“Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar” mövzusunda konfrans

Fevralın 13-də “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda iki günlük beynəlxalq konfransın açılış mərasimi keçirilib. Konfrans Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə keçirilir.

 

Açılış mərasimində çıxış edən UNEC-in rektoru Ədalət Muradov qeyd edib ki, konfrans ölkə Prezidenti  cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilən nailiyyətlər və artıq formalaşdırılmış möhkəm bazanı nəzərə alaraq ölkəmizin gələcəkdə də dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsinin ən ciddi aləti kimi rəqəmsal transformasiyasının müxtəlif aspektlərini müzakirə etmək və bu məsələni daim gündəlikdə saxlamaq məqsədilə təşkil olunub. Konfransa 19 ölkədən nümayəndə qatılıb, 95 xarici olmaqla 22 ölkədən 215 məqalə təqdim edilib. Konfrans çərçivəsində 7 bölmə - “Dövlət idarəetməsinin rəqəmsal transformasiyası”, “Rəqəmsal əməkdaşlığa regional baxış”, “Maliyyə sektorunun rəqəmsallaşması”, “Sosial sahələrin və təhsilin rəqəmsal transformasiyası”, “Rəqəmsal transformasiyada texnoloji, humanitar və etik problemlər”, “Rəqəmsal valyutalar və elektron ticarət: potensial risklər və faydalar”, “Ağıllı şəhər: beynəlxalq təcrübə” üzrə müzakirələr aparılacaq.

 

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov diqqətə çatdırıb ki, Azərbaycanın iqtisadiyyatı ölkənin bütün sahələrində inkişafa nail olunmasına təkan verir. Rəqəmsal inqilabın sürətlə inkişaf etməsi rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində ciddi addımlar atmağı tələb edir. Konfransda aparılan müzakirələr, fikir mübadiləsi bu sahədə mühüm nəticələr ortaya qoyacaq.

 

Təhsil nazirinin müavini İdris İsayev vurğulayıb ki, iqtisadi inkişafın dinamikası fonunda təhsil sisteminin müasir iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması mühüm məsələlərdəndir. Nazir müavini bildirib ki, qloballaşma dövründə təhsil sistemlərinin milli iqtisadiyyatların qlobal dəyər zəncirinin tərkib hissəsinə çevrilməsi bu əlaqəliliyin aktuallığını daha da artırır. Müasir texnoloji inkişaf fonunda iqtisadi tələblərin formalaşdırdığı yeni çərçivələrin müəyyən olunması günümüzün mühüm reallığını, öyrənmə və öyrətmə prosesinin bu tələblər üzərində qurulması isə təhsil sisteminin bütün pillələri üzrə cavabdehliyin əsasını təşkil edir. Rəqəmsal inqilabın tələblərinə cavab vermək üçün Azərbaycanda təhsil sahəsində mühüm addımlar atılıb. Ölkənin 6 bölgəsində 123 məktəbi əhatə edən “Rəqəmsal bacarıqlar” layihəsi icra olunur. Bu layihəyə 70 mindən çox şagird cəlb olunub. Layihənin məqsədi şagirdlərin rəqəmsal bacarıqlarını üzə çıxarmaqdır.

 

Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxışında qeyd edib ki, rəqəmsal iqtisadiyyatın inkişafında infrastrukturun modernləşdirilməsi və artan tələbatın təmin olunması üçün imkanlar yaradılması, müasir texnologiyaların tətbiqi, internet istifadəçilərinin sayının artması, elektron ticarətin genişlənməsi əsas rola malikdir.

 

Açılış mərasimi məruzələrin dinlənilməsi ilə davam etdirilib.

 

Qeyd edək ki, beynəlxalq konfransın ikinci günü konfransın mövzusuna aid çıxışların olması, müzakirələrin aparılması nəzərdə tutulur.

 

Konfrans çərçivəsində, həmçinin informasiya texnologiyaları şirkətlərinin panel təqdimatları olacaq.

 

Beynəlxalq konfransa Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, ABŞ-ın Linkoln Universiteti, Fransanın Monpelye Universiteti, Türkiyənin İstanbul Universiteti, Belarus Dövlət İqtisad Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Yunanıstanın Qərbi Makedoniya Universiteti, TİKA – Türkiyə İş Adamları Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi, Türk Dünyası İqtisadçılar Birliyi, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası, Klariveyt Analitks və Rusiyanın Y.T. Qaydar adına İqtisadi Siyasət İnstitutu tərəfdaşlıq edir.



13.02.2020 | 14:55