“Yol hərəkəti qaydaları uşaqların gözü ilə”

Balakən rayonu Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbdə “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı tədbir keçirilib. Tədbir ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq təşkil edilib.

 

Tədbirin əsas məqsədi ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli olmağa səsləmək, piyada və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaq, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri, hüquqları, ümumtəhsil məktəblərində təhsil alan uşaq və yeniyetmələrə yol hərəkəti təhlükəsizliyi qaydaları barədə məlumat verməkdir.

 

Görüşdə çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev bildirib ki, sözügedən dövlət proqramının əsas məqsədi yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir.

 

Balakən Rayon Polis Şöbəsinin yol patrul xidmətinin baş inspektoru Abuzər İsmayılov çıxış zamanı yol nişanları barədə məlumat verib, piyadanın vəzifələri haqqında ilkin təsəvvür yaratmağa çalışıb.

 

Daha sonra sözügedən məktəbin “Yol Polisinin gənc dostları” klubunun üzvləri çıxış ediblər. Nizami adına şəhər 1 nömrəli tam orta məktəbinin şagirdlərinin ifasında “Cırtdan yol hərəkət qaydalarını öyrənir” adlı səhnəcik nümayiş etdirilib. Hənifə, Qaysa, Talalar kənd 1 nömrəli, Şərif kənd 1 nömrəli, Zərifə Əliyeva adına şəhər 3 nömrəli tam orta məktəb və liseyin şagirdlərinin çıxışları dinlənilib.



20.02.2020 | 13:31