Gənc müəllimlər bir arada | |
Onlar gəncdirlər. Hələ yolun başındadırlar. Çox da ki, ölkəmizdə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində özlərini təsdiq edərək sinfə girməyə və Azərbaycan məktəblilərinə dərs deməyə vəsiqə qazanıblar. Onlar özləri də hələ oxuyur, öyrənir, öz üzərində işləməyə ehtiyac duyurlar. Daha təcrübəli həmkarlarının fikrinə, məsləhətinə qulaq verirlər. Sadəcə müəllimliyə deyil, elə təşkilatlanmağa da yenicə başlayıblar. Bilirlər ki, tək əldən səs çıxmaz. Dünyanın tələbləri böyükdür. Müasir çağırışlara qoşulmaq, qabaqcıl müəllim olmaq istəyirlərsə, qüvvələrini birləşdirməlidirlər. Odur ki, müəllimlərin 2018-ci ildə keçirilən XV qurultayında bu barədə qərar verib, Təhsil Nazirliyindən də dəstək alıblar. Verdikləri bu qərarın üstündən artıq bir il ötüb. 1 il əvvəl yaranan Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvlərinin sayı artıq 2700 nəfərə çatıb, virtual məkanda ünsiyyət platforması qurulub.
Budur, ölkənin dörd bir yanından sayılıb-seçilən gənc müəllimləri bir araya toplayıblar. Görüş yeri Beynəlxalq Muğam Mərkəzidir. Gənc müəllimlər yenicə yaratdıqları təşkilatın - Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I forumunu keçiriblər.
2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən gənc müəllimlərin ümumrespublika səviyyəsində toplantısı onların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirməyə, əməkdaşlıq şəbəkəsini genişləndirməyə xidmət edib.
Onlar Azərbaycan müəllimidir
Gənc müəllimlərdən biri də Firuzə Haşımovadır. Təşkilatlanmağa əl qaldırıb, həmin təşkilatın sıralarına ilk qoşulanlardandır. 2019-cu ilin 23-26 iyulunda Şəkidə gənc müəllimlərin birinci yay məktəbinə qatılanlardan olub. Üzvlükdə ilklərdən biri olmaqla yanaşı, uğurlu bir ildən sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının ilk forumunun aparıcı siması olmaq da onun bəxtinə düşüb. Sevincinin hədd-hüdudu yoxdur. Sevincinə bir az da həyəcan qarışıb. Müəllimliyi çox sevir. Müəllim yoldaşlarının qarşısında olmaqdan elə müəllimlikdən olduğu qədər qürur duyur. Gənc həmkarlarını bir araya yığmaqlarının səbəblərini açıqlayandan sonra sözü başqa bir həmkarına verir.
Söz alan ibtidai sinif müəllimidir. Bakı şəhəri 20 nömrəli tam orta məktəbdə çalışır. Adı Xəyalə Seyidlidir. Hazırda 25 yaşındadır. Sözünə də elə müəllimindən başlayır: “Hər birimizin həyatında unudulmaz insanlar var. Mənim də. Onlardan biri də ibtidai sinif müəllimimdir. Yəqin hər kəs üçün belə olub. Hər birimiz üçün ilk müəllimimiz hələ məktəbə təzəcə addım atdığımızda yanımızda olan, yerişinə, duruşuna, hərəkətlərinə heyran olduğumuz və oxşamaq istədiyimiz insana çevrilib”.
Xəyalə müəllimin bu sevgisi hələ davam edir: “Mənə müəllimlik sənətini sevdirən, bu şərəfli peşəni doğmalaşdıran ibtidai sinif müəllimim Sevda müəllim olub”.
Bu sevginin sayəsində Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirərək müəllimlərin işə qəbulu imtahanında iştirak edib. Müəllimi kimi müəllim olmağa tələsib: “Hamı həyəcanlı idi, təbii ki, mən də. İmtahana çox hazırlaşmışdım. Hamı razılaşar ki, insan çəkdiyi əziyyəti ekranda öz nəticələrini gördüyü andaca unudur. Sonra müəllimliyə başladım. Əvvəlcə mənə çətin görünsə də, təcrübəli həmkarlarımın köməyi ilə yeni çağırışlara uyğun müəllim ola bildim. Bu gün artıq ürəklə söyləyə bilirəm ki, mən Azərbaycan müəllimiyəm”.
“Dövlətimiz üçün vətənpərvər nəsil yetişdirməyimizlə fəxr edirik”
Gənc müəllim yaxşı bilir ki, ölkədə həyata keçirilən təhsil siyasətinin onun qarşısına qoyduğu tələblər var. Üstəlik, bu tələb, sadəcə savadlı, bilikli, ali məktəbə hazırlaşan şagird yetişdirməkdən də ibarət deyil: “Üzərimə düşən vəzifəni uğurla icra etməklə təkcə savadlı şagirdlər yetişdirmək deyil, dövlətimiz, millətimiz üçün vətənpərvər nəsil yetişdirməyimizlə də fəxr edirik. Bu gün təhsil sahəsində atılan addımlar, keçirilən islahatlar müəllim nüfuzunun qaldırılmasına, müəllim əməyinin qiymətləndirilməsinə hesablanıb. Odur ki, biz gənc müəllimlər öz vəzifəmizi məsuliyyətlə, sevərək, peşəkar səviyyədə həyata keçirməliyik. Yeni metod və yanaşmalardan istifadə edərək müəllim-şagird münasibətlərini əməkdaşlığa çevirməyi bacarmalıyıq”.
Ancaq bu və ya başqa məqsədlərə gedən yolda unutmamaları gərəkən insanlar və dəyərlər də var: “Həyatda uğur qazanan insanlar unutmamalıdırlar ki, bu qazanclarında ətrafındakı insanların, xüsusən də müəllimlərin çox böyük rolu və zəhməti var. Məhz bu səbəbdən də cəmiyyətimizin inkişafına töhfə vermək, ətrafımızdakı insanlara dəstək olmaq hər birimizin borcudur. Əminəm ki, hər birimizin yeni hədəfləri var. Bu hədəfləri gerçəkləşdirmək öz əlimizdədir. Təbii ki, hədəflərimiz ayrı, həmin hədəflərə gedən yollarımız müxtəlifdir. Qərar verərkən nəticəsindən asılı olmayaraq, şəxsiyyətimizi, mədəniyyətimizi və peşəkarlığımızı qorumağı bacarmalıyıq”.
Gənc müəllim ona inanır ki, təhsildə olan yeni çağırışlara uyğun daim inkişafda olmaq missiyası ilə yola çıxan Azərbaycan Gənc Müəllimlər Assosiasiyası bundan sonrakı fəaliyyətində də bacarıqlı müəllimlərin üzə çıxarılmasına, onlar üçün yeni imkanların yaradılmasına dəstək verəcək.
Azərbaycan dövləti müəllimlərə böyük diqqət və qayğı ilə yanaşır
Forumda, sadəcə müəllimlər və onların təşəbbüsünün əsas dəstəkçisi Təhsil Nazirliyi iştirak etmirdi. Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Gənclər və İdman Nazirliyinin, eləcə də Gənclər Fondunun əməkdaşları, pedaqoji ixtisaslı ali təhsil müəssisələrinin rektorları da foruma qatılaraq gənc müəllimlərə dəstək veriblər.
Təhsil naziri Ceyhun Bayramov forumda çıxış edərək iştirakçıları ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilən Gənclər Günü münasibətlə təbrik edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müəllim əməyinin stimullaşdırılması və məktəb tikintisi istiqamətində mühüm təşəbbüslər həyata keçirildiyini vurğulayıb: “İnkaredilməz həqiqətdir ki, cəmiyyətin inkişafında, insanın şəxsiyyət kimi formalaşmasında, onun təhsili və inkişafında müəllimin əvəzsiz xidməti var. Bu səbəbdən Azərbaycan dövləti müəllimlərə böyük diqqət və qayğı ilə yanaşır. Ölkə başçısının təşəbbüsü ilə icra edilən təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq ölkəmizdə hər il yüzlərlə məktəb binasının tikintisi, müəllim əməyinin stimullaşdırılması, “Gələcəyin müəllimi” təqaüdünün təsis edilməsi, bir sıra digər təşəbbüslərin bəhrəsini görürük”.
Cəmiyyətdə müəllimin əvəzsiz rolundan danışan Ceyhun Bayramovun sözlərinə görə, gənc müəllimlər təşəbbüskar olmalı, öz üzərində işləməli, peşəkarlıqlarını artırmalıdırlar: “Azərbaycan müəllimləri hər zaman öz üzərinə düşən missiyanı şərəflə yerinə yetirib. Sevindirici odur ki, gənc müəllimlər də işinin öhdəsindən uğurla gəlir. Müəllimlər unutmamalıdırlar ki, müasir dövrün çağırışlarına uyğun olaraq təhsil sisteminin qarşısında duran vəzifələr dəyişir. Gəncləri müasir dövrdə əhəmiyyətli şəkildə fərqlənəcək rəqəmsal texnologiyalar, süni intellekt dövrünə hazırlamaq üçün yeni bacarıqlar, peşələr, ixtisaslar yaradılmalıdır. Təhsil Nazirliyi bu istiqamətdə yeni məzmun və tədris strategiyaları, gənclərin innovasiyalara həvəsinin artırılması istiqamətində çoxsaylı təşəbbüslər həyata keçirir. Həmin təşəbbüslərin aparıcı qüvvəsi gənc müəllimlərdir”.
Prezident Azərbaycan müəllimləri qarşısında çox ciddi məsələlər qoyub
Təhsil naziri Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirindəki çıxışını xüsusi xatırladaraq qeyd edib ki, ölkə başçısının tövsiyələrinə uyğun olaraq ümumi təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi, təhsilalanların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması müəllimlərin qarşısında duran ən əsas iş prinsipidir: “Prezident İlham Əliyev Azərbaycan müəllimləri qarşısında çox ciddi məsələlər qoyub. Dövlət başçısının tövsiyələrinə uyğun olaraq ölkənin təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi, milli-mənəvi dəyərlər, vətənpərvərlik, azərbycançılıq ruhunda tərbiyə olunması, vətənimizin tarixinə və mədəniyyətinə bağlılıq, fəal vətəndaş mövqeyinin aşılanması müəllimlərimizin qarşısında duran əsas iş prinsiplərindən və vəzifələrindən biridir. Təbii ki, buna hazır olmaq üçün müəllimlər özləri milli-mənəvi dəyərlərin daşıyıcısı olmalı, şəxsi nümunələri ilə hər zaman fərqlənməlidir”.
Assosiasiyanın fəaliyyətini qiymətləndirən Təhsil naziri bu qurumun gənc müəllimlərin peşəkarlıq potensialının artırılması istiqamətində onlara dəstək olacağına ümidini də ifadə edib.
“Siz ən uğurlu müəllim olacaqsınız”
Daha sonra çıxış edən Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer tədbirin əhəmiyyətini vurğulayıb, gənclərin birgə fəaliyyətinin təşkilini qiymətləndirib. Qonaq müəllimlərin ölkənin gələcəyini hazırladığına diqqət çəkərək müəllimliyin çox məsuliyyətli bir peşə olduğunu vurğulayıb. “Müəllim” sözü ilə “qayğı” sözünün eyni anlama gəldiyini qeyd edib: “Siz uşaqları mürəkkəb həyat yoluna hazırlayırsınız. Seçdiyiniz peşə dünyanın ən mürəkkəb peşəsidir. Dərs dediyiniz mühit mürəkkəbdir. Uşaqlar müxtəlif ailələrdən gəliblər, müxtəlif istedada malikdirlər, ayrı-ayrı xarakterləri var. Bu mürəkkəbliyi başa düşüb dərk etməlisiniz. Siz uşaqları ruhlandırmalı, onlara ümid verməlisiniz. Hər birinin marağını, istedadını nəzərə almalısınız. Gördüyünüz işi şagirdlərinizi fərdi qaydada qiymətləndirərək, onların hər birini nəzərə alaraq etməlisiniz. Yəni, kəskin mürəkkəb vəziyyətdə hər istəyi nəzərə almalısınız”.
Müəllimin fəaliyyətində tədqiqatçılığın önəminə diqqət çəkən Maykl Foyer bildirib ki, gənc müəllimlər sinif otağında dərs deməmiş tədqiqatçıdan məsləhət almamalıdır. Nəhayət, müəllim olaraq imkanlar yaratmaq onların əsas vəzifəsidir: “Siz “vitaminlər mənbəyisiniz”, dəyişikliklərin daşıyıcısısınız. Müəllimlərin öz yanaşması ilə böyük dəyişikliklərə nail olduğuna dair çoxsaylı təcrübələr var”.
Vaşinqtonda yoxsul ailələrdən olan uşaqların təhsil aldığı bir məktəbdə dəyişikliyə səbəb olan müəllimlərin təcrübəsindən nümunə gətirən qonağın fikrincə, müəllimlər karyerası boyunca “tədqiqat”, “intuisiya”, “ruhlandırmaq” sözünün ifadə etdiyi işlə məşğul olmalı, “qayğı” kəlməsini işinin mərkəzinə qoymalıdırlar: “Bu sözü karyeranıza daxil etdikdə, siz ən uğurlu müəllim olacaqsınız”.
Gənc müəllimlərin birləşdirici loqosu
Forumda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının loqosunun təqdimatı da olub. Qeyd edilib ki, təşkilatın loqosu müsabiqə nəticəsində bir-birindən maraqlı loqo layihələri arasından seçilib. Assosiasiyanın məqsəd və hədəflərini özündə tam birləşdirir. Müəllimliyi, təhsil və Azərbaycanın dövlətçiliyini özündə əks etdirən həmin loqonun müəllifi Aygün Abdulovadır. Bu işinə görə qalib müəllif, Assosiasiyanın üzvü Aygün Abdulova mükafatlandırılıb. Mükafatı Təhsil naziri Ceyhun Bayramov təqdim edib. Nazir loqo ilə bağlı münasibətini belə ifadə edib: “Assosiasiyanın loqosunun rəmzi mənası Azərbaycan gənc müəllimlərinin elm ətrafında birləşməsidir. Bu birlik Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin inkişafına xidmət etməlidir”.
Onlar yeni çağırışlara hazırdır
Beləliklə, gənc müəllimlərin təşəbbüsü ilə yaradılan və Azərbaycan təhsil tarixinin yeni səhifəsi olan Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birillik fəaliyyətinə həsr olunan forum başa çatıb. Forum çərçivəsində panel müzakirələrə qatılan müəllimlər gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər. Onlar yeni çağırışlara hazır olduqlarını, dövlətin məktəbdən və müəllimdən gözləntilərini təmin etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini bəyan ediblər.
Ruhiyyə DAŞSALAHLI |
|
07.02.2020 | 09:51 | |
|
|
|