Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib | |
Yanvarın 30-da Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib.
İclasda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev, Təhsil naziri Ceyhun Bayramov, Qazaxıstan Respublikasının Təhsil nazirinin müavini Kanat Sarsembayev, Qırğızıstan Respublikasının Təhsil nazirinin müavini Japarkul Taşiyev, Türkiyə Respublikası Milli Təhsil Nazirliyi Təlim və Təhsil İdarəsinin rəhbəri Burhanettin Dönməz, Türkiyə Respublikası Ali Təhsil Şurasının sədr müavini Mehmet Şişman, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Özbəkistanın ölkəmizdə akkreditə olunmuş səfir və diplomatları iştirak ediblər.
Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının III iclasında 2020-ci il üzrə Elmi Şuraya sədrliyin Azərbaycan Respublikası Təhsil Nazirliyinə keçdiyini bildirən lövhə Təhsil naziri Ceyhun Bayramova təqdim edilib.
İclasda təşkilatın 2020-ci il üçün əsas elmi istiqamətləri, fəaliyyət prioritetləri və keçirilməsi planlaşdırılan türk dünyasının önəmli yubiley tədbirlərinin siyahısı, o cümlədən təhsil və elm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilərək təsdiqlənib.
İclas Beynəlxalq Türk Akademiyası tərəfindən “Abay-175” lövhəsinin Təhsil naziri Ceyhun Bayramova təqdim olunması ilə yekunlaşıb.
Qeyd edək ki, 15 oktyabr 2019-cu il tarixində Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə görüşü ilə təşkilata sədrlik Azərbaycan Respublikasına və müvafiq olaraq Beynəlxalq Türk Akademiyası Elmi Şurasının sədrliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinə keçib.
|
|
30.01.2020 | 15:36 | |
|
|
|