmə alət və avadanlıqlardan istifadə qaydası əyani şəkildə izah edilib.

 

Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Tahir Quliyev  təlimdə idarənin şəxsi heyəti və texnikasının iştirak etdiyini vurğulayaraq,  məqsədin fövqəladə hadisə baş verdikdə təxliyyə zamanı təhlükəsizliyin təmin olunması, uşaqlara  gərəkli biliklərin öyrədilməsi olduğunu bildirib. 

 

Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov isə su mənbələrinin qorunması və işlək vəziyyətdə olması,  təhsil müəssisəsinin ərazisinin daim təmiz saxlanmasının  vacibliyini söyləyib.

 

Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin inspektoru Qorxmaz Həsənov qeyd edib ki, binaların normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanması olduqca zəruridir.

 

Tədbirdə  "Fövqəladə hallar zamanı özünü necə aparmalı?”, "Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzularında çıxışlar edilib, şagirdlərə fövqəladə hal anlayışı, yanğın təhlükəsizliyi, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, meşə yanğınları, dəm qazından zəhərlənmənin profilaktikası, "112” qaynar xətti” və s. istiqamətlərdə bilgilər çatdırılıb.

 

Təlimdə şərti yanğın zamanı həyəcan siqnalı verildikdən sonra Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən və təcili tibbi yardım dəstələri təlimatda nəzərdə tutulan müddətdə hadisə yerinə çatıb. Şərti yanğın baş verən  məktəbdə təxliyyə planına uyğun olaraq, şagird və müəllimlərin təhlükəsiz yerə təxliyyəsi həyata keçirilib, sinif otaqlarında qalan məktəblilər xilas edilib, şərti xəsarət alan  məktəblilərə ilkin tibbi yardım göstərilib.

 

Tədbirin sonunda Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev bildirib ki, məktəblərdə yanğından müdafiə, yanğın hadisəsinə qarşı hazırlıqlı olmaq hər zaman aktualdır və bu istiqamətdə maarifləndirmə böyük əhəmiyyət daşıyır.

 

R.AĞAYEV



21.02.2020 | 14:49