AzMİU-da Karyera sərgisi

Fevralın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)  tələbələrin məşğulluğunu artırmaq məqsədi ilə növbəti dəfə tələbə və məzunlar üçün Karyera sərgisi təşkil olunub. Sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr, eləcə də universitetlə əməkdaşlıq edən ölkələrin qabaqcıl şirkətlərinin nümayəndələri iştirak ediblər.

 

Tələbələrinin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı, onların ixtisasları üzrə uğurlu karyera qurmaları üçün də köməklik göstərən universitet rəhbərliyinin təşəbbüsü ilə 90-dan çox dövlət qurumu, özəl şirkət, müəssisə,  tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə, 100-dən çox iş yerləri təklif edilib. 

 

Qeyd edək ki,  sərgiyə ölkənin aparıcı şirkətlərindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Kapital Bank, Beynəlxalq Bank, Paşa İnşaat, North West Construction  MMC,  PMD Projects,  Akkord STİK, Holcim Azərbaycan, İmprotex İndustries MMC, Embawood MMC, eləcə də digər dövlət və özəl şirkətlərdəki vakant iş yerləri çıxarılıb.

 

Universitetin  rektoru, professor Gülçöhrə Məmmədova Karyera sərgisinin  əhəmiyyətinə toxunaraq  bildirib ki, sərgi tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədi ilə təşkil olunub.  O, AzMİU-da artıq ikinci  dəfə keçirilən bu  sərginin tələbə və məzunlara karyera yolunda ilkin addımlarını atmaqda böyük dəstək verəcəyini vurğulayıb.  Rektorun sözlərinə görə, bu cür sərgilər gənclərlə şirkətlər arasında gərəkli körpü yaradır.

 

Daha sonra G.Məmmədova sərgidə nümayiş olunan stendləri gəzib, şirkətlərin nümayəndələri ilə ünsiyyətdə olub və vakansiyalarla maraqlanıb.

 

1500-dən  çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında tələbələrə ətraflı məlumat verib.  Xüsusilə iş axtarışında olan 4-cü kurs tələbələri bu sərginin onlar üçün çox vacib olduğunu, iş yeri tapmaq probleminin həllinə yardım edəcəyini bildiriblər.  Sərginin gedişində iş axtarışında olan gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət yaradıb, şirkət nümayəndələrinə özlərinə uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.

 

Qeyd edək ki,  Karyera sərgisində müxtəlif şirkətlərin təmsilçiləri də potensial kadrlar seçmək imkanı əldə ediblər. Onlar tələbələrin vakant yerlərə maraq göstərdiklərini, şirkətlərin fəaliyyəti ilə tanış olduqlarını yaxşı hal kimi dəyərləndiriblər.

 



21.02.2020 | 13:40