İnklüziv təhsil onların həyatını dəyişir | |
Onlar da hamı kimi gəlib dünyaya. Elə gələn kimi də anlayıblar yaşamağın asan olmayacağını. Nədən ki, dünyaya gələn kimi xəstəliklə tanış olublar. Bəzilərində qalıcı olub xəstəliyin izləri, bəzilərində keçici. Keçici olan bəlalar da həyatlarında, sağlamlıqlarında bir iz qoyub, sonra keçib.
Həmin izin daha dayaz olması üçün ailələri onlarla bərabər savaşıb. Ancaq birinin serebral iflicinə, o birisinin hardan gəldiyi bəlli olmayan autizminə birdəfəlik çözüm tapan olmayıb. Onlar da çarəsiz qalıb bu xəstəliklərlə yaşamağı öyrəniblər. Bu prosesdə dövlət də onların, ailələrinin yanında olub. Nəticədə onların cəmiyyətə inteqrasiyası sürətlənib, insanlarla əlaqələri möhkəmlənib. Necə deyərlər, onları cəmiyyətə qazandıran bir mexanizm işə düşüb.
Söhbət bu dünyada cansağlığının önəmini hamıdan yaxşı anlayanlardan - sağlamlıq imkanı məhdud olan uşaqlardan gedir. Onların təhsili, məşğuliyyəti və karyerası dövləti daim düşündürür, lazım olan tədbirlər həyata keçirilir. Təhsil şəraiti yaradılır, infrastruktur qurulur, gələcəkdə hər insan kimi işləyib qazanmaları, karyera sahibi olmaları üçün genişmiqyaslı layihələr, dövlət proqramları həyata keçirilir. Məsələn, sadəcə bir təhsil müəssisəsinə - 5 nömrəli Bakı Peşə Liseyinə hər il orta hesabla 10-a yaxın sağlamlıq imkanları məhdud tələbə qəbul olunur. Onlar təhsil müddəti 3 il, 1 il və 6 ay olan kurslarda təhsilə cəlb edilir, yaşı bir, məqsədi bir olan tay-tuşları ilə bərabər təhsil alıb peşə sahibi olmaq imkanı qazanırlar. Aşpaz, bərbər, dərzi və başqa peşə sahibi olacaq həmin gənclər artıq inklüziv təhsilin əhəmiyyətini anlayıblar.
İnklüziv təhsil istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud olan şəxslərin bərabər təhsil almaq hüququnu təmin edir. 5 nömrəli Bakı Peşə Liseyinin direktor müavini Zibaxanım Cəfərli deyir ki, inklüziv təhsilin sağlamlıq imkanları məhdud olan həmin uşaqların həyatını necə dəyişdiyinin şahididirlər: “Azərbaycanda “İnklüziv təhsil layihəsi”nin icrasına 2005-ci ildən start verilib. Bu layihə sağlamlıq imkanları məhdud uşaqların həyatında mühüm keyfiyyət dəyişikliyinə səbəb olub.
Belə ki, həmin uşaqlar onlara aid qapalı dünyadan qopub cəmiyyətə inteqrasiya olunub və kollektivin bərabərhüquqlu fərdinə çevriliblər. Onlarda özünə inam hissi formalaşıb. Artıq belə uşaqlar asanlıqla ünsiyyət qurur, müstəqil əmək fəaliyyəti ilə məşğul olmağa başlayırlar”.
5 nömrəli Bakı Peşə Liseyinin bu prosesin fəal iştirakçısı olması təhsil müəssisəsinin kollektivi üçün maraqlı və əvəzsiz təcrübədir: “Tələbələrimizi heç vaxt kateqoriyalara bölmürük. Qəbul olub gələn hər bir tələbə bərabərhüquqludur. Göründüyü kimi, sağlamlıq imkanları məhdud tələbələri digər tələbələrlə birgə təhsilə cəlb edirik. Beləliklə də müəllimlərlə yanaşı, tələbə yoldaşlarının da onlara dərslərində kömək etməsinə nail oluruq. Lazım gəldikdə, müəllimlərimiz onlarla fərdi qaydada məşğul olur. Psixoloqumuz daim həmin tələbələrin yanındadır. Biz heç bir tələbəmizi ayırmırıq və səmimi ortam yaratmağa çalışırıq”.
Tələbələrinin sosiallaşmasına, müxtəlif layihə və təlimlərdə iştirakına şərait yaradan müəssisənin tələbələrinin bəziləri - Zeynəb Cəfərzadə, Aysu Məmmədli, Fərid Cavadov Heydər Əliyev Fondu tərəfindən təsis olunmuş “İçərişəhər ənənəvi İncəsənət Mərkəzi”ndə fəaliyyət göstərən dərnəklərə cəlb olunub. Tələbələr həftədə bir gün 5 fərqli istiqamət - keramika, batika, zərgərlik, taxta və dekorativ rəngkarlıq nümunələri üzrə fəaliyyət göstərən dərnəklərdə məşğul olurlar”.
Zibaxanım müəllim onu da əlavə edir ki, inklüziv təhsilə cəlb edilən tələbələrin bəziləri ödənişli əsaslarla kurslara qəbul olunsalar da, mövcud qanunvericiliyə əsasən təhsil haqqından azaddırlar.
Həyatı rəngbərəng muncuqlarla rəngləndirib, qayçı və daraqla “səliqəyə salırlar”
Beləliklə, sağlamlıq imkanları məhdud olanların arzu dolu böyük dünyasına biz də daxil oluruq. Onlar artıq uşaq deyil. Böyüyüblər. Hər biri bir işin qulpundan yapışıb ikiəlli həyata sarılıblar. Bir qrupunun həyata iynə-sapla sırındığı, başqa bir qrupun rəngbərəng muncuqlarla dünyasını rəngləndirdiklərini, dağınıq dünyada qayçı-daraqla səliqə-səhman yaratmağa çalışdıqlarını görmək maraqlı olduğu qədər, həm də kövrək duyğularla doludur. Ayxan Əliyev, Həsən Hüseynzadə, İsmayıl İsmayılov, Əli Babayev, Gülgün Həsənzadə, Zeynəb Əsgərova, Zeynəb Cəfərzadə, Cəmilə Məmmədəliyeva, Ləman və Sevil Məmmədovalar 5 nömrəli Bakı Peşə Liseyinin tələbələridir. Bu gün bu gəncləri birləşdirən birgə təhsil aldıqları təhsil müəssisəsində sabah üçün çox önəmli olan bir şey, onları bir çoxlarından fərqləndirəcək aşpaz, bərbər, dərzi, kompüter operatoru, əməliyyatçı mühasib kimi ixtisaslar üzrə bacarıqlar aşılanır.
Rəqəmlərin sehrinə düşən tələbə
1999-cu ildə doğulub. Özü də anadangəlmə serebral ifliclə. Təbii ki, bu da bütün həyatına təsir edib. Bəzi məqamlarda məhdudlaşdırmalara, maneələrə səbəb olub. Ancaq sağlamlığı qarşısındakı bu əngəl təhsilinə maneə təşkil edə bilməyib. Həsən də məktəbə gedib, parta arxasında oturub, tay-tuşları ilə birgə təhsil almaq hüququndan istifadə edib. 2014-cü ildə orta məktəbi bitirdikdən sonra kompüter operatoru, veb dizayner ixtisasına yiyələnib. Ancaq bununla kifayətlənməyib. Bu dəfə başqa bir peşəyə maraq göstərib. Daim yeniliklərə can atdığından bu dəfə “Əməliyyatçı-mühasib” peşəsini öyrənmək istəyib. Deyəsən, artıq axtarışları nəticə verib. İndi özünü gördüyü yerdədir 5 nömrəli Bakı Peşə Liseyinin tələbəsi Həsən Hüseynzadə. Özünü rəqəmlərin sehirli dünyasına düşmüş kimi hiss edir: “Peşəmə qarşı yüksək dərəcədə sevgi duyuram. Bu ixtisasla məşğul olanda ruhən rahatlanıram”.
Bir ixtisasda, bir peşədə özünü tapmaq buna deyirlər, yəqin ki. Çünki bu peşəyə yiyələnməklə bağlı qərar verənə qədər hətta dil öyrənmək həvəsi də olub: “British Council və Təhsil Nazirliyinin həyata keçirdiyi layihə üzrə 9 ay ingilis dili kursunda təhsil aldım”.
İngiliscə təhsil aldığı həmin müddətdə düşüncələrində bu peşə özünə yer eləməyə başlayıb. Anlayıb ki, həyatını əməliyyatçı-mühasib olaraq davam etdirmək, bu işlə məşğul olmaq, hər gün rəqəmlərin içində olmaq, bu peşə ilə qırılmaz bağlarla bağlanmaq istəyir. Bu istək də onu 5 nömrəli Bakı Peşə Liseyinə gətirib: “2019-cu ildə sənədlərimi təqdim edib müsabiqədə iştirak etdim. Artıq oxuyuram. “Əməliyyatçı-mühasib” ixtisası indi mənim üçün uzaq xəyal deyil, əksinə, hələ təhsilimi tamamlamamağıma baxmayaraq, artıq reallıqdır. Belə ki, hələ istehsalat təcrübəsindəykən məni “Port Baku” şirkətinə iş görüşməsinə dəvət etdilər. İndi orada qrafik-dizayner və marketinq sahəsi üzrə həm təcrübə keçirəm, həm işləyirəm”.
“Münasibətlərimizdə sevgi, qayğı, hörmət qarşılıqlıdır”
Həsənin sağlamlığındakı problem onun üçün maneə deyil. O, bununla yaşamağı çoxdan öyrənib. Öyrəndiyi başqa şeylər də var: “Mənə, ümumiyyətlə, ölkəmin hər vətəndaşına verilən təhsil imkanlarından istifadə etdim. Orta təhsilimi tamamladım. İndi isə peşə təhsili alıram. Özümü heç kimdən fərqli hiss etmirəm. Müəllim və tələbə yoldaşlarımın mənə olan münasibətindən də razıyam. Onlar məni çox dəyişdirdilər. Əvvəllər qapalıydım, insanlarla ünsiyyətə can atmırdım, əksinə hamıdan qaçırdım. 5 nömrəli Bakı Peşə Liseyinə daxil olduqdan sonra müəllim və tələbələrin dəstəyi ilə bu xüsusiyyətim dəyişdi. İndi nəinki ünsiyyətdən qaçır, hətta ehtiyacı olanlara kömək etməyə çalışıram. Kompüter biliklərimi həm tələbə yoldaşlarımla, həm də müəllimlərimlə bölüşürəm. Kiminsə kompüterində problem çıxırsa, bir çətinliyi yaranırsa, dərhal kömək edirəm. Onlar da mənə qayğı və hörmətlə yanaşırlar. Yəni, münasibətlərimizdə sevgi, qayğı, hörmət qarşılıqlıdır”.
Bu amillərin önəmini Həsənin anası Səadət Məmmədova da vurğulayır. Həsənin dünyaya gəlişi və ondan sonra qarşılaşdığı xəstəliklərlə mübarizəsini xatırladaraq, istər özünün, istərsə də Həsənin bu problemlərin öhdəsindən mətanətlə gəlməsində cəmiyyətin rolunu qeyd edir: “Həsən doğulanda vəziyyəti çox ağır idi. 15 gün xəstəxanada qaldıq. Ona serebral iflic (sol əlin patologiyası) diaqnozu qoyanda dünya başımıza fırlandı. Bu xəbərə alışmaq elə asan olmamışdı. Əlindən əməliyyat etdirdik. Bu zərbədən hələ özümüzə gəlməmişdik, ikinci zərbəni aldıq. Həsən 8 yaşında epilepsiya keçirdi. Bir müddət Bakıda, sonra Sankt-Peterburqda müalicə aldı. Gələn bəlanın fəsadını bacardığımız qədər azalda bildik. İndi ikinci qrup əlildir. Həsən kimi uşaqların, gənclərin qayğıya, sevgiyə ehtiyacı var. Onların rahat şəkildə cəmiyyətə adaptasiyası üçün dövlətin dəstəyi kifayət qədər böyükdür. Bu baxımdan həm oğlumun təhsil aldığı 5 nömrəli Bakı Peşə Liseyinin, həm digər təhsil müəssisələrinin, müəllim və tələbə kollektivinin əməyini yüksək qiymətləndirirəm. Uşaqların təhsil alması üçün hər cür imkan yaradılıb. Ancaq bunun üçün insanlar da anlayışlı, diqqətli olmalıdırlar. Sağlamlıq imkanlarına baxıb ətrafımızdakı insanları özümüzdən kənarlaşdırmamalıyıq. Bu məsələdə insanlar mühitin rolunun nə qədər böyük olduğunu unutmamalıdırlar”.
İynə-sapla həyata sarıldılar
Serebral ifliclə uşaqlıqdan tanış olan sadəcə Həsən deyil. Zeynəb Cəfərzadə də bu xəstəlik ilə doğulub. Ancaq onun üçün də bir xəstəlik bu həyatda sahib olmaq istədikləri üçün əngəl sayılmaz. Zeynəb artıq III kurs tələbəsidir. Tezliklə sevdiyi, seçdiyi sənətə yiyələnən “dərzi Zeynəb” kimi tanınacaq: “Paltarlara qaş düzməyi, onları muncuqlarla bəzəməyi çox sevirəm. Anam da bu həvəsimi nəzərə alıb mənə burada təhsil almağı tövsiyə etdi. Onun tövsiyəsinə uyduğuma görə özümü xoşbəxt hiss edirəm. Bir anda özümü səmimi bir mühitin içərisinə qaynayıb-qarışmış gördüm”.
Zeynəb kimi əlinə iynə-sap alanda bütün dərdlərini, problemlərini unudan bir qız da var. Adı Aysu Məmmədbəylidir. Autizmlidir. “Paltarlar üzərində muncuqlarla işləyirəm. Bu, çox gözəl işdir”, - deyir.
Gördüyü iş kimi Aysu özü də çox zərifdir. Onunla münasibətlərdə yoldaşları diqqətli olmağa çalışırlar. Yaxın dostu Xanım Süleymanova deyir ki, sakit, qapalı və çox duyğusal olan Aysu hisslərə çox önəm verir: “Mehriban olmaqla yanaşı, çox küsəyəndi və adi bir sözdən inciyir. Ona görə də onunla çox ehtiyatla davranırıq”.
Kim nəyi yaxşı bilirsə o birinə kömək edir
İsmayıl İsmayılov, Əli Babayev, Gülgün Həsənzadə aşpaz olacaqlar. Bu işdən də çox məmnundurlar. Başqaları üçün qazan asıb, dadı damaqlarda qalacaq yemək bişirib şöhrət qazanmaq istəyirlər.
“Öz istəyimlə bu peşəyə yönəldim. Evdə vaxtımın çoxunu yemək bişirməklə keçirirəm. Ən çox makaron və kartof bişirməyi sevirəm. Uşaqlıqdan yemək bişirməyə həvəsim olduğu üçün bu sənəti daha dərindən öyrənmək qərarına gəldim” - deyən I kurs tələbəsi İsmayıl İsmayılov autizmli olmasına baxmayaraq, tələbə yoldaşlarıyla uğurla ayaqlaşır. Riyaziyyatda da bacarıqlı olduğunu deyən fənn müəllimi Nədanə Mansurovanın sözlərinə görə, bəzən çalışmaları başqalarından daha sürətlə yerinə yetirib başa çatdırır. Nizam-intizamlı tələbə kimi tanınan İsmayıl aşpaz olmağa tələsir.
Ərzulla Həmzəyev onunla bir kursda təhsil alan Əli və İsmayılla mehriban münasibətlər qurub. İnklüziv təhsilin əhəmiyyətini anlayan Ərzulla bu məsələdə tərəddüd edənlərlə qətiyyən razılaşmır: “Əli və İsmayılla mehriban, səmimi münasibətimiz var. Onlar səmimi qrup yoldaşı və əsl dostdurlar. Nə münasibətlərdə, nə təhsildə özümüzü biri-birimizdən ayrı təsəvvür etmirik. Məncə, hamımız fərqliyik. Ayrı-ayrı bədən quruluşumuz, müxtəlif xasiyyətlərimiz var. Hər kəs fərqlidir. Əsas odur ki, biz bir-birimizdə fərq, artıq-əksik heç nə axtarmırıq. Nə özümüzü başqalarından, nə də başqalarını özümüzdən üstün tuturuq. Kim nəyi yaxşı bilirsə, o birinə kömək edir. Beləliklə, həm həyatımızı asanlaşdırır, təhsilimizin keyfiyyətini artırırıq, həm də münasibətlərimizi möhkəmləndiririk. Əli ilə, İsmayılla bir kursda təhsil almaq nəinki təhsilimizə mane olur, əksinə kömək edir. Məsələn, İsmayıl rus dilini çox yaxşı bilir. Bu da bizim üçün əlavə üstünlükdür. Qrupumuzda rus dilini yaxşı bilən bir yoldaşımızın olması rus dilində qarşımıza çıxan çətin tapşırığı bizim üçün asanlaşdırır. Beləcə, İsmayılın köməyi ilə rus dilini öyrənirik”.
Ayxan Əliyev isə “Turizm agenti” ixtisası üzrə III kursda təhsil alır. Təhsil aldığı müəssisənin ictimai işlərində çox fəaldır. Tədbirlərin foto və video çəkilişlərini məhz o həyata keçirir. Bacarıqları bununla da məhdudlaşmır. Musiqi alətlərində ifa edir, hətta musiqi alətləri və səs cihazlarını tənzimləyir.
Uzun sözün qısası, “sağlamlıq imkanı məhdud” deyib keçməyin, hər birinin 10 barmağında 10 qabiliyyət var. Onlar da arzulayır, arzusunu məqsədə çevirir, hədəfi üçün mübarizə aparır. Bu mübarizədə biz də onların yanında olaq ki, hədəfə gedən yolda büdrəməsinlər.
Ruhiyyə DAŞSALAHLI
|
|
21.02.2020 | 10:51 | |
|
|
|