UNEC rəqəmsal iqtisadiyyatla bağlı dünya alimlərini bir araya gətirəcək

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Bir kəmər, bir yol Elm”,  Texnologiya Alyansının dəstəyi ilə Bakıda 13-14 fevral tarixlərində “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.

 

 

Beynəlxalq konfransa Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq Maliyyə Şirkəti, ABŞ-ın Linkoln Universiteti, Fransanın Monpelye Universiteti, Türkiyənin İstanbul Universiteti, Belarus Dövlət İqtisad Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Yunanıstanın Qərbi Makedoniya Universiteti, TİKA-Türkiyə İş Adamları Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası, Klariveyt Analitks və Rusiyanın Y.T. Qaydar adına İqtisadi Siyasət İnstitutu tərəfdaşlıq edir.

 

Beynəlxalq konfransda təşkilatçıların, tərəfdaş təşkilat və universitetlərin nümayəndələri, həmçinin ölkəmizin bir çox ali məktəblərinin rektorları, tanınmış akademiklər, Azərbaycanla bərabər, ümumilikdə 18 ölkədən - ABŞ, Çin, Hindistan, Yeni Zelandiya, Fransa, Almaniya, Türkiyə, Yunanıstan, Rumıniya, Xorvatiya, İsrail, Rusiya, Belarus, Litva, Estoniya, Qazaxıstan və Özbəkistandan olan alimlər iştirak edəcəklər.

 

Konfransda müxtəlif mövzularda məruzələr dinləniləcək, tədbir çərçivəsində informasiya texnologiyaları şirkətlərinin panel təqdimatları da olacaq.



01.01.2020 | 15:38