Ağdamda modul tipli məktəb binası istifadəyə verilib

Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra məktəbin direktoru Soltan Abbasov çıxışında bildirib ki, Təzəkənd kənd tam orta məktəbinin 1987-ci ildə inşa edilmiş binası 1993-cü ildə Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində dağılmışdı.

 

Məktəb binası 2003-cü ildə bərpa edilsə də, 2016-cı ilin Aprel döyüşləri zamanı qəzalı vəziyyətə düşmüşdü. Məktəb üçün modul tipli binanın qurularaq istifadəyə verilməsi valideynlərin, müəllimlərin və şagirdlərin böyük sevincinə səbəb olub.

 

Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mehman Mustafayev və təhsil şöbəsinin müdiri Mətanət Misirxanova təhsilin inkişafına göstərilən dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar. Qeyd edilib ki, respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, yeni məktəblər inşa olunur, mövcud məktəblər təmir edilir və ya yenidən qurulur. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayon üzrə ali məktəblərə qəbul olan gənclərin sayı hər il artır.

 

Tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Səksən şagird yerlik məktəb 8 sinif otağı, müəllimlər və direktor otaqları, sanitar qovşaqdan ibarətdir. Binaya istilik sistemi, qaz və su xətləri çəkilib, nəzarət kamerası quraşdırılıb. Həyətində su çəni qoyulub, çirkab su anbarı tikilib, abadlıq işləri aparılıb, yerə asfalt örtük döşənib. Məktəb avadanlıq və inventarla təmin edilib.

 

 



09.02.2020 | 12:33