Türkiyənin Azərbaycandakı səfiri Odlar Yurdu Universitetində

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Odlar Yurdu Universitetinin qonağı olub.

 

Görüşdə universitetin professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak edib. Qonağı salamlayan universitetin rektoru, professor Əhməd Vəliyev görüşün çox əhəmiyyətli olduğunu qeyd edib. Daha sonra universitetin beynəlxalq əlaqələrindən, Türkiyə universitetləri ilə əməkdaşlığından danışıb. O, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələrinin sarsılmaz təməl üzərində qurulduğunu, ikitərəfli münasibətlərin hər zaman başqa dövlətlərə nümunə olduğunu söyləyib. Rektor ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq, Azərbaycanın hər zaman bu fəlsəfə ilə yaşadığını vurğulayıb.

 

Daha sonra qonağa Odlar Yurdu Universitetinin Fəxri professor diplomu və hədiyyələr təqdim edilib.

 

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən səfir Erkan Özoral  universitetdə olmaqdan və Fəxri diploma layiq görülməkdən məmnun olduğunu söyləyib. O, səfirliyin gördüyü işlər barədə məlumat verərək, Azərbaycandakı təhsil müəssisələri ilə olan əlaqələrin əhəmiyyətini vurğulayıb.

 

Səfir Azərbaycan və Türkiyə arasındakı dostluq əlaqələrinin qədim tarixi köklərə söykəndiyini bildirib və bu əlaqələrin bütün sahələrdə olduğu kimi, təhsil sahəsinin də inkişaf etməsinə töhfə verəcəyinə əminliyini qeyd edib.

 

Görüş zamanı Azərbaycan və Türkiyə arasında qarşılıqlı maraq doğuran məsələlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş fikir mübadiləsi aparılıb. Problemin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Türkiyə dövlətinə minnətdarlıq ifadə olunub.

 

Daha sonra E.Özoral Odlar Yurdu Universitetinin Mövlana proqramı çərçivəsində Türkiyənin Bingöl Universitetində dərs keçən və fərqlənən müəllimlərinə sertifikat təqdim edib.

 

Sonda səfir tələbələri maraqlandıran sualları cavablandırıb. Türkiyə universitetlərində Odlar Yurdu Universitetinin diplomunun tanınması ilə bağlı  suala cavabında səfir bildirib ki, təhsilini Türkiyədə davam etdirmək istəyən Odlar Yurdu Universitetinin tələbələri üçün heç bir problem yoxdur; Universitetin bütün ixtisasları Türkiyənin Yükseköğretim Kurulu (YÖK) tərəfindən tanınır.



21.02.2020 | 12:29