Coğrafiyadan dərs nümunəsi

Son illər təhsil sahəsində həyata keçirilən köklü islahatların nəticəsi olaraq məktəblərimizdə fənyönümlü təhsildən şəxsiyyətyönümlü təhsilə keçid baş verir. Yeni şəraitdə ümumi orta təhsilin qarşısında duran vəzifələr də dəyişir. İndi orta məktəbin əsas vəzifəsi şagirdləri müasir biliklərlə silahlandırmaq, onlara elmlərin əsaslarını öyrətmək, dünyagörüşlərini genişləndirməklə şəxsiyyət kimi formalaşdırmaqdır. Elə bir şəxsiyyət ki, həm müasir bilik və informasiya bolluğundan baş çıxarıb, onların zərurilərini seçə bilsin, müəyyən həcmdə bilik və informasiyaların daşıyıcısı olsun, həm də yüksək insani keyfiyyətlərə, dərin əqidəyə yiyələnsin, milli və bəşəri dəyərlərə hörmət etsin, demokratiya şəraitində yaşayıb fəaliyyət göstərməyə hazır olsun. Şagirdlərin şəxsiyyət kimi formalaşdırılması məqsədi ona insanı şəxsiyyət kimi səciyyələndirən çoxlu sayda mənəvi-əxlaqi keyfiyyətlərin aşılanmasını nəzərdə tutur ki, bunların da ən aparıcılarından biri vətənpərvərlik hissidir.

 

Şagirdlərdə vətənpərvərlik hissini aşılamaq isə ilk növbədə biz müəllimlərin vəzifə və vətəndaşlıq borcudur. Məhz buna görə də şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirir, tədris etdiyim coğrafiya fənnində vətənimizin ərazisi, təbii şəraiti, bitki və heyvanat aləmini bilməyi, şagirdlərimə doğma Vətən torpağını, daşını, meşəsini, çayını sevməyi, onların varlığından qürur duymağı öyrədirəm.

 

Bir coğrafiya müəllimi kimi mən dərslərimi müxtəlif yaradıcı metod və üsullar əsasında quraraq yalnız bilik yönümlü deyil, həm də dövrün tələblərinə cavab verə biləcək şəxsiyyətyönümlü vətəndaş yetişdirmək məqsədi güdürəm.

 

Öz metodikamda dünya təcrübəsindən məqsədyönlü faydalanır, şagirdlərin təlim nailiyyətlərini mütəmadi analiz edir, istedadlı şagirdlərə fərdi yanaşır, zəif nəticə göstərən şagirdlərlə əlavə rəğbətləndirici işlər aparıram. Hər bir mövzuda dünya coğrafiyasını Azərbaycan coğrafiyası ilə müqayisəli şəkildə tədris edirəm.

 

Dərslərimdə vətənimizin coğrafi mövqeyini, relyefini, iqlimini, yeraltı-yerüstü sərvətlərini və toponimikasını dünya coğrafiyası ilə əlaqələndirir və müvafiq paralellər aparıram. Düşünürəm ki, vətənpərvər şagird yetişdirmək üçün onlara dilimizi, tariximizi və coğrafiyamızı dərindən öyrətmək zəruridir. Belə dərslərimdən birini həmkarlarımla paylaşmaq istəyirəm.

 

Mövzu: Azərbaycan Respublikasının faydalı qazıntıları

 

standart 2.1.1

 

Yer qabığında dəyişikliklərə dair proqnozlar verir.

 

standart 2.1.2

 

Geoxronoloji cədvəli oxuyur.

 

Məqsəd: Dərsin sonunda şagird respublikamızın ərazisində olan faydalı qazıntıların növlərini qruplaşdıra, onların yayılma qanunauyğunluqlarını və dünyanın tanınmış faydalı qazıntı yataqları ilə müqayisə edə bilir.

 

                                                                      

 

Dərsin gedişi: Respublikamızın ərazisində faydalı qazıntıların çıxarılmasını əks etdirə biləcək plakatlar və süxur nümunələri mövzunun motivasiyasını təşkil edir.

 

 

Lövhədə

 

 

sözləri yazılmış cədvəl çəkilir və şagirdlərin bu sözlər haqqında olan bilgiləri alınır.

 

1. Sinif 4 qrupa bölünür; “Böyük Qafqaz”, “Kiçik Qafqaz”, “Kür çökəkliyi” və “Lənkəran”

 

2. Qruplara tapşırıqlar verilir. Bu, həm iş vərəqələri şəklində qruplara paylanır, həm də slayd şəklində ekranda göstərilir. Tapşırıqların yerinə yetirilməsi üçün 10 dəqiqə vaxt verilir və ekranda vaxt qeyd olunur.

 

I. Böyük Qafqaz” qrupu.

 

 

1. Çökmə mənşəli süxurların yayıldığı Böyük Qafqaz dağlarında faydalı qazıntı yataqlarının yayılma qanunauyğunluğu.

 

2. Filiz faydalı qazıntılar hansı inzibati rayonun ərazisində yerləşir?

 

3. Azərbaycan neftinin dünya bazarına çıxarıldığı yollar (su və quru yollar).

 

II. “Kiçik Qafqaz” qrupu.

 

 

 

1. Kiçik Qafqazı niyə Azərbaycanın Uralı adlandırırlar?

 

2. Məşhur filiz yataqları hansılardır?

 

3. Azərbaycanın iqtisadiyyatında “Əsrin müqaviləsi”nin rolu?

 

III. Kür çökəkliyi qrupu.

 

 

1. Kür çökəkliyində filiz faydalı qazıntılarının olmamasının səbəbi?

 

2. Kür çökəkliyində hansı dövrün süxurlarında yanacaq faydalı qazıntılara rast gəlinir?

 

3. Dünyanın hansı su hövzələri neftlə zəngindir?

 

 

IV. Lənkəran qrupu.

 

1. Respublikada yayılan qeyri-filiz faydalı qazıntılar hansılardır?

 

2. Lənkəran iqtisadi rayonunda ən çox yayılan faydalı qazıntılar hansılardır?

 

3. Respublikamızda olan mineral bulaqları sadalayın və dünyanın bir məşhur bulağı ilə müqayisə edin.

 

3. Şagirdlər qrup tapşırıqlarını yerinə yetirdikdən sonra hər qrupun lideri tapşırıqlarını qrup üzvləri ilə birlikdə nümayiş etdirir, qalan qruplar dinləyir və mövzuya aid müxtəlif suallar verirlər. Göründüyü kimi, müxtəlif tapşırıqların yerinə yetirilməsində xəritə və cədvəllərdən istifadə olunur.

 

4. Qrup tapşırıqlarının qiymətləndirilməsi:

 

Şagirdlərin bilik və bacarıqları müxtəlif meyarlara uyğun qiymətləndirilir.

 

5. Biz bu gün nə öyrəndik?

 

Şagirdlərə Azərbaycan Respublikasında olan yanacaq, filiz və qeyri-filiz faydalı qazıntıları, onların geoloji quruluşla əlaqəsi,  hansı amillərdən asılı olaraq yayılma xüsusiyyətləri və iqtisadiyyatda rolu dərindən mənimsədilir.

 

6. Ev tapşırığı - Şagirdlərə öz yaşadıqları ərazidə hansı faydalı qazıntıların yayıldığını esse şəklində yazmaq tapşırılır.

 

 

Gülsarə İMANOVA,

Bakı şəhəri 173 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

 



11.05.2018 | 16:49