DİM sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək.

 

Sınaq imtahanında iştirakçılara 2020-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda  3 imtahan fənni üzrə test tapşırıqları təqdim olunacaq. 

 

I qrup –Riyaziyyat, fizika, kimya

 

II qrup –Riyaziyyat, coğrafiya, tarix

 

III qrup – Azərbaycan (rus) dili, tarix, ədəbiyyat

 

IV qrup – biologiya, fizika, kimya  

 

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 15104 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Quba, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində, ümumilikdə 43 binada təşkil olunacaq.

 

DİM-dən bildirilib ki,  sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırılıb  ki, imtahan binasına buraxılış saat 10:45‑də başa çatacaq. İmtahanın müddəti 3 saatdır. Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

 

Qeyd edək ki, imtahanların idarə edilməsi üçün 91 imtahan rəhbəri, 938 nəzarətçi-müəllim ayrılıb.

 



14.02.2020 | 15:21