Bakı Modern Təhsil Kompleksi keyfiyyət sertifikatına layiq görülüb | |
2012-ci ildən fəaliyyətə başlayan, Avropa təhsil sisteminə inteqrasiya olmaq, innovativ texnologiyalara əsaslanan təlim prosesini təşkil etməklə beynəlxalq standartlara cavab verən müasir tədris - təlim sistemi yaradan Bakı Modern Təhsil Kompleksi (BMTK) bu günlərdə dünyada ən mühüm keyfiyyət idarəetmə standartı hesab edilən ISO 9001 sertifikatına layiq görülüb.
Bu münasibətlə BMTK-da təşkil olunan tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri və təmsilçisi Arzu Gülhan Yüzereroğlu, BMTK-nın baş direktoru Mina Əliyeva, BMM-nin direktoru Gülarə Əfəndiyeva, Bakı Modern Beynəlxalq Məktəbinin direktoru Samirə Teymurova, Modern Baby körpələr evi-uşaq bağçasının direktoru Sevda Hüseynova, şagird və valideynlər iştirak ediblər.
Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq əlaqələrindən danışan səfir Erkan Özoral bildirib ki, Azərbaycanın gündən-günə inkişaf etdiyini görmək qürurvericidir.
“ Bakı Modern Təhsil Kompleksinin ISO 9001 sertifikatı ilə təltif edilməsi artıq Azərbaycanın hər sahədə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər, uğurlar əldə etdiyinin sübutudur. Azərbaycan 30 il ərzində yeni bir dövlət qurdu, müstəqilliyini əldə etdi və dünyanın ən sürətlə inkisaf edən ölkələrindən birinə çevrildi. Biz də Türkiyə Cümhuriyyəti olaraq bu inkişafda yer almaqdan bəxtiyarlıq duyuruq. Türk Standartları İnstitutu öz sahəsində dünyanın ən öndə gedən qurumlarından biridir və hər hansı bir quruma verdiyi keyfiyyət sertifikatını da həqiqətən layiq olduğu üçün verir. Valideynlərə demək istəyirəm, bu sertifikat demək olar ki, sizə verilən bir təminatdır. Əmin olun ki, burada sizin övladlarınıza verilən təhsil onları hərtərəfli yetişdirməklə yanaşı, eyni zamanda Azərbaycanın gələcəyinə layiqli insanlar hazırlayacaqdır "-deyə səfir qeyd edib.
Bakı Modern Təhsil Kompleksinin 8 ildir fəaliyyət göstərdiyini, bu illər ərzində bir çox uğurlara imza atdığını deyən Bakı Modern Təhsil Kompleksinin baş direktoru Mina Əliyeva kompleksin gündəlik inkişafını əks etdirmək və onu mühüm bir sənədlə təsdiq etmək üçün İsveçrə Beynəlxalq Standartlaşma Təşkilatının Türkiyədə rəsmi nümayəndəsi olan TSE-yə (Türk Standartları İnstitutuna ) müraciətdən bəhs edib:” 2019-cu ilin mart ayında kompleksimizdə ilk təlimlər təşkil olundu, davamlı olaraq sınaq və əsas yoxlama mərhələləri aparıldı. Nəticə isə göz qabağındadır. Onu deyə bilərəm ki, sözün əsl mənasında qürur duyuram və xoşbəxtəm. Bu etimadi bir təhsil müəssisəsi olaraq doğrultmuşuq və hər zaman da doğruldacağıq”.
Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri və təmsilçisi Arzu Gülhan Yüzereroğlu isə qeyd edib ki, qabaqcıl ölkələrin təcrübəsinə əsasən beynəlxalq idarəetmə standartlarının tətbiqi həmin müəssisənin işinin səmərəli təşkilində, keyfiyyətinin yüksəldilməsində böyük əhəmiyyət daşıyır. |
|
20.02.2020 | 14:14 | |
|
|
|