“Mən qızlara, gənc qadınlara səslənirəm: “Yüksəliş”də iştirak edin”

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə liderlik bacarığı ilə seçilən dövlət qulluqçularına dəvət ünvanlayıb:



“Yüksəliş” müsabiqəsi Azərbaycanda idarəetmə sahəsində potensial rəhbərlərin seçilməsində bir ilkə imza atır. Bu imkandan yararlanmaq, yüksəlmək indi hər kəsin öz əlindədir. Məhz “hər kəs” deyirik. Çünki “Yüksəliş” müsabiqəsi dövlət qulluğunda işləyənlərdən özəl müəssisələrdə çalışanlara qədər, hətta ali təhsil müəssisələrində elmi tədqiqat işi aparanlardan hər hansı müəssisədə layihə rəhbəri olan şəxslərədək hər kəsə yüksəlmək üçün şans verir. Mən xüsusilə bizim qızlara, gənc qadınlara müraciət edirəm. “Yüksəliş”də iştirak edin.



Eyni zamanda, dövlət qulluğu üzrə imtahanlarda müvəffəqiyyət qazanaraq sertifikat əldə etmiş vətəndaşlara da demək istəyirəm ki, bu müsabiqə həm də sizin üçündür. Dövlət qulluğu üzrə imtahanlarda qazandığınız təcrübə “Yüksəliş” müsabiqəsində də sizə faydalı ola bilər. Bununla yanaşı, hazırda dövlət qulluğunda çalışanlar və öz potensialları ilə qarşılarına daha böyük hədəf qoyanlar da müsabiqəyə qoşula bilərlər. Bir sözlə, “Yüksəliş” daha geniş təbəqəni əhatə etməyi və onlar üçün ədalətli, şəffaf mübarizə mühiti yaratmağı qarşısına məqsəd qoyub”.



M. Abbaszadə “Yüksəliş”i karyeranın qurulması yolunda unikal bir imkan adlandırıb və hər kəsə səslənərək  “bu imkanı buraxmayın, istifadə edin!”-deyib.  Onun sözlərinə görə,  müsabiqənin hər mərhələsi karyeranın inkişafi üçün yeni imkanlar yaradacaq.  Yəni, “Yüksəliş”  ilkin seçim mərhələlərindən uğurla keçən iştirakçılara peşəkarlarla görüş, finalçılara şəxsi inkişaf planlarını əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıracaq.
 



28.01.2020 | 11:10