Şamaxıda regional müşavirə

Fevralın 18-də Şamaxıda regional müşavirə keçirilib.

 

Müşavirə “Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı maddə olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə” Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar keçirilib.

 

Təhsil Nazirliyinin təşkilatçılığı və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinin (ANAMA) dəstəyi ilə  keçirilən müşavirənin əsas məqsədi qeyd olunan məsələylə əlaqədar yerli təhsili idarəetmə orqanlarının əməkdaşları ilə maarifləndirmə işinin aparılmasıdır. Eyni zamanda gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənninə aid kabinetlərdə təlim silahları, sursatlar və elektron silahların saxlanma qaydaları barədə geniş məlumat vermək, təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyini göstərmək, fənn rəhbərlərinin bilik və bacarıqlarını daha da inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək də əsas məqsədlərdən biri olub.

 

Təhsil Nazirliyi Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri Bəhruz Müslümov Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar qarşıda duran vəzifələr barədə məlumat verib. Yerli təhsili idarəetmə qurumlarının müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi ilə bağlı yerlərdə aparılan işlər zamanı yol verilən nöqsanlardan, bu sahədə çalışan bəzi əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışıb, nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

 

 ANAMA-nın nümayəndəsi İdris İsmayılov çıxışında minaların zərərsizləşdirilməsi, əleyhqazlardan istifadə, hədəfin nişan alınması və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsinin, partlamamış hərbi sursat (minalar, qumbaralar, mərmilər və digər partlayıcı əşyalar) və təqliğ vasitələri aşkar edildikdə onlara toxunmağın qəti qadağan olması və bu barədə dərhal 102 və ya 112 “Qaynar xətti”nə məlumat verilməsinin önəmini vurğulayıb.

 

Çıxış edən Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin hərbi rəhbəri Qılman Eyvazov GÇH fənninin şagirdlərin Azərbaycan ordusu sıralarında hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olmasında, vətənpərvər ruhlu vətəndaş kimi formalaşmasında mühüm rol oynadığını bildirib.

 

Təhsil Nazirliyinin əməkdaşı İsaq Məmmədov müvafiq dövlət standartları əsasında hazırlanmış proqram və dərsliklərə uyğun tədris edilən  GÇH fənninin eyni zamanda məktəblilərin ordu həyatı ilə tanış olmalarına, Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi Nizamnamə və  Qaydaların mənimsədilməsinə xidmət etdiyini qeyd edib.

 

Müşavirədə  Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxış edərək “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr haqqında geniş məlumat verib. 

 

Həmçinin Təhsil Nazirliyinin  müvafiq əmrinə uyğun mütəmadi olaraq yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbir, təlim və seminarların təşkilinin vacibliyi bildirilib, bu sahədə Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə əməkdaşlığa böyük önəm verildiyi qeyd edilib.

 

Tədbir müzakirələrlə başa çatdırılıb.

 



18.02.2020 | 17:21