Fransa səfiri Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Fransanın  Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

 

Görüşdə BANM –in müvafiq şöbələrinin əməkdaşları, səfirliyin universitetlər arasında əməkdaşlıq və təqaüdlər üzrə attaşesi xanım Klemens Felipo iştirak edib.

 

Qonaqlar Ali Məktəbin kampusu və burada yaradılan şəraitlə tanış olublar.

 

BANM haqqında geniş məlumat verən rektor Elmar Qasımov Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələrinin gündən-günə inkişaf etdiyini bilidirib. Həmçinin qeyd edib ki, 2013-cü ildə BANM Fransa Neft İnstitutu (IFP) ilə Anlaşma Memorandumu imzalayıb ki, bu, Fransa və  Azərbaycan arasında inkişaf edən münasibətlərin göstəricisidir. Rektor  “Total” şirkəti də daxil olmaqla, bir sıra fransız şirkətləri ilə sıx əməkdaşlıqdan da bəhs edib.

 

Səfir Zakari Qros region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssislər hazırlayan ali təhsil ocağının öz ölkəsinin ali təhsil müəssisələri ilə əməkdaşlığından məmnunluğunu ifadə edib. O, hər iki ölkə arasında təhsil əlaqələrinin genişləndirilməsinin vacibliyinə toxunub. Z.Qros bildirib ki, yüksək keyfiyyətli təhsil və əcnəbi tələbələrin Fransa universitetlərində təhsil alması nəinki səfirliyin, həmçinin ölkəsinin də prioritet məsələlərindəndir. O, IFP ilə BANM arasında qurulmuş əməkdaşlığı da yüksək qiymətləndirib.

 

Görüşdə, həmçinin gələcək əməkdaşlıq, tələbələrin və professor-müəllim heyətinin mübadiləsi, fransız dilinin tədrisi,  elmi-tədqiqatlar sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.



27.01.2020 | 17:32