Naxçıvanda ədəbi proseslərin təhlili konfrans müstəvisində

AMEA-nın Naxçıvan Bölməsində “Naxçıvanda ədəbi proses-2019” mövzusunda elmi konfrans keçirilib.

 

Naxçıvan Bölməsi və Naxçıvan Yazıçılar Birliyi tərəfindən təşkil olunan tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatı ilə bağlı fikirlərini xatırladıb, Ulu öndərin ictimai-siyasi fəaliyyəti boyunca tariximizə, ədəbiyyat və mədəniyyətimizə yüksək qiymət verdiyini bildirib:”Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, ədəbiyyatda da canlanma baş verib. Ümummilli liderin imzaladığı fərman və sərəncamlar əsasında ölkəmizdə çoxsaylı tədbirlər həyata keçirilib, görkəmli şəxsiyyətlərin yubileyləri qeyd olunub, sənətkarlar yüksək dövlət mükafatları ilə təltif ediliblər”.

 

Hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının davam etdirildiyini deyən bölmə sədri Naxçıvanda tanınmış ədiblərin yubileylərinin keçirildiyini, onların əsərlərinin yenidən çap olunduğunu diqqətə çatdırıb.

 

Daha sonra AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli “Naxçıvan ədəbi mühitinin tədqiqi yeni mərhələdə”, Naxçıvan Ali Məclisinin şöbə müdiri Surə Seyid “Dövlətçilik təlimində ədəbiyyat siyasəti və müasir dövr”, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Əliyev “Naxçıvanda ədəbi proses”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “2019-cu ildə ədəbi-elmi əlaqələr”, həmin institutun direktor müavini Hüseyn Həşimli “Tənqid və ədəbi proses” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Akademik İ.Həbibbəyli Naxçıvanda ədəbi proseslərin təhlilinə həsr olunan tədbiri yüksək qiymətləndirib. Ədəbi mühitin öyrənilməsinin zəruriliyini vurğulayan alim bildirib ki, Naxçıvan Bölməsində bu istiqamətdə əhəmiyyətli işlər görülüb, müxtəlif illərdə ayrı-ayrı görkəmli şəxsiyyətlərin həyatı ilə bağlı kitablar çap olunub, dissertasiyalar yazılıb.

 

Tədbirdə muxtar respublikada yaşayıb-yaradan şair və yazıçılara hər zaman dövlət tərəfindən xüsusi diqqət göstərildiyi bildirilib. Qeyd olunub ki, naxçıvanlı şair və yazıçılarımızdan 4-ü “Şərəf” və “Şöhrət” ordeninə, 10-u “Tərəqqi” medalına, 14-ü ölkə Prezidentinin fərdi təqaüdünə və Prezident mükafatına layiq görülüb.

 



30.01.2020 | 19:29