Tullantıdan incəsənətə

Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin ən böyük problemlərindən biri ətraf mühitin mühafizəsi və təhlükəli tullantılardan təmizlənməsidir. Bu halın azalmaq əvəzinə getdikcə çoxalması insanları sözügedən məsələ barədə düşünməyə məcbur edir.

 

Uzun-uzadı düşüncələrin və aparılan müzakirələrin sonunda gəlinən qənaət ondan ibarətdir ki, təbiəti qorumaq atılan tullantının miqdarını azaltmaqdan keçir. Beləliklə, plastik, rezin və bunlar kimi çoxsaylı materiallar var ki, həyatımızda yeri çox böyük olsa da, təbiət üçün təhlükəlidir. Odur ki, imtina etmək mümkün olmadığından, onlarla yaşamağı öyrənməliyik. Məhz bu məqsədlə ümumtəhsil məktəblərində bir müsabiqəyə start verilib. “Tullantıdan incəsənətə” adlanan bu müsabiqə Bakı məktəblilərini təbiət üçün səfərbər edib.

 

14 ümumtəhsil müəssisəsindən başlayan hərəkat

 

Müsabiqə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə reallaşdırılır. Ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini aşkara çıxarmaq, ətraf mühiti qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etmək məqsədilə həyata keçirilən” “Tullantıdan incəsənətə” müsabiqəsi Bakıdakı 14 tam orta məktəbi əhatə edir. Həmin təhsil müəssisələrinin arasında Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin VI-VII sinif şagirdləri də var və onlar topladıqları tullantılardan hazırladıqları əl işləri ilə qonaqlarının - “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, məktəb rəhbərliyi və təşkilatçı qurumların nümayəndələrinin qarşısına çıxıblar.

 

Plastik qapaqlardan robot insan

 

Hər biri özünə güvənir, hazırladığı işdən danışmaqdan yorulmur. Ətraf mühiti qoruya bilmək üçün nə edə biləcəklərinin fərqindədirlər. Zibil qutusunda gedib təbiətə qarışaraq - torpağa, suya, orada yaşayan canlılara ən ağır zərərlər verəcək materialları tanıyır, onlarla necə davranacaqlarını bilirlər.

 

Məsələn, Nuranə Məmmədova plastik qapaqlardan robot insan düzəldib: “Küçələrə atılan qapaqları görəndə hirslənirdim. Belə tullantılar  torpağı zəhərlədiyindən onun bizə verdiyi məhsul da zəhərli olur”.

 

Nuranə təbiətə həssas münasibəti ilə yanaşı, həm də əl işlərinə marağı ilə seçilir. İndiyədək əlinə keçən lazımsız əşyalardan özünə çoxlu oyuncaqlar düzəldib: “Oyuncaqlar, aksessuarlar düzəltməyi hələ balacalıqdan xoşlayıram. Çoxlu belə işlərim olub. Əlimə keçənlərdən özüm üçün oynaya biləcəyim müxtəlif oyuncaqlar düzəldirdim. Bu müsabiqə barədə eşidəndə sevindim. Düşündüm ki, nəhayət, kimsə mənim əl işlərimə qiymət verəcək”.

 

 

“Plastik su qabından məktəb ləvazimatı düzəltdim”

 

 

Xəyalə Hüseynzadə cürbəcür məktəb ləvazimatları düzəldib. Plastik su qabı və parçadan yeni il aksessuarı hazırlayıb: “Plastik su qabından məktəb ləvazimatı - qələm qabı kimi istifadə edə biləcəyim aksessuar düzəltdim. Yaşıdlarıma demək istəyirəm ki, arzuladıqları, ancaq ala bilmədikləri, ya da onlara lazım olan hər hansı əşyanı başqa lazımsız əşyalardan, tullantılardan düzəldə bilərlər”.

 

 

 

 

Murad Əmirov isə rəngli qələmləri yığa biləcəyi siyirməli qab düzəldib: “2 köhnə jurnal və telefon qutusundan istifadə edib qələmqabı düzəltdim. Atamla anam da bunu düzəltməkdə mənə kömək etdilər. Siyirməsinə pozan qoyuram. İndi Novruz Bayramına hazırlaşıram. Bu bayramı əks etdirəcək əl işində Kosa, tonqal və tonqalın üstündən tullanmağa hazırlaşan uşaqları təsvir edəcəyəm”.

 

 

 

 

Mina Quliyeva texnologiya fənnini çox xoşlayır. Həm tikməyi, həm də düzəltməyi sevir. Əl işləri hazırlamaq ən çox sevdiyi işdir: “İnsanlar təbiəti qorumaq barədə düşünmür, onu çirkləndirirlər. Məncə, biz insanlar tullantıları dəyərləndirməyi öyrənməliyik. İstifadəyə yararsız şeyləri atmaq əvəzinə, onlardan yeni əşyalar düzəldə bilərik. Köhnə geyimlərdən, plastik qutulardan hazırlanan aksessuarlar təzə aldığımız qədər qəşəng, ancaq aldıqlarımızdan daha qiymətli olur. Mən bu müsabiqəyə köhnə geyimdən düzəltdiyim çanta ilə qatıldım”.

 

 

“Anama ev işlərində kömək etmək üçün tozsoran düzəltdim”

 

 

 

Fatin Abdullayevin əlindəki tozsoran isə hər kəsin diqqətini cəlb edir.  Dediyinə görə, bu balaca cihaz onun da, anasının da işinə yarayır: “Anam yeməkqabımı atacaqdı. Mən isə plastik materialdan hazırlanan bu yemək qabından istifadə etməyə qərar verdim və elektriklə çalışan tozsoran düzəltdim. Cihazımı şəbəkəyə qoşan naqili də uzun qoydum. Çünki əsl tozsoranlarda da belə olur.Tozsoranımın yandırıb-söndürən düyməsi və uzun xortumu var. Bununla anama kömək eləmək istədim. Yemək yeyəndən sonra kiçik qırıntıları bununla təmizləyirəm”.

 

 

Kartondan avtobus

 

 

Elcan Şərifovun avtobusu isə turistləri gəzdirir: “Tur avtobuslardan çox xoşum gəlir. Onlara qarşı xüsusi həvəsim var. Avtobusumun üzərinə Azərbaycanın bayrağını yapışdırmışam. Avtobusu hazırlayarkən kartondan, disklərdən və plastik çöplərdən istifadə eləmişəm. Karton avtobusumun təkərləri lazımsız diskdəndir”.

 

 

 

 

Konfet qutusundan təndir, diş çöpündən odun şələsi

 

 

Taleh Xancanov qədim zamanlarda nənələrin çörək bişirdiyi  təndiri əks etdirib: “Qutuda konfetim vardı. Konfeti yedim, qabından isə nənəyə təndir düzəltdim. Diş çöplərindən nənəyə odun şələsi qoydum”.

 

Qədim nənələrin həyatından bir epizodu canlandırmaq üçün parça, karton, taxtadan istifadə edən Taleh artıq 3-cü əl işini yaradıb.

 

 

Mirəlinin saatı, Emilin dibçəyi, Lalənin silahı

 

Mirəli Qasımovun saatında isə zaman durub. Domino daşlarından düzəltdiyi saat onun ətraf mühitin dərdini anlamağa başladığı  vaxtı göstərir: “Daşlarının çoxu itmiş dominonu tullamadım. Mən ondan saat düzəltmək üçün istifadə elədim. Qutudan və köhnə saatın əqrəbindən də yararlandım. Birinci işimi bir həftə əvvəl tamamladım. Yumurta qabıqlarından gül düzəltmişdim”.  

 

 

Emil Əliyev plastik su qabından dibçək kimi istifadə etməyə qərar verib: “Gedib mağazadan ayrıca dibçək almağa ehtiyac yoxdu. Məktəblilərə demək istəyirəm ki, qarşılarına çıxan plastik qablara gül əkə bilərlər. Hazırladığım bu güldanın içərisinə nərgizgülü əkmişəm. Hər gün ona həvəslə su verirəm. Gülə sinfimizdə qulluq edirəm”.

 

 

 

 

 

Lalə Kərimova isə tarix kitabının səhifələrində gördüyü aləti də düzəldib, təxəyyülündə yaratdığı maşını da: “Düzəltdiyim bu alətdən qədim insanlar istifadə edib. Onlar bu alətlə düşmənə ağır daşlar atıb. İkinci əl işim isə gəmidir. Gəmim həm üzür, həm də uça bilir”.

 

 

 

 

“Təqdim olunan hər işdə yaradıcılıq, inkişaf var”

 

Şagirdlərinin əl işlərindən və bu işlərlə yaşıdlarına verdikləri ismarıcdan məmnun qalan müəllimləri deyir ki, onlar dostlarını da bu prosesə cəlb ediblər. Həm tullantıların toplanmasında, həm də işinin ortaya çıxmasında tay-tuşları ilə birgə işləyiblər. Bununla onlar dostlarını da gördükləri işin əhəmiyyətinə inandırıblar. 

 

189-190 nömrəli tam orta məktəbin biologiya və STEAM müəllimi Elnarə Nərimanova müsabiqənin şagirdlər arasında yaratdığı rezonansdan təəccüblənib: “Bu müsabiqə barədə VI-VII siniflərə məlumat verdim. Qısa zaman sonra heç bir istiqamət almadan uşaqlar çox maraqlı əl işləri gətirdilər. 20 əl işi nəzərdə tutsaq da, rəqabət və həvəs bu limitimizi aşdı”. Bu işdə onlar üçün əsas məsələ qalib olmaq deyil, uşaqların ətraf mühiti necə qoruyacaqlarını öyrənməsidir: “Bizim üçün əsas bu layihədə iştirak etməkdir. Qazanıb-qazanmayacağımızdan asılı olmayaraq, uşaqların bu mövzuda axtarış, araşdırma və bacarıqları ortaya çıxacaq, inkişaf edəcəklər. Hər bir iş onu göstərir ki, onlar düşünüblər, araşdırıblar. Ortaya çıxan iş estetik olmaya bilər. Ancaq hər birində yaradıcılıq, inkişaf var. Elə uşaqlarımız  var ki, gələcəkdə onun maraqlı kəşflərinin olacağına şübhə etmirəm. VI sinifdə oxuyan, ona verilən sualla bağlı ağlagəlməz təkliflər, ideyalar irəli sürən şagirdlərimiz çoxdur. Əminəm ki, çox yox, IX, XI sinfə çatanda həmin uşaqların böyük bir layihəsi olacaq. Məsələn, Fatin hər STEAM dərsinə özünün bir ideyası, işi ilə gəlir. Onunla bağlı çox böyük ümidlərimiz var”.

 

Məqsədimiz odur ki, uşaqlar plastikin xeyrini-zərərini anlasın

 

“Rəssamam. Kölgə rəssamı olsam da, tullantılardan sənət nümunəsi hazırlanması ilə maraqlanıram. Mən də, adətən, ikinci əl metallardan istifadə edirəm”.

 

189-190 nömrəli tam orta məktəbin şagirdlərinin işindən məmnun qalan rəssam Rəşad Ələkbərov hesab edir ki, uşaqlarda indidən təbiət üçün təhlükəli sayılan məmulatlarla davranmaq vərdişi formalaşsa, təbiətin insanla bir problemi qalmaz: “Məktəblilərə təkrar emal haqqında məlumat verdim. Ümumiyyətlə, sadəcə bu müsabiqə çərçivəsində deyil, “Nargis” jurnalı ilə birgə başqa layihəmiz də olub. Biz uşaqlara anlatmağa çalışırıq ki, atdıqları plastik su qabları, məsələn, suda yaşayan canlılara hansı ziyanı vurur. Biz onlara bu informasiyanı ona görə veririk ki, plastikin xeyrini və zərərini anlasınlar. Ekoproblem nədir, bilsinlər. Bu problemin qarşısını necə almağı öyrənsinlər. Təbiətə ziyan vuran şeyləri necə zərərsizləşdirmək olar? Bunun üçün nədən necə istifadə etməlidirlər? Onlar bütün bunları öyrənəndən sonra  təbiətə ziyan vuran tullantılarla mübarizə aparmaq çətin olmayacaq. Bundan sonra onlara suya qarışmaq ehtimalı olan plastikdən, torpağa qarışacaq rezindən başqa nə cür istifadə edə biləcəklərini deyir, hətta həmin tullantıları sənət nümunəsinə çevirməyi öyrədirik. Prosesə məktəbləri qoşmaq məhz bu məqsədə xidmət edir”.

 

Bu hərəkat bütün ölkə məktəblilərini əhatə edəcək

 

Təhsil Nazirliyinin sektor müdiri Qeyrət Şirəliyevin sözlərinə görə, artıq 10-a yaxın ümumtəhsil müəssisəsində məktəbdaxili seçmələr aparılıb. Hələlik, sadəcə Bakı şəhərindəki ümumtəhsil məktəblərinin qoşulduğu layihənin gələcəkdə bütün ölkə ərazisindəki məktəblərdə keçirilməsi də nəzərdə tutulur. İlk dəfə həyata keçirilən layihənin məktəbdaxili seçmələr mərhələsi mart ayına qədər davam edəcək. O vaxta qədər Bakıdakı məktəblər öz nümunələrini Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə təqdim edə biləcəklər: “2019-cu ilin noyabr ayından start verilən “Tullantılardan incəsənətə” müsabiqəsində Bakı şəhəri üzrə 14 ümumtəhsil məktəbi iştirak edir. Əsasnaməyə uyğun olaraq hər məktəb tədris ili boyunca tullantılardan müxtəlif incəsənət nümunələri hazırlayaraq ən yaxşı işi respublika mərhələsinə təqdim etməlidir. 14 ümumi iş münsiflər tərəfindən ayrıca seçiləcək. Seçilənlər arasından 3 qalib yer müəyyən edilib mükafatlandırılacaq”.

 

Beləliklə, 189-190 nömrəli məktəbin şagirdləri kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılarından istifadə etməklə hazırladıqları incəsənət nümunələrini qiymətləndirmələri üçün mütəxəssislərin ixtiyarına  verdilər.

 

Xatırladaq ki, yekunda müsabiqənin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq, qaliblər və layihə barədə ətraflı məlumat “Nargis” jurnalında işıqlandırılacaq.

 

Ruhiyyə DAŞSALAHLI



31.01.2020 | 11:39