Nəsirəddin Tusiyə həsr olunan elmi konfrans

AMEA-nın Naxçıvan Bölməsində bölmənin Batabat Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə böyük Azərbaycan alim və mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusiyə həsr olunan elmi konfrans keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev ensiklopedik biliyə malik alimin müxtəlif elm sahələrinin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanıb, astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrə həsr olunan əsərlər yazıb. Onun yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur.

 

Vurğulanıb ki, Nəsirəddin Tusi Şərq dünyasında etikaya dair “Əxlaqi-Nasiri” adlı əsəri ilə xüsusi rəğbət qazanıb. Bu əsər Naxçıvan Ali Məclisinin sədri  Vasif Talıbovun imzaladığı sərəncamla “Oxunması zəruri olan kitablar siyahısı”na daxil edilib.

 

Konfransda bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini Bayram Rzayevin “Şərqin böyük dühası Nəsirəddin Tusinin həyatı və fəaliyyəti”, Batabat Astrofizika Rəsədxanasının direktoru Qulu Həziyevin “Marağa rəsədxanasının elmi cihazları”, Əlyazmalar Fondunun şöbə müdiri Səbuhi İbrahimovun “Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsəri”, Batabat Astrofizika Rəsədxanasının kiçik elmi işçiləri- Vəfa Qafarovanın “Nəsirəddin Tusinin elmi irsi” və Türkan Məmmədovanın “Nəsirəddin Tusi və riyaziyyat” mövzusunda məruzələri dinlənilib.

 



12.02.2020 | 15:39