Məktəblilər arasında mühəndislik və robot texnikası yarışı keçiriləcək | |
Mayın 12-də Təhsil Nazirliyi, " ADA" Universiteti, "Mars Academy" MMC və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı, PAŞA Bank, Enginet və Təhsildə İnnovativ Yexnologiyalar şirkətlərinin dəstəyi ilə məktəblilər arasında "First LEGO League (FLL) Azərbaycan" mühəndislik və robototexnika yarışına start veriləcək.
Təhsil Nazirliyində keçirilən bugünkü mətbuat konfransında yarışma barədə ətaflı məlumat verən Nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Ayla Həsənova qeyd edib ki, hər il dünyanın 89 ölkəsində 250 mindən artıq məktəblinin cəlb olunduğu FLL bu il Azərbaycanda təşkil olunacaq. Yarışın məqsədi ümumtəhsil məktəblərinin şagirdlərinin elm və texnologiyalara olan marağını artırmaq, onları hazırkı qlobal problemlərin elmi-texniki həllinə töhfələr verməyə həvəsləndirməkdir. Builki yarışın mövzusu "Hidrodinamika: suyun səyahəti"dir. A.Həsənova yarışın əhəmiyyəti barədə danışaraq qeyd edib ki, məktəblilərin İKT vərdiş və bacarıqlarının artırılması, biliklərin bacarıqlara çevrilməsi, onların komanda halında işləmək bacarıqlarının inkşafı üçün bu cür tədbirlərin əhəmiyyəti böyükdür. A. Həsənova İKT bacarıqlarının əhəmiyyətini vurğulayaraq məktəbdənkənar təhsillə bağlı 8 istiqamət üzrə 3 illik yeni tədris proqramlarının hazırlandığını deyib.
" ADA" Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekan əvəzi Araz Yusubov "ADA" Universitetində keçiriləcək FLL layihəsinin komponentləri haqqında məlumat verib. O, dünyanın 88 ölkəsində keçirilən qlobal yarışın həm ibtidai, həm də orta məktəb şagirdləri üçün nəzərdə tutulduğunu deyib. Burada əsas məqsəd gənclərin təbiət fənləri və texnologiyalara, mühəndisliyə marağını oyatmaqdır.
"Mars Academy" MMC-nin direktoru Şeyda Allahverdiyevanın sözlərinə görə, yarışlarda həm özəl, həm də dövlət təhsil müəssisələri iştirak edir. FLL çərçivəsində hər komandada 4 məktəbli olmaqla, 12 komanda əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı olmaqla, 4 kateqoriya üzrə gücünü sınayacaq. Sonda iştirakçılar medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar isə kuboklarla təltif olunacaq.
Türkiyə "Bilim Kahramanları" dərnəyinin üzvü Hakan Habib ölkəsində 14 ildir ki, bu tədbirin geniş miqyasda təşkil olunduğunu bildirərək ildən-ilə onun tərəfdarlarının sayının artdığını qeyd edib. O, əmin olduğunu bildirib ki, gələcəkdə Azərbaycanda da bu layihəyə dəstək genişlənəcək. Bu yarışma hər kəsin töhfə verməli olduğu bir layihədir.
Qeyd edək ki, "First LEGO League (FLL) Azərbaycan" mühəndislik və robototexnika üzrə qeydiyyatdan keçmiş məktəblərin komandalarına Təhsil Nazirliyi tərəfindən xüsusi hidrodinamika dəstləri verilib. Yarışın münsiflər heyəti Türkiyədən dəvət olunmuş ekspertlər, yerli mütəxəssislər və "ADA" Universitetinin müəllimlərindən təşkil olunub.
MDB məkanında FLL formatında ilk müsabiqə 2005-ci ildə Azərbaycanda "Robotlar Missiyası " layihəsi çərçivəsində keçirilib. 2005-2006-cı illərdə 3 Milli Robot Yarışı təşkil olunub və azərbaycanlı məktəblilər 2 dəfə britaniyalı komanda yoldaşları ilə birlikdə Birləşmiş Krallığın FLL finalında iştirak ediblər.
Oruc MUSTAFAYEV |
|
11.05.2018 | 15:51 | |
|
|
|