ADU-da “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda “dəyirmi masa” keçirilib

Mayın 10-da Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə  “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda “dəyirmi masa” keçirilib.

 

Tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynov tədbir iştirakçılarını salamlayaraq bu günün Azərbaycanda və Azərbaycan diasporası, konsulluqlarının olduğu bütün ölkələrdə xüsusi qeyd edildiyini bildirib. O,  ADU-da ümummilli lider Heydər Əliyevin anadan olunmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirildiyini xatırladıb. ADU-da başlayan konfransın bölmələrinin Azərbaycana və Azərbaycan Dillər Universitetinə dost olan 10 ölkənin 14 müxtəlif universitetində təşkil olunduğunu bildirib. O, keçirilən hər bir bölmədə həmin ölkələrlə Azərbaycanın arasındakı dostluq əlaqələrinin qurulmasında ulu öndərin rolunun daha aydın və ətraflı şəkildə iştirakçılara çatdırıldığını sözlərinə əlavə edib. Prorektor bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunacağını deyərək ulu öndərin Azərbaycanı AXC-nın varisi adlandırdığını da iştirakçıların diqqətinə çatdırıb.

 

“Azərbaycan dilçiliyi” kafedrasının müdiri, professor Adil Babayev  ümummilli lider Heydər Əliyev haqqında xatirələrini iştirakçılarla bölüşüb. O, ulu öndərin Azərbaycan dövləti, milləti, gəncliyi üçün gördüyü işlərdən danışaraq onun gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etdiyini bildirib.

 

“Azərbaycanşünaslıq” ETL-in müdiri Aqşin Rüstəmov tələbəlik illərindən danışaraq Ümummilli liderin gənclərə hər zaman xüsusi dəyər verdiyini deyib.

 

“Dəyirmi masa” müzakirələrlə davam edib.

 

 



10.05.2018 | 18:49