Bakı məktəblilərinin nağıl kimi keçən qış tətili | |
Məktəblilərin qış tətili başa çatdı. Məktəblər yenidən qapılarını şagirdlərinin üzünə açdı. Yenə təhsil müəssisələrində həyat canlandı. Maraqlı, əyləncəli keçən qış tətilindən sonra yenidən fəal təhsil dövrü başladı.
Bakı şəhərindəki A.Hüseynzadə adına 20 nömrəli məktəb-lisey şagirdlərinin qış tətilini fərqləndirməyi bacaran məktəblərdən biridir. Belə ki, təhsil müəssisəsinin tətil dövrü üçün nəzərdə tutulan planı əhatəliliyi ilə fərqlənib. Tədbirlər planında “yerin altından göyün yeddinci qatına” qədər olan sahələr, həyata keçirilən tədbirlərdə aşağıdan-yuxarıya qədər bütün siniflər əhatə olunub.
Bakı məktəbliləri Naxçıvanda
Məktəb-liseyin müəllimi Samirə Abbasova “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində bildirib ki, tətil dövründə məktəbin ən yaddaqalan tədbiri bir qrup şagirdin Naxçıvana səfəri olub: “Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə əlaqədar bir qrup şagird, valideyn və müəllim heyəti Naxçıvana getdi. Bu səfərdə uşaqlarımız Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı Muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi, Möminə Xatun türbəsi, Şahmat Mərkəzi, açıq səma altında yerləşən Döyüş Şöhrəti Muzeyi, Naxçıvan Dövlət Universiteti ilə yaxından tanış oldular. Bu səfərdən hamı razı qayıtdı”.
Məktəblilərin “yeraltı dünyaya” ekskursiyası
20 nömrəli məktəb-liseyin tədbirlər planında “yeraltı dünya”ya səfər olub. Samirə müəllim Metropolitenin Təlim - Tədris Mərkəzinə yuxarı sinif şagirdlərinin ekskursiyasının onların gələcək ixtisasını seçməsində nə qədər istiqamətverici rol oynayacağını indidən deyə bilməsə də, bu gəzintinin unudulmayacağına əmindir: “Ekskursiya “Bakı Metropoliteni” QSC-nin dəstəyi ilə baş tutdu. Şagirdlərimiz üçün Metropolitenin yaranma və gələcək inkişaf planları haqqında təqdimat edildi. Onlar texniki kabinet, auditoriyalar, ən əsası, tədris guşələri, ayrı-ayrı istehsalat və peşə yönümlü istiqamətləri əhatə edən vəsaitlərlə əyani şəkildə tanış oldular. Ekskursiya şagirdlər üçün çox maraqlı oldu. Bunu onların verdiyi suallardan da anlamaq olurdu”.
Hava yollarında texniki xidmət məktəblilərə “həvalə olundu”
20 nömrəli məktəb-liseyin tətil planında “Azərbaycan Hava Yolları”nın (AZAL) da payı olub. Samirə Abbasovanın sözlərinə görə, təhsilində fərqlənən bir neçə yuxarı sinif şagirdi ilk dəfə olaraq “Azərbaycan Hava Yolları”nın bir sıra mülki aviasiya obyektlərinə daxil olmaq şansı qazanıb: “Şagirdlərimiz üçün qeyri-adi olan bu ekskursiya AZAL-ın dəstəyi ilə gerçəkləşdi. Məktəblilərimiz bütün hava gəmilərinə müasir dünya standartları səviyyəsində texniki xidmət göstərmək üçün hər cür şəraitin olduğu “Silkway Technics” şirkətinin anqar kompleksi ilə tanış oldular. Hava gəmiləri, onlara texniki qulluq, iş mexanizmi və başqa çoxsaylı suallarla mütəxəssisləri yordular. İnanmazsınız, uşaqların sevincdən gözləri parıldayırdı”.
Samirə müəllim yanğınsöndürmə xidmətinin nümayəndələrinin söhbətlərinin də şagirdlər üçün çox maraqlı olduğunu deyib: “Yanğınsöndürənlərin “döyüş” geyimi, yanğına qarşı istifadə edilən xilasedici qurğular, su və köpüyün necə vurulduğu ilə bağlı danışılanlara nəfəslərini dərmədən qulaq asdılar”.
Ekskursiya dünyanın ən müasir sərnişin təyyarələrindən biri - “Boeing 757 Dreamliner” təyyarəsini gəzməklə başa çatıb.
Xüsusi əməliyyat materiallarına xüsusi maraq
Bir qrup şagird, müəllim və valideyn bu qış tətilində Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində olub. Burada onlar dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatları görmək imkanı əldə ediblər. Samirə müəllimin sözlərinə görə, Ulu Öndərin şəxsən həyata keçirdiyi və rəhbərlik etdiyi xüsusi əməliyyat materialları məktəblilər üçün xüsusilə maraqlı, həyəcanverici olub.
Məktəblilər vətənin keşiyində
Qış tətilində düzənlənən tədbirlər, sadəcə asudə vaxtın səmərəli təşkilinə yox, eyni zamanda məktəblilərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edib. Məsələn, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olan məktəblilər bir neçə an da olsa, özlərini əynində hərbi geyim, əlində silah, tank belində, Şuşaya bayraq sancarkən təsəvvür ediblər. S.Abbasovanın sözlərinə görə, onlar silahlar, zirehli texnikalarla, həmçinin ordu həyatı ilə yaxından tanış olub, radiotexniki qoşunlar, zenit-artilleriya və zenit-raket kompleksləri haqqında məlumatlandırılıblar. Təlim və Tədris Mərkəzinin yeməkxanasında hərbi qulluqçularla birgə nahar ediblər, bir əsgər günü yaşayıblar. Sonra məktəblilərə ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda ordu quruculuğu sahəsində əvəzsiz xidmətlərindən, onun Silahlı Qüvvələrimizə qayğı və dəstəyindən, eləcə də müasir Azərbaycan Ordusunun aprel döyüşlərində göstərdiyi yüksək döyüş qabiliyyəti və qəhrəmanlıqlarından bəhs edən film nümayiş etdirilib.
Məktəblilər müasir neft strategiyasını öyrəndi
20 nömrəli məktəb-lisey 2019-cu ilin Neft Daşlarının 70 illiyi olduğunu da unutmayıb. Odur ki, qış tətili planlarına neftçiləri ziyarət də salınıb. Məktəbin bu niyyətini gerçəkləşdirməsində ən böyük dəstəkçisi isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Belə ki, təhsildə fərqlənən bir qrup şagirdi şirkətin yeni inzibati binasında qonaq ediblər. SOCAR-ın əməkdaşları onlara ölkəmizdə neft sənayesinin inkişafı, ümummilli liderimiz Heydər Əliyevin böyük və gərgin əməyi sayəsində dünyanın aparıcı neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi”, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir neft strategiyası haqqında geniş məlumat veriblər.
Şagirdlər “Azərkosmos”da
Məktəblilərin fəal qış tətili qrafiki bununla da yekunlaşmayıb. Yerin altını da, üstünü də eyni dərəcədə öyrənməkdə qərarlı və israrlı Bakı məktəbliləri kosmik fəzanı da unutmayıb. Sehirli xalatı geyinib müəllimləri və valideynləri ilə bu sehrli dünyaya da səyahət ediblər. S.Abbasovanın sözlərinə görə, kosmik sənayenin təşəkkül tapdığı bir ölkənin məktəblisindən başqa davranış gözləmək olmazdı: “Silsilə tədbirlərin davamı olaraq qış tətili dövründə şagird, müəllim və valideynlərdən ibarət bir qrup “Azərkosmos” ASC-yə ekskursiya etdi. Ekskursiya zamanı ölkədə kosmik sənayenin təşəkkül tapması, Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1” və “Azərspace-2”-in orbitə çıxarılması və istismar işlərinin həyata keçirilməsi, peyk vasitəsilə göstərilən xidmətlər barədə məlumatlanlandırıldılar”.
Məktəblilər bir səfərdə “sehirli qutu”nun sirrini çözdülər
Qış nağılından sehirli qutunun sirrini çözmədən ayrılmaqmı olar? Bakı məktəblilərinin bu arzusunu gerçəkləşdirməyinə isə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti dəstək verib. Burada şagirdlərin özünü aparıcı və jurnalist kimi görmələri üçün onlara hər cür şərait yaradılıb, master klaslar təşkil edilib. Uşaqlar “Bu axşam”, “İdman Azərbaycan” proqramlarının studiyasında qonaq olublar. Ölkə teleməkanının formalaşmasında böyük rol oynayan Azərbaycan televiziyasının binasını gəzmək, ekrandan gördükləri məşhur simalarla üzbəüz söhbətləşmək imkanı qazanan məktəblilər “sehirli qutu”nun sirrini çözüblər. Sirli aləm təəssüratı yaradan texniki avadanlıqlarla tanış olublar. Daha bir sehirli dünyadan xoş təəssüratlarla ayrılıblar.
Belə tətil unudulmaz
Beləliklə, Bakı məktəbliləri öz ölkəsində inkişafda olan bir çox sahələrlə tanışlıq imkanı qazanmaqla yanaşı, həm də nağıl kimi bir qış tətili keçirdilər. Əyləncəli keçən bir həftənin sonunda həm maraqlandıqları sahələr üzrə əlavə informasiya əldə etdilər, həm fəal istirahət imkanı qazandılar. Bununla da, təhsil müəssisəsinin “yerin altından göyün yeddinci qatına” qədər əhatəli qış tətili planı şagirdlərinin özlərini lap göyün yeddinci qatında hiss etmələrinə səbəb oldu. S.Abbasova deyir ki, bununla 20 nömrəli məktəb-liseyin rəhbərliyi və müəllimləri də qarşısına qoyduğu məqsədə nail oldu. Necə deyərlər, həm Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tapşırıqlarını yerinə yetirdilər, həm də şagirdlərini sevindirdilər: “Əsas məqsədimiz Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tapşırığı əsasında şagirdlərimizin asudə vaxtını səmərəli təşkil etmək, onların nəinki biliklərinin artırılması, həm də vətənpərvər hisslərinin yüksəldilməsi idi. Azərbaycançılıq ideyasını şagirdlərimizə aşılamaq, ölkəmizin iqtisadi inkişafı ilə bağlı onları məlumatlandırmaq, gələcək peşələrini seçmələrində onlara kömək etmək və bilikli, dünyagörüşlü olmaları üçün onları maarifləndirmək əsas hədəfimiz idi və biz bu məqsədə uğurla nail olduq”.
Ruhiyyə DAŞSALAHLI |
|
07.02.2020 | 14:08 | |
|
|
|