Sankt-Peterburq Dağ-mədən Universitetinin əməkdaşları ADNSU-da ixtisasartırma kursunda | |
Mayın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetdə ixtisasartırma kursunda iştirak edən Rusiyanın Sankt-Peterburq Dağ-mədən Universitetinin nümayəndələri ilə görüşüb.
ADNSU-nun Azərbaycanda texniki yönümlü təhsil verən ən köklü ali təhsil ocağı olduğunu deyən rektor, professor Mustafa Babanlı universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, ixtisaslar, tanınmış məzunlar, Startap məktəbi və s. haqqında ətraflı məlumat verib. Azərbaycanda texniki yönümlü ixtisaslara marağın yüksək olduğunu bildirən rektor universitetdə neftlə yanaşı sənayenin müxtəlif istiqamətlərini əhatə edən ixtisasların da tədris olunduğunu qeyd edib. ADNSU-nun Sankt-Peterburq Dağ-mədən Universiteti ilə əlaqələrə xüsusi önəm verdiyini deyən M.Babanlı daha çox elm və innovasiya istiqamətlərində birgə əməkdaşlığın zəruriliyini vurğulayıb.
Səmimi qəbula görə rektor Mustafa Babanlıya təşəkkür edən Sankt-Peterburq Dağ-mədən Universitetinin nümayəndələri təmsil etdikləri ali məktəb haqqında videotəqdimat nümayiş etdiriblər. Universitetdə olduqları müddətdə onlara göstərilən diqqətdən razılıqlarını ifadə edən rusiyalı qonaqlar ADNSU ilə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını qeyd ediblər.
Qeyd edək ki, Sankt-Peterburq Dağ-mədən Universitetinin nümayəndələri ADNSU-nun nəzdində Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunda ixtisasartırma kursu keçirlər. Kurs müddətində iştirakçılar universitetin müxtəlif kafedra, şöbə və laboratoriyalarında olub, dərs prosesində iştirak ediblər.
Kursun sonunda Sankt-Peterburq Dağ-mədən Universitetinin nümayəndələrinə sertifikat təqdim olunacaq. |
|
11.05.2018 | 17:24 | |
|
|
|