“Ən böyük arzum Qarabağımızı geri almaqdır” | |
İnsanların virtual aləmdən asılılığı onlar arasında emosional bağları zəiflətmiş, dostluq anlayışını dəyişmişdir. Ağıllı telefonlar ən yaxın dosta çevrilmişdir. Bu, xüsusən uşaqlarda ünsiyyət problemi yaradır, onlarda tənhalıq hissini gücləndirir.
Uşaqlarda söz demək və söz eşitməyə tələbat yaranmışdır, onları səbrlə dinləyəcək birisinə ehtiyacları vardır.
Məhz bu səbəbdən çalışdığım Bakı şəhəri, 53 nömrəli tam orta məktəbdə yeni bir layihəni həyata keçirdim. Məktəbimizdə guşə yaradıldı, poçt qutusu yerləşdirildi, bütün siniflər məlumatlandırıldı ki, şagirdlər fikir və düşüncələrini bizimlə paylaşa bilsinlər. Poçt qutumuza yönəlmiş ən maraqlı məktublar nümayiş olundu, uşaqların diqqətçəkən ifadələri “fikir guşəsi”ndə özünə yer aldı.
Uşaqların sadəcə uşaq olduqları üçün bacarmadıqları işləri reallaşdırmağa kömək etmək, problemlərini danışmağa kimisə tapmadıqları vaxtda axtardıqları “o insan” olmaq, onları daha çox nələrin narahat etdiyini araşdırmaq, beləcə, yaş psixologiyasını daha dərindən öyrənmək idi məqsədimiz. Layihəmiz uşaqlar arasında gözlədiyimizdən də artıq marağa və dəstəyə səbəb oldu.
10-13 yaş arasındakı şagirdlər öz fikir və problemlərini daha həvəslə bizimlə bölüşürdülər. Məktubların təhlilindən aldığım nəticələrlə gəlin, dünyamıza uşaqların gözü ilə bir də baxaq.
Azyaşlıları daha çox dostluq münasibətləri narahat edir, dünyanı gəzmək, bir də arzusunda olduğu oyuncağı əldə etmək istəyi.
“...Bəzi uşaqlar dost üçün ayrı-seçkilik salırlar və uşaqlar tənhalaşır. Buna bir çarə tapılmalıdır”(4-cü sinif şagirdi).
Başqa bir 10 yaşlı balamız isə, ağlayan “smaylik” şəkli çəkərək şikayətlənir: “Mənim dostumun adı Kövsərdir. O mənə deyir ki, guya mən onun dostuyam. Amma mən onun adını səhv yazanda, o, necə dostdursa, mənə qışqırır və küsür. Deyir ki, barışmaq üçün mənə nə isə verməlisən”.
Təəssüflə aşkarladım ki, 13 yaşlılar arasında artıq daha dərinləşmiş ixtilaflar mövcuddur. Sinifdə təkləndiyindən qorxu içində şikayətlənən şagirdimizin kimliyi araşdırılıb, ona yaxından kömək göstərildi. Valideyn təcavüzündən şikayətlənən 6 yaşlıya da lazımi tədbir görüldü. Bu məsələlərdə məktəbin rəhbərliyi, psixoloqu, məktəblinin dostları da yaxından dəstək oldular.
Bəzən şagirdlər ətrafdakı insanların yalan və riyakarlığının həyatlarını çətinləşdirdiyindən şikayətlənir, amma nikbin ruhlu məktublarımız da yox deyildi.
Özünü gələcəyin kinq-boks uzrə dünya çempionu kimi görən Məhəmməd Əliyevin məktubunun nümayişi digərlərinə gözəl örnək idi: “...Yarışların bir qaydası var - udmaq və uduzmaq. Məğlub olanda ruhdan düşmək olmaz. Zamanla çəkilən zəhmətin bəhrəsini görəndə - bayrağımızı yüksəklərə qaldıranda, bir daha “yaxşı ki, yorulmaq nədir bilməmişəm, hər çətinliyə dözmüşəm” deyirsən... Kim olursan ol, nəyə sahib olursan ol, heç vaxt ürəyindən mərhəməti, həyatından yaxşılıqlar etməyi əskik etmə!.. Bir-birimizə hörməti və sevgini heç vaxt unutmayaq, nəyə sahib olsaq da!”.
Bizə məktəbin ictimai həyatı ilə bağlı təkliflərlə müraciət edənlər də tapıldı. Hətta dərs cədvəlinə aid öz təklif və iradlarını bildirənlər də. Düşünürəm ki, dərs cədvəlinin tərtibində onların fikirlərini də nəzərə almaq yaxşı olardı.
Ailədaxili münasibətlərdə şikayətlərlə yanaşı, səmimi etiraflar da oldu: “İstəyirəm, anam sevinsin” və ya “Atam çox ciddi və çalışqandır. O, heç vaxt gülmür. Biz çalışırıq ki, onu güldürək” (Göründüyü kimi, böyüklər üçün adi görünən məsələ uşaqlar üçün böyük problemə çevrilə bilər). Başqa bir səmimi etiraf: “Mən futbolçu olmaq istəyirəm. Amma atam universitetə qəbul olmağımı istəyir. Atamın ürəyini qırmamaq üçün çalışıram. O, elə bilir ki, mən bacardığım qədər çalışıram. Amma əslində, mən bacardığımdan daha az çalışıram. Atam bunu bilsə, qəlbi qırılacaq”.
Boşanma faktoru ilə bağlı problemlər də məktublarda öz əksini tapdı. Belə ailələrdə uşaqların necə sarsıntı keçirdiyi, ətrafdakılar tərəfindən necə sorğu-suala tutulduğu və bundan əziyyət çəkdiyi, mənəvi cəhətdən tez böyüdükləri, ətrafdakılara bunu rəva bilmədiklərini dilə gətirdilər. Təəssüflə bildirmək istərdim ki, şagirdlərin məktublarında problem situasiyalar daha çox işıqlandı.
Nəhayət, ürəkaçan bir məktub: “Sizlərin təklifindən xoşum gəldi. Amma mənim anam mənimlə yaxşı məşğul olur. Mən hər şeyi anamla bölüşürəm. O, mənə nəyin düz, nəyin yanlış olduğunu başa salır”.
Şagirdlərimiz 20 Yanvar, Xocalı faciələrinə də toxunmuş, “kaş, bu faciələr olmayaydı” - deyə şəhidləri yad edirlər, Qarabağ probleminə münasibət bildirib, vətənin, xalqın mənafeyi uğrunda çalışmaq istədiklərini dilə gətirirlər: “Azərbaycanda yaşadığıma görə çox xoşbəxtəm. Mən öz gözəl Vətənimin bütün bölgələrində olmuşam. Ancaq Qarabağımı gəzməmişəm. Mən inanıram ki, orda da olacağam! Bizim igidlərimiz, cəsurlarımız, qəhrəmanlarımız var. Mən də öz vətənim üçün canımdan keçməyə hazıram. Ən böyük arzum - Qarabağımızı geri almaqdır!”.
Sonda onyaşlıların arzularını nəzərinizə çatdırım: “İstərdim ki, bütün dünyada sülh olsun! Hamı mehriban olsun, bir-birinə hörmət etsin və bir-birini başa düşsün. Torpaqlarımız işğaldan azad olsun, təbiətə zərər verilməsin, çoxlu ağaclar əkilsin, dünyanın çox hissəsi yaşıllıq olsun, hamı uzunömürlü, sağlam olsun, xəstələr şəfa tapsın, küçədə yaşayanların evi olsun, uşaqlar dərslərini yaxşı oxusunlar və sevdikləri ixtisasa yiyələnsinlər, pulu olmayanlar da təhsil alsınlar. Hamı şad yaşasın!”.
Bu arzuları oxuduqca, düşünürsən ki, kaş, böyüklər də dünyaya məhz uşaqların gözü ilə baxa biləydi. O zaman, dünya onların dediyi kimi daha “əlvan və maraqlı” olardı, müharibələr, qətllər olmazdı. Çünki uşaq üçün qarşısındakının dərisinin rəngi, dini, gözlərinin rəngi heç bir fərq etmir. Onlar sadəcə dost axtarır. Düşündüklərini paylaşa biləcəyi bir dost!
Bu layihənin köməyilə şagirdlərin ciddi problemləri vaxtında aşkarlanıb, məktəb tərəfindən lazımi tədbirlər görüldü, məktəbimizdə tərbiyəvi işin keyfiyyəti xeyli yüksəldi.
Vəfa SÜLEYMANOVA, Bakı şəhəri, 53 nömrəli tam orta məktəbin coğrafiya müəllimi
|
|
31.01.2020 | 18:37 | |
|
|
|