ADU-da I Beynəlxalq elmi konfrans keçiriləcək

Azərbaycan Dillər Universitetindən verilən məlumata görə, 2018-ci ilin aprel-may aylarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək. Konfrans ADU, Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Beynəlxalq konfransın plenar və yekun iclaslarının Azərbaycan Dillər Universitetində keçirilməsi nəzərdə tutulur.  Bölmə iclasları isə Türkiyənin Ərciyəs və Ərzurum universitetləri, Rusiya Federasiyasının Boris Yeltsin adına Ural Federal Universiteti, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialı, Gürcüstanın Tbilisi Dövlət Universiteti  (Batumi, Kutaisi, Qori, Telavi universitetləri, Gürcüstan EA müvafiq institutları və “Bilik” cəmiyyətinin iştirakı ilə), Çin Xalq Respublikasının Xucjou Universiteti, İtaliyanın Kassino Cənubi Latsio Universiteti (Sülh və Təhlükəsizlik Fondu ilə birgə) bazasında, Üçüncü Roma Universiteti, Kataniya Universiteti, Genuya Universiteti, Link Kampus Universiteti, Nitsa Universitetinin (Fransa) iştirakı ilə Almaniyanın Auqsburq Universiteti bazasında keçiriləcək.

Konfransa hazırlıq və onun işinin təşkili məqsədi ilə tərkibinə müvafiq universitetlərin təmsilçilərinin də daxil olduğu  təşkilat komitəsi yaradılıb.

Konfransın əhatə dairəsi genişlənməkdədir. Belə ki, Ukraynanın Kiyev Milli Linqvistik Universiteti, Rusiyanın Moskva Dövlət Linqvistik Universiteti, Moldovanın Beynəlxalq Menecment Universiteti və Belarusun Minsk Dövlət Linqvistik Universiteti də konfransın bölmə iclaslarına ev sahibliyi etmək istədiklərini bildiriblər.

Qeyd edək ki, hazırda konfransda iştirak etmək istəyənlərin məqalə və tezisləri qəbul olunmaqda davam edir. İştirakçılar arasında yerli mütəxəssis və tələbələrlə yanaşı, xarici ölkələrin alimləri və araşdırmaçıları da var.

 

Yusif ƏLİYEV

 



22.02.2018 | 16:00