“Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr”

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində “Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr” ə həsr edilən seminar-müşavirə keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev müşavirənin məqsədinin ali məktəbin  xarici dillər fakültəsində tədris edilən dərslərə diqqətin artırılması, bu istiqamətdə mövcud çətinliklərin aradan qaldırılmasından ibarət olduğunu qeyd edib.  Bu sahədə olan çatışmazlıqların elə bu ixtisas üzrə müəllimlərin dilindən eşitməklə həll olunacağını deyən rektor universitetdə bu istiqamətdə mövcud imkanları dəyərləndirib.

 

Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov ali təhsil ocağının hər bir fakültəsində ingilis dilinin tədrisi vəziyyətinə toxunub. Müəllimlərin rəy və təklifləri dəyərləndirildikdən sonra rektor qarşıya qoyulan tələbləri müəyyənləşdirib. Diqqətə çatdırılıb ki, tələbələrin nəzəri biliklərlə yanaşı,  təcrübi dərslərinə də diqqət artırılmalı, universitetdə linqafon kabinələri işlək hala gətirilməli, yaradılan tədris proqramları sırf qrammatikaya yox, danışıq üslubuna istiqamətləndirilməli, təqdim edilən sillabus və proqramlarda xarici dil müvafiq ixtisaslara və tələbələrin dil səviyyələrinə uyğun tədris edilməlidir.

 

Rektor bildirib ki, bununla yanaşı,   məqsəd müəllimlərin dil və tədris bacarıqlarının, əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqini təkmilləşdirmək, müəllimlərin ingilis dilində danışıq səriştəsini artırmaq, beynəlxalq təcrübənin yerli arenada tətbiqi sahəsində müəllimlərin peşəkar inkişafı üçün səmərəli platforma yaratmaqdan ibarətdir.

 



26.01.2020 | 15:00