Britaniyada məzunlar təhsil borclarını ödəyə bilmir | |
Böyük Britaniyanın bəzi ali məktəblərinin məzunları təhsil dövründə yaranmış kredit borclarını ödəyə bilmirlər. Britaniya təhsilinə dair kifayət qədər kədərli mənzərə barədə Londonda nəşr olunan “The Mail on Sunday” qəzeti məlumat yayıb. Yeni məlumatlara əsasən, Britaniya universitetlərinin məzunlarının demək olar ki, yarısı təhsil haqlarına görə götürmüş olduqları kreditləri qaytara bilmir. Bu gün 2010-2014-cü illərin məzunlarına tələbə kreditlərini ödəmək üçün ildə 17 465 funt-sterlinq qazanmaq lazımdır. Lakin onların yarısı bu məbləğdən az maaş alır. Baxmayaraq ki, məmurların fikrincə, bu məbləğ tamamilə əlçatandır, çünki ölkədə orta illik əməkhaqqının səviyyəsi 27000 funt-sterlinq təşkil edir. Tələbələrin əksəriyyəti belə bir ümidlə universitetə daxil olurlar ki, əldə etdikləri elmi dərəcə onlara gələcəkdə daha çox gəlir qazandıracaq. Ancaq demək olar ki, bəzi ali məktəblərin məzunlarının yarısı universiteti bitirdikdən 4-8 il sonra 17 465 funt-sterlinqdən az əməkhaqqı qazanır. Ən problemli universitet kimi Bolton Universitetinin adı çəkilir. Bu ali məktəbin məzunlarının yalnız 56 faizinin əməkhaqları illik 17 465 funt-sterlinq səviyyəsinə çatıb. Bu mənada ən yaxşı vəziyyət London İqtisadiyyat Məktəbində müşahidə olunur. Bu ali məktəbin 10 məzunundan 9-u tələbə kreditinin ödənməsi üçün lazım olan səviyyədən daha çox qazanır. “Pimlico Plumbers” şirkətinin təsisçisi Çarli Mallinsin sözlərinə görə, bir çox universitetlər məzunlara daha çox gəlirli iş yerləri vəd etməklə bir növ dələduzluqla məşğul olur. Keçən il hökumətin iclaslarından birində tələbə borclarına görə yığılmış borcların ümumi həcminin 5,9 milyard funt-sterlinq təşkil etməsinə dair rəqəm səsləndirilib.
|
|
11.05.2018 | 17:49 | |
|
|
|