Monitorinqin nəticələri təhlil edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

 

Paytaxtdakı 12 nömrəli tam orta məktəbdə 3 gün boyunca təşkil olunan görüşdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

 

V sinif şagirdləri arasında tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilən monitorinqin nəticələrinin təhlilinə həsr olunan görüşdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev monitorinqin nəticələri ilə bağlı geniş məlumat verib. V siniflər üzrə təlim nailiyyətlərinin qənaətbəxş olduğunu diqqətə çatdıran İdarə müdiri  müvafiq tapşırıq və tövsiyələrini verib. Bildirib ki, gələcəkdə də bu tipli monitorinqlərin davam etdirilməsi zəruridir.

 

Sonra məktəb direktorları çıxış edərək rəhbərlik etdikləri təhsil müəssisələrinin nəticələrinə dair fikirlərini bildiriblər.

 

Daha sonra görüş məruzələr əsasında müzakirələrlə davam edib.

 

Qeyd edək ki, ibtidai sinif müəllimlərinin işinin qiymətləndirilməsi, eləcə də zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması üçün davamlı tədbirlərin görülməsi məqsədilə keçirilən monitorinqə Bakı şəhəri üzrə 218 məktəbdən 28 830 şagird cəlb edilib.

 

Onu da qeyd edək ki, monitorinq 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin müəyyən etdiyi prioritet fəaliyyət istiqamətlərinə əsasən təşkil olunub.



30.01.2020 | 16:53