Uğurlu SABAH bu gündən başlayır | |
“Təlimlər çox maraqlı oldu. 4 təlimdə iştirak etdim. Startap, işə qəbul və akademik fəaliyyətlə bağlı təlimlər mənim üçün çox maraqlı oldu. Bu təlimlərdə iştirak edə bildiyim üçün çox sevinirəm. Mənim üçün təsəvvür etmədiyim qədər böyük faydası olduğunu düşünürəm. Təlimlərdə ən çox BDU-nun “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru, Gənclər üçün Prezident mükafatçısı Elvin Məlikovun təlimlərindən motivasiya aldım”.
Ayşən Məmmədova Azərbaycan Dillər Universitetinin SABAH fakültəsinin IV kurs tələbəsidir. Fevralın 11-13-də Vergilər Nazirliyi Tədris Mərkəzində təşkil edilən SABAH IV Karyera Qış Məktəbinin iştirakçılarından biridir.
Əsasən IV kursda təhsil alan tələbələrin qatıldığı təlimlər artıq 4 ildir təşkil edilir. Belə ki, “SABAH” Karyera Akademiyası 2017-ci ildə “SABAH” məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb. İndiyədək 300-dən artıq tələbənin qatıldığı üç SABAH Karyera Qış Məktəbi keçirilib. Builki təlimlərdə 68 tələbə olmaqla, ümumilikdə 110 nəfər iştirak edib. İştirakçılar tələbələr, təlimçilər, SABAH əməkdaşları, texniki heyət və könüllülərdən ibarət olub. Təlimlər, sadəcə tələbələr üçün deyil, həm də dekan və müavinləri üçün təşkil edilib. Onlar təhsil idarəetməsi üzrə təlimlərə qatılıblar. Tələbələr karyera quruculuğunun nəzəri, praktiki və aktual mövzuları üzrə təlimlərdə iştirak ediblər. Onlar “Emosional intellekt”, “Karyerada dəyişikliklərin idarə olunması”, “Startap qurum, yoxsa iş axtarım?”, “Alimliyə gedən yol”, “Sosial media; sualtı daşlar və karyera imkanları”, “Layihələrin idarə olunması”, “Tədqiqat necə yazılmalıdır?”, “Qızıl 4 il”, “Əmək qanunvericiliyi”, “Öz brendini yarat”, “Biznesin qurulması üçün alternativ maliyyə mənbələri”, “Effektiv təqdimat bacarıqları” mövzuları üzrə təlimləndiriliblər. Dekan və dekan müavinləri isə peşəkar inkişafa yönələn təlimlərdə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”, "Tvininq" layihəsi və onun Azərbaycanda təhsilə tətbiqi”, “Yeni universitet identikliyi: sahibkarlıq universiteti modeli”, “Yeni standartlar və SABAH qruplarında tədris fənlərinin yeni standartlarının hazırlanması”, “Data vizuallaşdırılması və infoqrafika” mövzularında təlimləndiriliblər.
SABAH qruplarından məzun olanlar seçilir
Məlumat üçün qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən fəaliyyətdədir. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2400-dən çox tələbəni əhatə edir. SABAH qruplarında 5 ixtisas istiqaməti, 36 ixtisas üzrə tələbə hazırlığında 500 nəfərdən artıq müəllim-professor heyəti iştirak edir.
SABAH qruplarında təhsilalanların 33.53 faizi təhsil, 28.3 faizi iqtisadiyyat, 24.68 faizi texniki ixtisaslar üzrə, 7.34 faizi humanitar elmlər, 6.14 faizi isə mədəniyyət və incəsənət sahələri üzrə ixtisaslaşıblar.
Onlar nə edəcəklərini bilirlər
Ümumiyyətlə, SABAH məzunlarının 30 faizə qədəri məzun olduqları ilk 3 ay ərzində məşğuliyyət qazanırlar. Müşahidələrə görə, bu 30 faizin içərisində təhsilini növbəti pillədə davam etdirənlərin çəkisi xüsusilə çoxdur. Rəqəmlər göstərir ki, SABAH-ın ilk, yəni 2017 və 2018-ci il buraxılışlarının 37 faizi təhsilini magistratura pilləsində davam etdirib. Ötən il isə bu rəqəm 40 faizədək yüksəlib. Üstəlik, SABAH məzunları magistraturada təhsil almaq üçün xarici ölkələrin ali təhsil müəssisələrinə üstünlük veriblər. Nəticədə bu məqsədlə xaricə üz tutan SABAH məzunlarının sayı ildən-ilə artıb. Rəqəmlərdən belə görünür ki, hər 5 SABAH məzunundan biri təhsilini xaricdə davam etdirir. Belə ki, 2017-ci ildə məzunların 16 faizi təhsil üçün xaricə üz tutmuşdusa, ötən il bu göstərici 19 faizədək yüksəlib.
Təbii ki, bunda da SABAH Karyera mərkəzinin fəaliyyətinin rolu danılmazdır. SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadənin sözlərinə görə, SABAH Karyera mərkəzinin əsas konsepsiyasına uyğun olaraq, III kurs SABAH tələbəsindən kim olacağı soruşulur: “Bu sualın cavabında tələbənin qeyd edə biləcəyi 4 variant var. Tələbə peşəkar karyera quracaq, ya təhsilini növbəti səviyyədə davam etdirəcək, yaxud startap - sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq, hansı ki, bu, son illərdə xüsusilə geniş yayılıb. Və nəhayət, tələbə elmi tədqiqat aparacağını deyə bilər. Təhsilalanın bu dörd variantdan heç birini qeyd etməməsi bizim üçün mənfi göstəricidir. Çünki bu cavablardan asılı olaraq, biz tələbənin məşğulluq indeksini müəyyənləşdiririk. SABAH məzununun məşğulluq indeksi təxminən 90 faizdən artıqdır. Məzun olduqdan sonrakı ilk 3 ayda bu 4 meyardan heç biri ilə məşğul olmayanlar 10 faizdən aşağı təşkil edir”.
Ş.Seyidzadə onu da qeyd edib ki, SABAH məzunlarının startap və sahibkarlıq sahəsində fəaliyyətlərinə dəstək olmaq məqsədilə hər il SABAH İnnovasiya Forumu təşkil edilir: “Məzunlarımız indi də xaricdə müxtəlif startap müsabiqələrində iştirak edirlər”.
31 şirkətin iştirakı ilə SABAH Karyera Sərgisinin keçirildiyini də vurğulayan Ş.Seyidzadə 60-a yaxın şirkətlə həyata keçirilən tərəfdaşlıqdan da danışıb.
Ömürboyu oxumağa hazır olun
“Hazırda qarşınızda müxtəlif istiqamətdə bir çox yol var. Ancaq siz birini seçməlisiniz. Bu həm də ona görə önəmlidir ki, baza təhsili aldığınız peşə istiqaməti üzrə ixtisasa bir neçə il sonra tələbat olub-olmayacağını müəyyənləşdirmək çətindir. Ona görə gələcəkdə hansı yolu izləyəcəyinizi indidən düşünməlisiniz” - deyən Təhsil nazirinin müavini Firudin Qurbanov Qış məktəbinin iştirakçıları ilə görüşündə gənclərə tövsiyələr verib. O, insanın nə edəcəyini, kim olacağını əvvəlcədən müəyyənləşdirməsinin önəmini izah edərkən eramızdan əvvəl yaşamış məşhur Roma filosofu Lutsius Anneus Senekanın fikrinə istinad edib: “Seneka karyeranı yelkənli qayıqla müqayisə edirdi. İnsan hansı sahilə üz tutduğunu bilirsə, külək ona kömək edəcək. Ona görə də yolunuzu düzgün seçməli, həmin yolda uğurlu karyera əldə etmək üçün işinizi düzgün planlaşdırmalısınız. Mərhələlər müəyyənləşdirməlisiniz. Karyeranın inkişafında üfüqi, yoxsa şaquli yol seçəcəyinə qərar verməli, birmənalı bilməlisiniz ki, diplom alsanız da, bu, hər şey deyil. Ola bilər ki, yiyələndiyiniz peşəyə bir neçə il sonra ehtiyac qalmasın. O zaman məcbur olacaqsınız ki, yeni peşə əldə edib, yenidən təhsil alasınız. Buna hazır olmaq lazımdır. Hər insan bilməlidir ki, ömürboyu öz üzərində çalışmalıdır. Təhsilini artırmalı, digər bacarıqlar da əldə etməlidir. Ona görə də ömürboyu oxumağa hazır olun”.
F.Qurbanov tələbatdan asılı olaraq ixtisaslara dəyişən münasibətdən danışarkən beyin mərkəzlərində aparılan araşdırmalara və onların nəticələrinə də diqqət çəkib. Onun sözlərinə görə, bu gün milyonlarla insanın çalışdığı bir sahə üzrə bir neçə il sonra tələbatın olmaması artıq təəccüblü deyil: “Bir sözlə, bilik, baza təhsili yetərli olmaya bilər. Gələcəkdə özünüzü görmək istədiyiniz yerə uyğun müasir dövrün tələbləri olan bacarıqları inkişaf etdirməlisiniz. Unutmayın ki, artıq işəgötürənlər kommunikasiya, komanda mühitində işləmək bacarıqlarına, insani keyfiyyətlərə, yüksək mədəniyyətə, vətənpərvərliyə daha çox diqqət yetirirlər”.
Təhsil nazirinin müavini gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanlarından söz açaraq təhsilini xaricdə davam etdirən SABAH məzunlarına müraciət edib. Bu tendensiyanı müsbət hadisə kimi dəyərləndirsə də, gənclərə sonradan öz ölkəsini yaddan çıxarmamalarını, dəyərlərini unutmamalarını da tövsiyə edib.
IV Qış Məktəbi başa çatdı
SABAH tələbələrinin işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edən növbəti - IV Qış Məktəbi başa çatıb. Şamaxıdan böyük təəssüratla qayıdan tələbələrin hər biri qarşılarındakı 4 yolayrıcına çaşqın nəzərlərlə deyil, aydın ifadələrlə baxır. Hər biri öz istiqamətini müəyyənləşdirib. Məsələn, Ayşən Məmmədova akademik fəaliyyət istiqamətini götürməkdə qərarlıdır: “Azərbaycan Dillər Universitetdə ingilis dili üzrə xarici dil müəllimliyi ixtisasına yiyələnirəm. Magistratura imtahanlarına hazırlaşıram. Sonradan təhsilimi doktorantura pilləsində də davam etdirmək niyyətindəyəm. Nə gedəcəyim istiqamət, nə də seçdiyim ixtisasla bağlı tərəddüdüm yoxdur. Hesab edirəm ki, illər keçsə də, müəllimlik ixtisasına tələbat ölməyəcək. Süni intellekt heç vaxt savadlı, qayğıkeş, sevgidolu müəllimi əvəz edə bilməz. Bəlkə başqası üçün fərqlidir, ancaq mən bu təlimlərdə özüm üçün bir daha təsdiq etdim ki, təlimçilərdən daha çox şey öyrənirəm, nəinki texnologiyanın imkanlarından. Ona görə də əminəm ki, müəllimliyə bundan sonra da ehtiyac olacaq”.
Ruhiyyə DAŞSALAHLI
|
|
14.02.2020 | 11:27 | |
|
|
|