Yer Elmləri Bölməsinin ötənilki fəaliyyətinin hesabatı | |
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev iclasın AMEA-nın Yer Elmləri Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunduğunu bildirib.
Sonra AMEA-nın birinci vitse-prezidenti, Yer Elmləri Bölməsinin sədri, akademik İbrahim Quliyev bölmənin hesabat məruzəsini təqdim edib. O, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətlərində Prezidentin fərman və sərəncamları, dövlət proqramları, AMEA rəhbərinin sərəncamları, AMEA-nın Ümumi Yığıncağının və Rəyasət Heyətinin qərarlarının əsas götürüldüyünü diqqətə çatdırıb.
Akademik bildirib ki, hesabat ilində bölmənin müəssisələrində 14 problemi əhatə edən 48 mövzu üzrə tədqiqatlar aparılıb və 70 iş tamamlanıb, 13 mühüm nəticə əldə olunub. Elmi müəssisələr tərəfindən 2 işin tətbiq olunduğunu deyən alim ötən il 26 təsərrüfat müqaviləsi üzrə görülən işlərin yekunlaşdığını nəzərə çatdırıb.
Bölmənin nəşriyyat fəaliyyətindən danışan akademik bildirib ki, 144-ü xaricdə olmaqla 291 məqalə və 45-i xaricdə olmaqla 104 tezis işıq üzü görüb ki, bunlardan da 45 məqalə impakt-faktorlu jurnallara aiddir. Vurğulayıb ki, ötən il bölmənin alimləri tərəfindən hazırlanan 10 monoqrafiya, 3 kitab və 19 dərs vəsaiti nəşr edilib, eləcə də 25 qrant və biri xaricdə olmaqla iki patent alınıb.
Kadr hazırlığından danışan İ.Quliyev bildirib ki, 2019-cu ildə bölmə üzrə magistraturaya 16 nəfər, doktoranturaya isə 12 nəfər qəbul olunub, hazırda bölmənin institutlarında 20 fəlsəfə doktorantı təhsil alır.
Beynəlxalq əlaqələrdən danışan birinci vitse-prezidentin sözlərinə görə, hesabat ilində ABŞ, Almaniya, Fransa, İtaliya, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrin elm və təhsil müəssisələri ilə əməkdaşlıq davam etdirilib, birgə tədqiqatlar aparılıb. Ötən il bölmədə dörd beynəlxalq tədqiqat laboratoriyasının fəaliyyət göstərdiyi də vurğulanıb.
Elmi tədqiqatlarda informasiya-kommunikasiya texnologiyalarından istifadə haqqında danışan akademik bildirib ki, bölmənin NASA, UNAVCO, EMSC, ZOPAC, EMSC məlumat bazaları, Massaçusets Texnologiya İnstitutu, REA Yer Fizikası İnstitutu, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqavilə Təşkilatı (CTBTO) və s. elmi müəssisələrlə elektron elmi əlaqələri davam etdirilir.
Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. Müzakirələrdən sonra Rəyasət Heyəti bölmənin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təsdiq edib, mühüm nəticələrin AMEA Rəyasət Heyətinin hesabatına salınmasını qərara alıb. Bölməyə dağılma mexanikasının qeyri-klassik problemləri, Binəqədi dördüncü dövr flora və fauna tapıntı yerinin öyrənilməsi, intellektual coğrafi məlumat sistemi, böyük dərinlik nefti, geodinamika və seysmologiya prioritet elmi istiqamətləri üzrə işlərin həyata keçirilməsi tapşırılıb.
Rəyasət Heyətinin digər qərarı ilə AMEA-nın Geologiya və Geofizika İnstitutunun strukturunda qismən dəyişiklik edilib. |
|
10.02.2020 | 12:25 | |
|
|
|