12056 şəhidimizin adı bir bayraqda

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki Nadir Əliyev adına 282 nömrəli tam orta məktəbin müəllim və şagirdləri nəcib layihə həyata keçiriblər.

 

Məktəbin informatika müəllimi  Gülər Musayevanın təşəbbüsü ilə şagirdlər Qarabağ döyüşlərində həlak olmuş şəhidlərimizin adlarını bir bayrağa yazıblar. Bunun üçün xüsusi ölçülü bayraq hazırlanıb. Bayrağa 12056 şəhidin adı yazılıb.  Gülər Musayeva təşəbbüsün necə ərsəyə gəlməsi barədə məlumat verdi: “Düşünürəm ki, müəllimin vəzifəsi təkcə şagirdə savad verməkdən ibarət deyil. Müəllimin borcu  həm də vətənini sevən  vətəndaş yetişdirməkdir. Biz hər birimiz  bu torpaq üzərində azad yaşayırıqsa, deməli, şəhidlərimizə borcluyuq. Bu borcu az da olsa ödəyə bilmək üçün bütün  Qarabağ şəhidlərinin adını  bir bayraq üzərinə yazmağı düşündüm və dərs dediyim  şagirdlərlə  bu ideyanı həyata keçirməyi qarşımıza  məqsəd qoyduq”.

 

Müəllim bildirir ki, işə 2017-ci ilin noyabr ayından başlayıblar: “İlk  əvvəl   şəhidlər haqqında  dəqiq  məlumat tapmaq lazım idi. www.seferberlik.gov.az   saytından  76 rayon və şəhər üzrə şəhid olanların adını bir siyahıda toplamaq  üçün şagirdlər  arasında bölgü apardım. İKT-nin təhsildə tətbiqi  bu layihədə də köməyimizə çatdı. Hər şagird bir neçə rayondan olan şəhidlərin adını  yazıb,  elektron poçt  vasitəsi ilə mənə göndərdi. Bütün şəhidlərin adlarını bir siyahıda topladıqda 12056 şəhidimizin olduğu müəyyənləşdi. 5:2,5 m  nisbətində bayraq tikdik. Ötən ilin 27  dekabrından başlayaraq, şəhidlərimizin adını bayrağın üzərinə yazmağa başladıq. Proyektor vasitəsi ilə ekrana verilən siyahını eyni anda 5-6 şagird bayraq üzərində yaza bilirdi.  Şagirdlərlə - Könül Fərruxlu, Elmin Abiyev, Aydan Hüseynova, Gülçün Səmədova, Günay Şabizadə, Nuranə Rəcəbova, Vüsal Əliyev, Aslan İmanov, Leyla Məmmədova, Firuzə Məmmədova, David Məmmədli, Kənan Məlikzadə, Şahin Məmmədov, Rəsul Sərkərov, Fidan Abdullayeva, Fəridə Rəhimli, Samirə Zərbalıyeva, Şirzad Əliyev, Əli Xəlilov, Nərminə Ələkbərova, Şamxal Qənizadə, Faiq Rəhimov, Ceyhun Abasov, Nuray Bağırova, Qurban Bağırov, Nərminə Əzizova, Nicat Həmidli, Vüsal Həsənov, İqbal Məmmədov, Eldanə Nəsrullayeva, Natalya Ostrovskaya, Məhəmməd Səmədli ilə birlikdə dərsdən sonra, tənəffüs  saatlarında  çalışırdıq”.

 

Proses aprelin 27-də yekunlaşıb. Bayrağın üzərində boş qalmış yerə isə “Şəhidlər ölməz, Vətən bölünməz”, “Cansa  can, qansa  qan, yetər ki, sən dalğalan, üçrəngli bayrağımız”, “Torpaq,  uğrunda  ölən varsa vətəndir”   şüarlarını  və mənbə kimi yararlandığımız www.seferberlik.gov.az   saytını  yazdıq. İş başa çatdıqdan sonra şagirdlərin üzündəki qürur hissini görməyə dəyərdi”.

 

Gülər müəllim deyir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi  ərəfəsində belə bir layihəni gerçəkləşdirə bildikləri üçün qürur duyurlar: “İnanıram ki ,  bu layihədə iştirak edən hər bir şagird gələcəkdə vətənimizə layiqli övlad olacaq. Ona da ümid edirəm ki, tezliklə torpaqlarımız azad olunacaq və bu bayrağın üzərinə şəhid adı yazmağa ehtiyac qalmayacaq”.

 

Gülər Musayeva bildirdi ki, hazırladıqları bayrağı  ya Bayraq Muzeyinə, ya da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə bağışlamaq niyyətindədirlər. 

 



11.05.2018 | 11:58